NDU-da inklüziv təhsil alan tələbələr üçün xüsusi cəmiyyət yaradılacaq

18 May, 2026 - 10:02
NDU-da inklüziv təhsil alan tələbələr üçün xüsusi cəmiyyət yaradılacaq

Naxçıvan Dövlət Universitetində inklüziv təhsilin inkişafı istiqamətində mühüm addımlar atılır. 

Bu barədə “Azərbaycan müəllimi”nə açıqlamasında universitetin İnklüziv Təhsil Mərkəzinin mütəxəssisi Lətifə Quliyeva məlumat verib. 

O bildirib ki, rektorun tapşırığı ilə artıq universitetdə olan bütün binaların giriş və çıxışlarında əlilliyi olan şəxslərin rahat hərəkətini təmin etmək məqsədilə panduslar yaradılıb:

“Hazırda universitetdə inklüziv təhsilə cəlb olunan 33 tələbə təhsil alır ki, onlardan 16-sı qız, 17-si isə oğlandır. İnklüziv Təhsil Mərkəzi tərəfindən həmin tələbələrlə koordinasiya işləri aparılır, onların universitet mühitinə uyğunlaşması və təhsil prosesində fəal iştirakı üçün müxtəlif tədbirlər həyata keçirilir”.

Lətifə Quliyeva vurğulayıb ki, sentyabr ayından mərkəzin fəaliyyəti daha da genişləndiriləcək, yeni layihələr və təşəbbüslər icra olunacaq: “2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəllərində daha geniş çərçivəli tədbirin keçirilməsi də planlaşdırılır. Mərkəzin gələcək fəaliyyət istiqamətləri sırasında inklüziv tələbələrin elmi fəaliyyətə cəlb olunması da yer alır. Belə ki, universitetdə inklüziv təhsilə cəlb olunan tələbələr üçün ayrıca Tələbə Elmi Cəmiyyətinin yaradılması nəzərdə tutulur”.

Mütəxəssis qeyd edib ki, yaxın zamanda İnklüziv Təhsil Mərkəzinin rəsmi veb-saytı da yaradılacaq: "Bununla yanaşı, universitetdə əlilliyi müəyyən edilmiş 31 əməkdaş var ki, burada onların sosial inklüzivliyinin təmin olunması istiqamətində işlər davam etdiriləcək".