21 noyabr 2024

Bütün xəbərlər
test
11 oktyabr, 12:20
669

Artıq bir neçə ildir ümumtəhsil məktəblərinin ixtisaslı müəllim kadrlarına olan tələbatının ödənilməsi Elm və Təhsil Nazirliyi tərəfindən Müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsi ilə həyata keçirilir. Bir çox gənc müəllim peşə vəzifələrini Azərbaycanın ən ucqar kəndlərində yerinə yetirirlər. Ucqar kənd məktəblərində dərs deyən müəllimlər çətin şəraitə baxmadan öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışırlar. 

“Azərbaycan müəllimi”nın növbəti qəhrəmanları da belə gənclər müəllimlərdir.

Ən böyük arzum odur ki, Ağdərə kəndinin yolları düzəlsin, mən son nəfəsimə kimi o məktəbə getməyə hazıram

Lalə Mənsur qızı İskəndərzadə 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. 2000-2011-ci illərdə Sumqayıt şəhər 9 nömrəli  tam orta məktəbdə təhsil alıb. Məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olub,  2015-ci ildə bakalavr pilləsini müvəffəqiyyətlə başa vurub. 2019-cu ildə SDU-nun magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2019-cu ildə ailə həyatı qurub, 2020-ci ildə isə tam olaraq orta məktəbdə işləmək qərarına gəlib. 

Həmin illəri Lalə müəllimə belə xatırlayır: 

“Pandemiya olmasına baxmayaraq, mən 2020-ci ildə MİQ yolu ilə Xızı rayonunun Ağdərə kənd ümumi orta məktəbinə fizika müəllimi qəbul olundum. Koronavirus pandemiyası və 44 günlük Vətən müharibəsi ərəfələri idi. İmtahan prosesi ənənəvi formada olsa da, müsahibəni onlayn verdik. Müharibədə çox sayda şəhidlər verməyimiz, pandemiyanın qarşımızda qoyduğu bir çox qadağalar yaddaşımda silinməz izlər qoydu. Bütün bunlara baxmayaraq, müsahibə mərhələsindən uğurla keçdim. Ağdərə kənd ümumi orta məktəbinə işə qəbul olan digər müəllimlərlə işə ilk getdiyimiz gün yol bizi çox yordu. Əslində biz, gənc müəllimlər, işə qəbul olunduğumuz üçün olduqca xoşbəxt idik. Yolları gördükdə isə məyusluq yaşadıq. Lakin müəllim kollektivi və şagirdlərimizlə tanış olduqdan, orada çox gözəl qarşılandıqdan sonra yolun yorğunluğunu, çətinliyini unutmuş olduq. Kəndin yolları o qədər acınacaqlı vəziyyətdədir ki, qış aylarında maşın palçığa bataraq yolda qalır və heç bir kömək bizə çatmır. Bütün bu çətinliklərə, kənddə mobil telefonların işləməməsinə baxmayaraq mən artıq həmin məktəbdə 5 ilə yaxındır ki, işləyirəm və sevərək işimin dalınca gedirəm. Yaxşı müəllim olmaq, potensialımı şagirdlərimə ötürmək üçün hələ də işimi davam etdirirəm və gələcəkdə də davam etdirəcəyəm”.

Yazımızın qəhrəmanı işlədiyi Ağdərə kənd ümumi orta məktəbi haqqında da məlumat verərək qeyd edir ki, təhsil müəssisəsi 1929-cu ildə tikilərək istifadəyə verilib. Uzun illər məktəb baxımsız qalsa da, yenicə təmirdən çıxıb və avadanlıqlarla təmin olunub. Məktəbdə şagird sayı ilbəil dəyişir. 200 nəfərə yaxın əhalisi olan Ağdərə kənd məktəbində cari tədris ilində cəmi 20 nəfərə yaxın şagird təhsil alır. Ucqar və şəraitsiz kənddə müəllim işləmək qərarına ailəsinin necə yanaşdığını soruşduqda Lalə müəllim cavab verir: “Ailəm seçimimə çox yaxşı yanaşdı. Təbii ki, yola görə hər kəs narahat idi və indi də narahatdır. Hazırda yeganə çətinliyimiz yolla bağlıdır və çox istərdim ki, bu problem tezliklə həllini tapsın. 

