Nazir: 15 yaşlı şagirdlərimizin biliyi xaricdəki yaşıdları ilə müqayisə edilə bilər
“Yüksək səviyyədə nəticə göstərən şagirdlərin sayında artım var".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələrinin təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, PISA nəticələrində 5-ci və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin göstəricisi də xüsusi əhəmiyyət daşıyır:
"Bu səviyyələrdə nəticə göstərən 15 yaşlı şagirdlər digər ölkələrdəki ən yüksək nəticə göstərən yaşıdları ilə müqayisə edilə biləcək bilik və bacarıqlara malikdirlər. Riyaziyyat üzrə yüksək səviyyədə nəticə göstərən şagirdlərin payında əvvəlki illərlə müqayisədə artım müşahidə olunur. 2018-ci illə müqayisə etsək, təxminən 4 dəfəyə yaxın artım var. Bu, mənə elə gəlir ki, hiss olunacaq göstəricidir".
Nazir qeyd edib ki, yüksək nəticə göstərən şagirdlər gələcəkdə analitik düşünmə qabiliyyətinə malik mütəxəssislərin formalaşması baxımından mühüm potensial təşkil edir:
" Bu rəqəmlər kifayət qədər yaxşı göstərici ola bilər. 81 ölkə və region arasında Azərbaycanın nəticəsi 63-cü, Bakı şəhərinin nəticəsi isə 47-ci yerdə qərarlaşıb. Bakı üzrə təbiət elmlərində də müəyyən müsbət dinamika müşahidə olunur. Bununla yanaşı, bu istiqamətdə nəticələrin daha dərindən təhlil edilməsinə ehtiyac var”.




