Bütün xəbərlər
2 fevral, 09:00

Ulu Öndərin gənclərə ən böyük hədiyyəsi

Hər il 2 fevral ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Həmin gün sanki Azərbaycan gənclərinin  ən müxtəlif sahələrdəki uğurlarının hesabatı, növbət il üçün qarşıda duran hədəflərin müəyyənləşdirilməsinin başlanğıcı olur. Bu gün ölkə gəncliyinə dövlət qayğısının bariz göstəricisi olmaqla yanaşı, həm də onların ölkənin ictimai, mədəni, iqtisadi və siyasi həyatında rolunun artırılması üçün mühüm bir platforma yaradır.

Bu əlamətdar tarixi gün gənclərimizə hər zaman böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət tərəfindən əsası qoyulan dövlət  gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına xüsusi təkan verib.1997-ci il fevralın 1-də məhz Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan gənclərinin ilk forumunun ildönümü münasibətilə bir qrup gənci qəbul edərək onlarla ünsiyyətdə olub, problemlərini dinləyib, gəncliyin inkişafı üçün prioritet istiqamətləri müəyyən edib. Elə həmin il Ulu Öndərin imzaladığı müvafiq sərəncama əsasən, 2 fevral Azərbaycanda  Gənclər Günü elan olunub.  

Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. MDB  məkanında və Şərqi Avropa ölkələri arasında məhz Azərbaycanda Gənclər Gününün  dövlət səviyyəsində qeyd olunması ilə bir ilk yaşandı. Hər zaman ilklərə imza atan Azərbaycan gənclərə olan diqqəti, etimadı ilə bir çox ölkələrə nümunə oldu. Və ölkəmizdə Gənclər Günü təsis edildikdən sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edildi.

“XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü  gənclərin üzərinə düşür. İnanıram ki, zəngin və dərin mənəviyyata sahib, vətənpərvər gəncliyi olan xalqımızın daha böyük, daha parlaq gələcəyi var. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmaq, onu qüdrətli etmək üçün siz, yüksək amallı Azərbaycan gəncləri daim hazır olmalısınız”.  

Heydər Əliyev gənclərimizi  gələcək inkişafımızın möhkəmlənməsində və dövlət quruculuğunda fəal iştirakçı kimi görürdü. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan əbədiyaşar lider bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi. Bütün bunlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi.

Ulu Öndər Heydər Əliyev gənclərin təhsilinə, onların  yüksək biliyə malik bacarıqlı kadrlar kimi yetişməsinə xüsusi önəm  verirdi. Məhz  Ümummilli Liderimiz gənclərimizin dünya miqyasında rəqabətədavamlı kadrlar kimi yetişməsini təmin etmək üçün xaricdə təhsil təşəbbüsünü irəli sürdü. Azərbaycan gəncləri SSRİ dönəmindən başlayaraq Heydər Əliyevin təşəbbüsü ilə Moskva və digər şəhərlərin ən sayılıb-seçilən universitetlərində təhsil almağa başladılar və bu siyasət müstəqillik dövründə də davam etdirildi. Gənclərimiz artıq dünyanın inkişaf etmiş ölkələrinin ən nüfuzlu ali məktəblərində oxumağa başladılar.  

Ümummilli Liderimiz üçün Vətənin müdafiəsi  və gənclərin vətənpərvərlik ruhunda tərbiyə məsələləri hər zaman ön planda olub. Hələ sovet dönəmində Heydər Əliyevin böyük qətiyyəti sayəsində yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Lisey yüzlərlə Azərbaycan gəncinin hərbi peşəyə, hərbi ixtisasa yiyələnməsində mühüm rol oynadı.

Dövlət rəhbərinin uzaqgörənliklə yaratdığı adıçəkilən məktəbin məzunları  müasir Azərbaycanın ordu quruculuğuna əvəzsiz töhfələrini verdilər.

Ulu Öndər gənclərlə bağlı məsələləri hər zaman öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, onların imkan və bacarıqlarını yüksək dəyərləndirərək problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə diqqət ayırırdı. Və  bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Dahi şəxsiyyət hər zaman vurğulayırdı: “Müəllimlər bütün qüvvə və bacarıqlarını doğma Vətənə sədaqətli, hərtərəfli inkişaf etmiş, müstəqilliyimizi göz bəbəyi kimi qorumağa hazır olan gənc nəslin yetişdirilməsinə sərf etməlidirlər”.

