Nazir: Məktəblərdə hibrid modellərdən daha geniş istifadə olunacaq
"Təhsilin keyfiyyətini, həm də maliyyə səmərəliliyini təmin etmək üçün kiçik məktəblərin daha böyük məktəblərlə inteqrasiyası və şagirdlərin həmin məktəblərə daşınması yolu ilə hazırda rasionallaşdırma prosesi həyata keçirilir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Xəzər TV", Trend və APA informasiya agentliklərinə müsahibəsində deyib.
Nazir bildirib ki, bu yolla Azərbaycan təhsil büdcəsində əhəmiyyətli vəsaitə qənaət olunur: "Həmin vəsait müəllimlərin əməkhaqlarının artırılmasına, ümumilikdə isə təhsildə yeni islahat və innovasiyaların tətbiqinə yönəldilir".
Emin Əmrullayevin sözlərinə görə, kiçik məktəblərdə təhsil alan şagirdlərin daha böyük məktəblərə keçməsi onların həm sosial mühitinin, həm də təhsil keyfiyyətinin yaxşılaşmasına xidmət edir: "Daha böyük məktəbdə şagirdin daha zəngin sosial mühitdə olması və daha keyfiyyətli tədrislə əhatə olunması nəzərdə tutulur. Bu prosesdə kifayət qədər narahatlıq doğuran məqamlar var. Birincisi, şagirdi bir məntəqədən digərinə daşımaq asan deyil. Lakin bu iki məqsədə nail olduqda əldə etdiyimiz faydanın, prosesin yaratdığı mənfi nəticələrdən dəfələrlə çox olduğunu düşündüyümüz üçün islahatın həyata keçirilməsini olduqca vacib hesab edirik".
Nazir qeyd edib ki, bu il bir neçə bölgədə bu tip məktəblərdə distant təhsilin təşkili sınaqdan keçirilib və ilkin nəticələr müsbətdir: "Daha keyfiyyətli müəllimin distant üsulla kənddə yaşayan uşağa dərs keçməsi müsbət nəticələr verir.
İnanırıq ki, növbəti illərdə bu alətdən daha geniş istifadə edəcəyik və bu halda şagirdlərin daşınmasına ehtiyac qalmayacaq".
Emin Əmrullayevin fikrincə, bununla belə azsaylı siniflərin bəzi fənlər üzrə yenə də daha böyük məktəblərə cəlb edilməsində fayda var: "Bu, xüsusilə tam orta təhsil səviyyəsində özünü göstərə bilər. Çünki təhsil sistemində yalnız müəllim, şagird və ya tədrisin keyfiyyəti deyil, sosial faktorlar və şagirdlərarası ünsiyyət də mühüm rol oynayır. Hibrid modellərdən gələcəkdə daha geniş istifadə olunacaq".




