Nazir: Savadlı gənclərin elmə və tədqiqatlara cəlbində çətinliklər var
"Özbəkistanda da fəlsəfə doktoru (PhD) dərəcəsi üzrə doktorantura təhsili ilə bağlı Azərbaycandakı problemlərə oxşar çətinliklər var".
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan–Özbəkistan İkinci Rektorlar Forumunda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Azərbaycan hazırda doktorantura təhsili sahəsində müəyyən dəyişikliklər edir: “SABAH doktorantura proqramları bu ildən başlayıb. Bunlar yeni nəsil proqramlardır. Biz sovet dövründən miras qalmış aspirantura modelindən daha müasir həllərin tətbiq olunduğu, kredit əsaslı doktorantura proqramına keçmək istəyirik. Düşünürəm ki, bu sahədə də doktorantura proqramları üzərində birlikdə işləmək faydalı olar”.
E.Əmrullayev əlavə edib ki, həm Azərbaycanda, həm də Özbəkistanda uzunmüddətli perspektiv üçün gələcək nəsil akademik heyətin, professorların, doktorantların və müəllimlərin hazırlanması ciddi problemdir: “Ən azı Azərbaycan kontekstində müşahidə etdiyimiz odur ki, gənc nəslin savadlı və istedadlı nümayəndələrinin elmə və tədqiqatlara cəlb olunmasında çətinliklər var. Bu məsələnin müzakirə edilməsini faydalı hesab edirəm”.