Ulu Öndər tərəfindən təsdiq olunan qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib. Onun uzaqgörənliyi, gəncliyə və gənclərə etimadı bu gün artıq öz  uğurlu təsdiqini tapmaqdadır.

Müasir Azərbaycan gəncliyinin inkişaf mərhələsi...  

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır və Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edən dövlət başçısının gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində gördüyü işlər, bununla bağlı reallaşdırılan layihələr, həmçinin  gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bir daha buna bariz nümunədir. Qəbul olunan çoxsaylı proqramlar gənclərin təhsilinə, məşğulluğuna, sosial rifahına, innovasiya və startap fəaliyyətlərinə dəstək verir.

Ölkəmizdə gənclərin yüksək səviyyədə təhsil almaları üçün geniş imkanlar yaradılıb. Gənclərin intellektual potensialını artırmağa yönələn xaricdə təhsil, həmçinin  elmi və texniki sahələrdə təşviq edilən proqramlar, tələbə mübadilə layihələri bu gün uğurlu nəticələrini göstərməkdədir.  

Dövlət başçısının “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” neçə-neçə gəncin xaricdə təhsil almaq arzusunu gerçəkləşdirir.  

Azərbaycan Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətinə nəzər saldıqda xüsusilə gənclərlə bağlı genişmiqyaslı tədbirlərin diqqətdə saxlanıldığını görürük.  2007-ci ilin ölkədə “Gənclər ili” elan olunması da Azərbaycan gənclərinin təhsil, elm, dövlət idarəçiliyi, iqtisadiyyat  və digər sahələrdə fəaliyyətlərinin qiymətləndirilməsi, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması məqsədi daşıyırdı.

Prezident İlham Əliyev tərəfindən təsdiq olunan Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları, 2011-ci ildə Gənclər Fondunun yaradılması, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi gənclərimizə olan diqqət və qayğının təzahürüdür.  

Onu da qeyd edək ki, Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi önəm verilir. Bu gün  respublikamız həm də dünyanın qabaqcıl idman ölkəsi kimi tanınır. Azərbaycanda çox sayda Olimpiya İdman komplekslərinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurla çıxış edərək vətənə medallarla dönmələri buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların  dövlət səviyyəsində layiqincə qiymətləndirilməsi isə onlara növbəti uğurlarını qazanmaları üçün stimul olur.  

Ölkə başçısı tərəfindən təsdiq olunan “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda gənclərlə bağlı bütün məsələlər geniş əhatə olunub.

Adıçəkilən bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Hər zaman Azərbaycan gəncliyinin yanında olan Prezident İlham Əliyev 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi haqqında  təsdiq etdiyi Sərəncamı ilə gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu bir daha göstərdi. Bu tədbirlərin davamı kimi, 2022-ci ilin dekabrında Bakıda Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan könüllülərinin V həmrəylik forumu keçirildi. Forumda 2022-ci ildə dövlətimizin başçısının könüllülüyün təşviqi ilə bağlı müvafiq tapşırıqlarına uyğun olaraq reallaşdırılan 500-ə yaxın layihədə on minlərlə gəncin iştirak etməsi qeyd olundu. Və bu layihələr ölkəmizin 65 şəhər və rayonunu əhatə edib. Ölkə başçısının tövsiyəsi ilə 2022-ci il həm də “Qayıdış Könüllüləri” Proqramına  start verilməsi ilə yadda qalıb. Artıq Şuşa və Ağdam könüllüləri qrupları formalaşıb və “Zəngilan Könüllüləri” qrupu yaradılıb.  

2012-ci ildən başlayaraq hər il ölkənin bir rayon və ya şəhəri elektron səsvermə nəticəsində Azərbaycanın Gənclər paytaxtı elan edilir. Gənclər paytaxtının elan olunması yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi ilə həyata keçirilir.

