Nazirdən məcburi köçkün məktəbləri ilə bağlı AÇIQLAMA
“Məcburi köçkün məktəbləri rasionallaşdırılır”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Xəzər TV", Trend və APA informasiya agentliklərinə müsahibəsində deyib:
“Burada bir neçə məqsəd var. İşin görünən tərəfi ondan ibarətdir ki, hazırda 25 ümumtəhsil müəssisəsi və 13 məktəbəqədər təhsil müəssisəsi işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayıb. Təxminən 4500 civarında şagird təhsil alır. Növbəti tədris ilində bunun sürətlə artacağını gözləyirik. Çünki bu illər ərzində daha çox infrastruktur layihələri ilə məşğul idik, yəqin ki, yaxın illərdə bu say daha da artacaq”.
Nazir qeyd edib ki, ikinci məsələ sistemin rasionalizasiyasıdır:
“Ölkədə eyni adda, məsələn, iki Ağdam 1 nömrəli məktəbi ola bilməz. Məcburi köçkün məktəblərinin fəaliyyəti bu mənada onların öz yerlərinə qayıtmasından sonra dayandırılır, həmin məktəblərin heyəti isə rasional şəkildə yenidən təşkil olunur.
Üçüncü məsələ köç etmiş insanların arasından müəllimlərin seçilməsi, belə imkan olmadıqda isə qəbul prosesinin aparılması və ümumilikdə orada işin düzgün və rasional qurulmasıdır.
Yaxşı xəbər odur ki, işğaldan azad edilmiş ərazilərdə yüksək infrastrukturla təmin olunmuş məktəblər tikilir və çalışılır ki, tədris sıfırdan başladığı üçün proses fərqli və daha müasir formatda həyata keçirilsin. Müəllimlərimizin keyfiyyəti yaxşıdır, motivasiyası yüksəkdir. İnanıram ki, həmin ərazilərdə fəaliyyət göstərəcək məktəblər ölkənin ən yaxşı məktəbləri sırasında olacaq”.




