5–6 yaşlı uşaqların 85 faizdən çoxu məktəbəhazırlıq təhsilinə cəlb olunur

15 Dekabr, 2025 - 21:45
5–6 yaşlı uşaqların 85 faizdən çoxu məktəbəhazırlıq təhsilinə cəlb olunur

“Hazırkı mərhələdə iki əsas məsələ önəmlidir: birincisi, əlçatanlıq, yəni mümkün qədər daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunması, ikincisi isə keyfiyyət. Çünki məktəbəqədər təhsil müəssisəsi yalnız uşağı saxlamaq üçün nəzərdə tutulmuş bir yer deyil, bu, bir təhsil müəssisəsidir və deməli, orada təhsil prosesi baş verməlidir”.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev REAL TV-nin "Vacib Sual" verilişində səsləndirib. 

O bildirib ki, bu sahə üzrə bir neçə təşəbbüsün reallaşması artıq mühüm rol oynayıb:

“Digər tərəfdən, məktəbəhazırlıq siniflərini xüsusi qeyd edə bilərəm. Artıq 5–6 yaşlı uşaqların 80 faizindən, özəl sektor da nəzərə alınsa, bəlkə də 85 faizdən çoxu ən azı bir il məktəbəhazırlıq təhsilinə cəlb olunur. Heç olmasa, bir il məktəbəhazırlığa getmək olduqca vacibdir. Biz artıq cəmiyyət, nazirlik və dövlət olaraq, bütün tərəflərin iştirakı ilə bu problemin 85 faizindən çox hissəsini həll etmişik”.