Məktəbin çox gözəl müəllim kollektivi var. İlk gündən yeni gələn müəllimləri mehribanlıqla qarşıladılar. Hər dərsə getdiyimiz gün uşaqların üzündə gördüyüm sevinc hissi məni daha da həvəsləndirir. Mən azyaşlı körpəm olduğu üçün Ağdərə kəndində qalmıram, dərsim olan günləri gedib-qayıdıram. Kənddə mobil şəbəkə yaxşı tutmadığı üçün məktəbdə qarşılaşdığımız çətinlikləri özümüz həll edirik”. 

Müsahibimiz onu da əlavə edir ki, məktəb qışda odun sobalarla isidilsə də, siniflər soyuq olmur. “Məktəbdə davamiyyət normaldır, hər kəs vaxtlı-vaxtında dərsdə olur. Dərslərimi həvəslə keçirəm. Fizikanı yaxşı mənimsəmələri üçün müxtəlif təcrübələr aparıram, sınaqlar işlədirəm, sual-cavablar edirəm, əlavə dərs materiallarından istifadə edirəm. Məktəbdə internet olmadığı üçün kompüter və proyektorlardan istifadə edə bilmirik. Ən böyük arzum odur ki, Ağdərə kəndinin yolları düzəlsin, mən son nəfəsimə kimi o məktəbə getməyə hazıram. Gənc müəllimlərə peşələrini sevərək müəllimlik etmələrini tövsiyə edirəm, o zaman bütün uğurlar onların olacaq. Müəllimlik çətinliklə qazanılan çox məsuliyyətli və şərəfli bir peşədir. Hər bir müəllimə bu adı və statusu layiqincə yerinə yetirməyi diləyirəm” fikirləri ilə fədakar Lalə müəllimə həmkarlarına səslənir.

 

“Ucqar kənddə uşaqları irəli aparmaq, həyatlarına işıq saçmaq müəllim üçün ən böyük uğurdur”


Xızı rayonunun Ağdərə kənd ümumi orta məktəbində fəaliyyət göstərən digər gənc müəllim Samir İlyas oğlu Xəlillidir. O, Zərdab rayonunun Çallı kəndində anadan olub və 2001-2012-ci illərdə M.V.Lomonosov adına Çallı kənd tam orta məktəbində oxuyub. 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialına qəbul olan qəhrəmanımız 2016-ci ildə həmin ali məktəbdə “Tarix və coğrafiya müəllimi” ixtisasına yiyələnib. 

Uşaq vaxtlarından ucqar yerlərdə müəllim kimi çalışmaq arzusu olduğunu dilə gətirən Samir müəllim deyir: “Xüsusilə tələbəlik illərində bu həvəs məndə daha da çoxaldı. 2023-cü ildə Müəllimlərin işə qəbulu imtahanında iştirak etdim və elə birinci müsahibədən uğurla keçərək, Xızı rayonunun Ağdərə kənd ümumi orta məktəbinə təyinat aldım. Müsahibə mərhələsində mənə sual verildi ki, nədən ucqar kənd məktəbində işləmək istəyirəm. Mən də uşaqlıqdan kənddə böyüdüyümü, bu səbəbdən də belə ucqar kənd seçib orada yaşayan uşaqları sabaha hazırlamaq istədiyimi, bu yolda əlimdən gələn dəstəyin göstərilməsində maraqlı olduğumu bildirdim”. 

