NDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunan konsert keçirilib
Naxçıvan Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan konsert keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub, Dövlət Himni səsləndirilib.
İncəsənət fakültəsinin Musiqi təlimi kafedrasının təşkil etdiyi tədbirdə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov, Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov, müəllim və tələbələr iştirak ediblər.
Konsert proqramında universitetin müəllim və tələbələri həmçinin NDU nəzdində İngilis dili Təmayüllü Gimnaziyanın şagirdlərinin ifasında seçilən musiqi nümunələri səsləndirilib. Nailə Mirməmmədlinin “Bu gözəl vətən bizimdir”, Faiq Sücəddinovun “Vətən balladası”, Üzeyir Hacıbəylinin “Cəngi”, Ələkbər Tağıyevin “Azərbaycan oğluyam”, Aygün Səmədzadənin “Azərbaycan” və “Dahi”, Əlibaba Məmmədovun “Xudayar təsnifi”, Vahid Axundovun “O Naxçıvandır” və digər əsərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirdə çıxış edən sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Nicat Yaqubov vurğulayıb ki, 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması mühüm tarixi məqamların bir araya gəlməsi ilə bağlıdır. 1995-ci il Konstitusiyasının qəbulunun 30 illiyi eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün təmin edildiyi və milli suverenliyin tam bərpa olunduğu İkinci Qarabağ müharibəsində qələbənin 5 illiyi bu ili xüsusi edir. Bu çərçivədə NDU-da müxtəlif istiqamətlər üzrə silsilə tədbirlər keçirilir. Prorektor konsert proqramının da həmin tədbirlərin bir hissəsi olduğunu bildirib və xüsusilə musiqi ixtisaslarının I kurs tələbələrinin səhnə təcrübəsi qazanmasını əhəmiyyətli addım kimi dəyərləndirib. Nicat Yaqubov konsertdə iştirak edən bütün kollektivə təşəkkürünü çatdıraraq bu istiqamətdə işlərin ardıcıl şəkildə davam etməsini arzulayıb.
Sonda xatirə fotosu çəkilib.
Qeyd edək ki, konsertin bədii rəhbəri “Musiqi təlimi” kafedrasının müdiri Sevinc Musayevadır.



