Nazir: Ali təhsildə məzmun islahatı ixtisas təsnifatından daha vacibdir

22 İyun, 2026 - 20:39
Nazir: Ali təhsildə məzmun islahatı ixtisas təsnifatından daha vacibdir

"Yeni bacarıqlara ehtiyac yaranır, bundan əvvəl vacib hesab edilən bəzi bacarıqlar isə sürətlə əhəmiyyətini itirir. Bununla belə, fundamental bacarıqlar - oxu bacarıqları, riyazi bacarıqlar və yaxud elm sahəsində fundamental biliklər heç vaxt əhəmiyyətini itirməyəcək".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Xəzər TV", Trend və APA informasiya agentliklərinə müsahibəsində deyib.

Nazir qeyd edib ki, ali təhsildə məzmun islahatı ixtisas təsnifatının dəyişdirilməsindən daha vacibdir:

"Çünki marketinq baxımından ixtisaslara yeni adlar verə bilərik, amma həmin ixtisasların arxasında nə dayandığı sualı daha ciddi məsələdir. Yaxşı fikirlərlə həmin fikirlərin uğurlu icrası arasında böyük fərq var. Məsələn, süni intellekt sahəsində yaxşı mühəndislər hazırlamaq ideyası yaxşı fikirdir. Amma bunu tədris edə biləcək professor-müəllim heyətinin formalaşdırılması məsələsində ehtiyatlı olmaq lazımdır".

Onun sözlərinə görə, təhsildə kəmiyyət problemi həll edilib:

"Problem artıq daha çox keyfiyyət məsələsidir. Keyfiyyət isə əsasən tədris heyətindən və ali təhsildə tədris aparan şəxslərin sənayeyə, iqtisadiyyata və müxtəlif istehsal proseslərinə nə qədər yaxın olmasından, bu sahələrdən nə dərəcədə xəbərdar olmasından asılıdır".