Samir müəllim subay olsa da, valideynləri eşidib biləndə ki, müəllimlik edəcəyi məktəb belə ucqar və çətin yerdədir, işləməyinə razı olmayıblar. Lakin o qətiyyətlə Ağdərə kənd ümumi orta məktəbində işləməyə qərar verib. “Etiraf edim ki, ilk günlər çox böyük çətinliklərlə üzləşdim. Kəndə getmək üçün maşın tapa bilmirdim. Yağışlı, qarlı havada maşınlar gedib həmin kəndə çıxa bilmirdi. Fəaliyyətimin ilk dövründə, 2023-cü ildə mənim üçün çox çətin oldu. Mən hazırda Bakı şəhərində yaşayıram və dərsim olan günlər Ağdərə kənd məktəbinə gedib-gəlirəm. Xüsusilə qış aylarında gedib-gəlməyimlə bağlı problemlərim olur. Ancaq yenə də bütün çətinliklərin öhdəsindən gəlməyi bacarırıq. Xüsusilə şagirdlərimi, uşaqları gördükcə bütün şəraitsizliyə baxmayaraq həvəslə onlara doğma yurdumuzun və dünya ölkələrinin tarixini öyrədirəm. Şagirdlərimi qruplara bölməklə, sual-cavab aparmaqla, dərsə, öyrənməyə həvəsləndirən müxtəlif üsullardan, oyunlardan, yarışlardan istifadə etməklə dərslərimi keçirəm. Dərsdən sonra uşaqlarla bir saat voleybol, futbol, şahmat oynayırıq. Əvvəllər uşaqlar şahmat oynamağı bilmirdilər. Öyrətdikdən sonra artıq bütün gedişləri çox gözəl mənimsəyiblər və yaxşı oynayırlar. Şagirdlərimlə həddindən artıq səmimi, dost münasibətlərimiz var. Düşünürəm ki, müəllimlərini çox sevirlər, dərslərdə olduqca fəaldırlar. Hava durumundan, yol problemindən asılı olmayaraq məktəbdə davamiyyət çox yaxşıdır.  Şagird sayı az olduğuna görə uşaqlarla fərdi işləməyə daha çox vaxt ayıra bilirik”, - Samir müəllim bildirir. 

Həmsöhbətimiz əsas sıxıntılarının Ağdərə kəndində işıqların tez-tez sönməsi, şəbəkə tutmadığı üçün mobil telefona zəng gəlib-getməməsi, kəndə qaz çəkilmədiyi səbəbindən məktəbdə odun sobaları yandırılaraq siniflərin isidilməsindən ibarət olduğunu qeyd edir. Peşəsinin fədakarı olan gənc əlavə edir: “Məktəbdə müəllim kollektivi bir neçə nəfərdən ibarətdir. Müəllimlərlə də çox gözəl münasibətim var. Dərslərarası fasilələrdə məktəbin pedaqoji kollektivi ilə bir araya gəlir, fikir mübadiləsi aparır, təcrübələrimizi paylaşırıq. Təhsil müəssisəsinə ilk gəldiyim gündən həmkarlarımdan dəstək gördüm, onlarla dostlaşdım. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Cavan müəllimlərə məsləhət görərdim ki, müqəddəs peşəyə başlayarkən ucqar yerləri seçsinlər. Onlar burada inkişaf edəcək, püxtələşəcəklər. Ucqar kənddə uşaqları irəli aparmaq, həyatlarına işıq saçmaq müəllim üçün ən böyük uğurdur”.

Xəbər lenti

21 noyabr, 12:43
4

Məktəblərin xarici qiymətləndirilməsi necə aparılır? – Avropa ölkələrinin təcrübəsi

21 noyabr, 12:37
4

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodistlik fəaliyyətləri davam edir

21 noyabr, 12:12
7

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

21 noyabr, 11:03
13

İqlim Elm Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

21 noyabr, 11:03
42

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb

21 noyabr, 10:51
33

Emin Əmrullayev: “60 manatı 80 və ya 90 manat etsək, elmimiz 20-30 faiz irəli getməyəcək”

21 noyabr, 10:09
13

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

21 noyabr, 09:42
32

Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib

21 noyabr, 09:22
25

Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm

21 noyabr, 09:08
10

Azərbaycanda “Silicon Vadisi” bazası əsasında yeni İT Akademiyası fəaliyyətə başlayır

21 noyabr, 09:04
13

ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib

20 noyabr, 23:24
20

Nazir: 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır, rasionallaşmaya getməliyik

20 noyabr, 23:10
19

Dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təhsil xərcləri artırılır

20 noyabr, 22:57
15

35 ölkədən 100 nəfər "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülüb

20 noyabr, 22:48
23

Gələn il daha çox tələbə təhsil krediti ala biləcək

20 noyabr, 22:36
20

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti üçün 10 milyon manat ayrılacaq

20 noyabr, 22:26
30

Qarabağ Universitetinə tələbə qəbulu artırılacaq

20 noyabr, 22:18
22

Nazir: Hər il 500 nəfərədək gəncin xaricdə ali təhsil alması təmin olunacaq

20 noyabr, 22:01
25

Gələn tədris ilindən SABAH proqramının əhatə dairəsi genişləndiriləcək

20 noyabr, 21:49
38

Növbəti ildə “Məktəblinin dostu” layihəsinə 7 milyon manat ayrılacaq

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.