Nazir: Təqaüdlər dünya səviyyəsində elmi təşəbbüslər formalaşdıracaq
“Yusif Məmmədəliyevin adına müxtəlif tədqiqat qrantlarının, təqaüdlərin və gənc alimləri dəstəkləyən digər alətlərin hazırlanması həmin irsin davamlı şəkildə yaşadılmasına mühüm töhfə olacaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində Akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş beynəlxalq konfransda elm və təhsil naziri Emin Əmrullayev səsləndirib.
Emin Əmrullayev bildirib ki, bu gün keçirilən tədbir həmin alətlərin müzakirəsi üçün bir başlanğıc rolunu oynayacaq:
“İl ərzində bu məsələləri daha geniş şəkildə dəyərləndirmək imkanı olacaq. Gələcək dövrlərdə həm Azərbaycandan, həm də xarici ölkələrdən olan gənc alimlər üçün təqaüdlərin və müxtəlif “fellowship” proqramlarının təsis edilməsi Yusif Məmmədəliyev adının yeni nəslə daha düzgün formada çatdırılmasına, eləcə də dünya səviyyəsində istiqamətverici elmi təşəbbüslərin formalaşmasına şərait yaradacaq”.