Bu gün sosial həyatın bütün sferalarında  gənclərin əksəriyyət təşkil etməsinin şahidiyik ki, bu da  Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Ölkə gənclərinin hərtərəfli inkişafına dəstək olmaq, onların uğurlu karyera qurmalarına geniş imkan və şərait  yaratmaq  məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, 2019-cu ildə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq göstərən gənclərimiz  

Onu da xüsusi qeyd edək ki, ölkəmizin gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində öz həlledici rolunu oynadı. Və bu gün qürur hissi ilə qeyd olunduğu kimi müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. 2022-ci ilin fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Prezident İlham Əliyev çıxışında Azərbaycan gəncliyinin qəhrəmanlığını xüsusi qeyd edib: “Azərbaycanda 29 yaşına qədər insanlar gənclər sayılır. Əgər belə demək mümkündürsə, bu gün ən yaşlı gəncin mən Prezident vəzifəsinə birinci dəfə seçiləndə 11 yaşı var idi. Yəni, bu, reallıqdır. Mən çalışmışam ki, fəaliyyətim dövründə gənclərin tərbiyə olunması ilə bağlı daha çox işlər görək. Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar.

...Bu gün bizim qəhrəman gənclərimiz - dövlət tərəfindən yüksək orden, medallarla təltif edilmiş gənclərimiz gənc yaşlarında uşaqlar üçün nümunə olublar, 18, 20, 25, 30, 35 yaşında nümunə olublar. Onlar bu məsuliyyəti dərk edirlər və həyatda özlərini elə aparmalıdırlar ki, bu yüksək məsuliyyət daim onların üzərində olsun, uşaqlar, yeniyetmələr onlara baxıb, onlar kimi olmaq istəsinlər. Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gəncinin üzərinə indi bax, bu məsuliyyət düşür və əminəm ki, gənclər bunu dərk edir və öz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olacaqlar”.

Forumda dövlət başçısı həmçinin bildirib ki, Vətən müharibəsi dövründə gənclərimiz sosial şəbəkələrdə də  çox fəal olublar  və bütövlükdə müharibə zamanı gedən informasiya müharibəsində də biz qalib gəldik. Həm ənənəvi informasiyar esurslarından istifadə edərək, eyni zamanda, sosial şəbəkələrdən istifadə edərək. Bütün bunlar bir daha bizim gənclərimizin Vətənə, torpağa qarşı necə böyük sevgisinin olduğunu göstərdi: “Onu da bildirməliyəm ki, təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da bu işlərə qoşuldular - könüllü olaraq, öz təşəbbüsləri ilə. Heç kim onlara, necə deyərlər, nə göstəriş vermişdi, nə təlimat vermişdi, onlar özləri bu informasiya meydançasında bir əsgərə çevrildilər və Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar”.  

Bəli, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq, şücaət göstərən igidlərimiz Azərbaycan məktəbinin yetirmələri, Azərbaycan gəncləridir. Və Vətən müharibəsi dövründə gənclərimizin vətənpərvərlik ruhu, döyüş meydanındakı qəhrəmanlıqları, arxa cəbhədəki fəallığı onların dövlətimiz üçün nə qədər dəyərli olduğunu bir daha sübut etdi. Müzəffər Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların şücaəti, döyüşkənlik ruhu bizlərə  Şanlı Zəfər qazandırdı, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.

Azərbaycanda Gənclər Günü yalnız bir bayram deyil, həm də...  

Bu gün Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin mərkəzində dayanır.  

Bugünkü Azərbaycan gəncləri qalib xalqın nümayəndələridir. Azərbaycan gəncləri bu gün dünyada öz intellekti, peşəkarlığı və qəhrəmanlığı ilə tanınır. Onlar təkcə 44 günlük müharibədə deyil, həyatın hər sahəsində qalib ruhu ilə irəliləyirlər.

Azərbaycanda Gənclər Günü yalnız bir bayram deyil, həm də gəncliyə verilən dəyərin simvoludur. Bu gün, hər bir gənc üçün həm özünü inkişaf etdirmək, həm də dövlətimizin inkişafına töhfə vermək üçün yeni bir ilham mənbəyidir.

Ümidvarıq ki, gənclərimiz Azərbaycanın parlaq gələcəyinin qurulmasında hər zaman öncül olacaqlar.  

Bayramınız mübarək, Azərbaycan gəncləri!

Şərhlər

Xəbər lenti

14 mart, 09:56

Qazaxıstanlı tələbələr ADNSU-da təcrübə keçiblər

14 mart, 09:48

Tələbələr dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

13 mart, 11:38

ADNSU tələbələri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

13 mart, 11:31

“Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.