Nazir müavini: Yaradıcı və analitik düşüncə gənclərin əsas prioritet bacarığıdır

2 Fevral, 2026 - 11:03
Nazir müavini: Yaradıcı və analitik düşüncə gənclərin əsas prioritet bacarığıdır

“Bu gün gənclərin hansı keyfiyyətlərə malik olması xüsusi əhəmiyyət daşıyır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən Azərbaycan Gənclərinin XI Forumunun açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
 
Nazir müavini qeyd edib ki, Dünya İqtisadi Forumu hər 5 ildən bir ən vacib bacarıqların siyahısını təqdim edir və həmin siyahıda analitik təfəkkür və yaradıcılıq birinci yerdə qərarlaşıb. Onun sözlərinə görə, 10–15 il əvvəl bu bacarıq siyahıda təxminən 10-cu yerdə olub, sonradan 5-ci yerə yüksəlib və hazırda əsas prioritet kimi göstərilir.

F.Qurbanov vurğulayıb ki, yalnız yaradıcı insanlar ölkənin gələcək inkişafını təmin edə bilərlər. Təsadüfi deyil ki, 2030-cu ilə qədər ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı müəyyən edilmiş beş əsas prioritet istiqamətdən biri rəqabətli insan kapitalının formalaşdırılması və innovativ məkanın yaradılması üzrədir. Məhz yaradıcı mühitin formalaşdırılması ölkənin gələcək uğurlu inkişafına zəmin yarada bilər.

F.Qurbanov çıxışında beynəlxalq təcrübəyə də toxunaraq qeyd edib ki, XX əsrdə Amerika Birləşmiş Ştatlarında həmin dövrün ən böyük nailiyyətinin nələr sayıldığı soruşulduqda gözlənilən cavab kosmosa uçuş və ya kompüterin icadı olsa da, fərqli cavab verilib. Bildirilib ki, ölkənin əsas uğuru innovasiya sisteminin yaradılması, ideyanın qısa müddətdə məhsula çevrilməsi imkanlarının təmin edilməsidir. Onun sözlərinə görə, bu yanaşma ölkənin sürətli inkişafına şərait yaradıb.

Nazir müavini qeyd edib ki, bu gün Azərbaycan gənclərinin qarşısında duran əsas vəzifələrdən biri də məhz innovativ düşüncənin və yaradıcı yanaşmanın formalaşdırılmasıdır. O bildirib ki, ölkə rəhbərliyi gənclərə böyük ümid bəsləyir və Prezident İlham Əliyev çıxışlarında Azərbaycan gənclərinin qələbələrin əldə olunmasında mühüm rol oynadığını xüsusi vurğulayır.

F.Qurbanov əlavə edib ki, müasir texnologiyalar və süni intellektlə təchiz olunmuş ordu ilə yanaşı, Azərbaycan gənclərinin qəhrəmanlığı və şücaəti ölkənin Vətən müharibəsində qələbə qazanmasına imkan yaradıb. Bundan sonra da gənclərin üzərinə ölkənin müstəqilliyinin və inkişafının möhkəmləndirilməsi kimi mühüm vəzifələr düşür.