"Nə qədər həvəslə çalışsanız, nəticə o qədər yüksək olacaq" - Qaliblər uğurlarından danışırlar

3 Aprel, 2026 - 12:12
"Nə qədər həvəslə çalışsanız, nəticə o qədər yüksək olacaq"

Ümummilli lider Heydər Əliyevin zəngin irsini öyrənmək və gənc nəslə çatdırmaq məqsədilə IX-XI sinif şagirdləri arasında keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsinin hədəfi həm də natiqlik, araşdırma və təqdimat bacarıqlarını inkişaf etdirməkdir. Sadalanan keyfiyyətlərə sahib olaraq ötən il keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsində seçilməyi bacaran məktəbliləri oxucularımıza təqdim edirik.

 "Dövlətimizə və xalqımıza faydalı olmaq, öz sahəmdə peşəkar kimi çalışmaq arzusundayam" 

Bakı şəhəri 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində böyüyən Aysu Namazova Ə. Mahmudov adına 220 saylı məktəb-liseyin XI sinif şagirdidir. 


Nümunəvi məktəbli ötən il keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində II yerə layiq görülüb. Bildirir ki, bu müsabiqəyə marağı onda Azərbaycan dili və ədəbiyyat müəllimi Xanım Qasımova oyadıb: "O, daim mənə inanıb və hazırlıq prosesində dəstəyini əsirgəməyib.
Müsabiqəyə hazırlaşarkən ümummilli lider Heydər Əliyevin həyatını, dövlətimiz və xalqımız üçün gördüyü işləri araşdırdım. Onun quruculuq fəaliyyəti, gənclər siyasəti və azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi istiqamətində atdığı addımlar bu gün müstəqil Azərbaycanın inkişafında xüsusi rol oynayır".

Müsabiqəyə hazırlıq zamanı Aysu maraqlı faktlar əldə etmək üçün məktəbin kitabxanasından və internet resurslarından istifadə edib.

“Ən yaxşı təqdimat” müsabiqəsi mənim üçün yeni uğurlar qazanmağa stimul oldu və inanıram ki, bu stimul məni daha böyük nailiyyətlərə aparacaq. Yaxın gələcəkdə ali məktəbə qəbul olmaq istəyirəm. Gələcəkdə Heydər Əliyev kimi dövlətimizə və xalqımıza faydalı olmaq, öz sahəmdə peşəkar kimi çalışmaq arzusundayam. Hədəflərimə çatmaq üçün daim öz üzərimdə çalışıram. Savadlı jurnalist olmaq, Azərbaycanı dünyada daha geniş tanıtmaq istəyirəm. Bu yolda təhsilin rolu çox böyükdür".

Aysu vurğulayır ki, “Ən yaxşı təqdimat” müsabiqəsi onun üçün xüsusi bir ilk olub: "Birinci turda həyəcan keçirsəm də, məqsədli hazırlaşmağım və çalışqanlığım mənə özümə daha çox inanmaq imkanı verdi.
Qalib olduğumu eşitdiyim an böyük sevinc və qürur hissi yaşadım. Həmin an anladım ki, bu uğur mənə yeni məqsədlər üçün motivasiya verir və gələcəkdə də müxtəlif müsabiqələrdə iştirak edib təcrübəmi artıracağam".

Əldə etdiyi digər uğurlar haqqında danışan Aysu deyir: "2019-cu ildə Türkiyənin İzmir şəhərində keçirilən “23 Nisan “Ulusal Egemenlik ve Çocuk Bayramı”nda rəqs nominasiyası üzrə çıxış etmişəm. Həmin ilin avqust ayında Rusiyanın Moskva şəhərində keçirilən tədbirdə iştirak etmişəm. Bəxtiyar Vahabzadəyə həsr olunmuş “Türk dünyasının Bəxtiyarı” adlı şeir müsabiqəsində, Yeni Azərbaycan Partiyasının keçirdiyi inşa müsabiqələrində diplomla təltif olunmuşam. Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi intellektual yarışda I yerə layiq görülmüşəm. Bu yolda mənə dəstək olanlara sonsuz təşəkkür edirəm".

Qalib məktəbli bu il müsabiqədə iştirak edəcək bütün şagirdlərə uğurlar arzulayır. Onlara özlərinə inanmağı, səbirli olmağı və həvəslə çalışmağı, daim yeni biliklər əldə etməyi tövsiyə edir. Uğurla kifayətlənməyib daha böyük məqsədlərə doğru irəliləmələrini arzulayır.

 "Ulu Öndərin həyatını uğurla təqdim edə bildiyimə görə özümlə qürur duyurdum"

Ayan Əliyeva Bakı şəhəri Xəzər rayonunda yerləşən İftixar Tağıyev adına 26 nömrəli tam orta məktəbində XI sinifdə təhsil alır. Keçən il Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsində 3-cü yerə layiq görülüb. Qeyd edir ki, müsabiqədə uğur qazanmağında Azərbaycan dili və ədəbiyyat müəllimləri Şəlalə Şıxəliyeva və Kamil Səbzalıyev ona dəstək olublar.

"Bu müsabiqəyə müəllimimin tövsiyəsi ilə qatıldım. Azərbaycan tarixinə olan marağım, eləcə də Ulu öndər  haqqında daha çox öyrənmək istəyimlə bağlı olaraq yaranan həvəs məni qalibiyyətə apardı. Əlbəttə, hazırlaşma prosesi sadə deyildi. Sözləri, faktları ustalıqla seçmək, plagiarizmə yol verməmək üçün diqqətli olmaq lazım olduğundan səhifələrlə yazı yazmalı idim. Lakin bu heç yorucu deyildi", - məktəbli bildirir.

Ayan Əliyeva müsabiqəyə hazırlaşarkən "Azərbaycan tarixi" dərsliklərindən, həmçinin məktəb kitabxanasındakı tarix enskilopediyaları, Ulu öndər haqqında olan müxtəlif kitablar, kütləvi informasiya vasitələrindən istifadə etdiyini dilə gətirərək əlavə edir:
""Ən yaxşı təqdimat"  müsabiqəsində iştirak etmək mənim üçün olduqca maraqlı idi. Hər mərhələni keçdikcə həvəslənirdim və özümə olan inamım artırdı. Həmçinin ölkənin müxtəlif yerlərindən olan şagirdlərlə tanış olmaq, rəqabət aparmaq da çox şey öyrənməyimizə səbəb olurdu. Qalib olmaq, sözsüz ki, sevindirici idi. Həm məktəbimin, müəllimlərimin mənə olan inamını doğrultduğuma görə sevinir, həm də Ulu Öndərin həyatını və fəaliyyətini bu qədər dərindən öyrənib, uğurla təqdim edə bildiyimə görə özümlə qürur duyurdum". 

Ayan gələcəkdə təhsilini ən yüksək səviyyədə - beynəlxalq hüquq sahəsində alıb diplomat olmaq istəyir: "Ümid edirəm ki, əsl azərbaycanlı kimi dünyanın hər yerində Vətənimi uğurla təmsil edə bilərəm. Əslində, bu il yenidən özüm də müsabiqədə iştirak edəcəyəm. Mənimlə yanaşı iştirak edəcək şagirdlərə isə yüksək hədəflər qoymağı, özünəinamlı, səbirli və diqqətli olmağı tövsiyə edərdim. Hər kəsə uğurlar arzulayıram. Əmin olun ki, nə qədər həvəslə çalışsanız, nəticə də bir o qədər yüksək olacaq".