Üç şəhər dəyişən Xocalı məktəbindən REPORTAJ
Bu yaxınlarda işğaldan azad edilmiş ərazilərə ezam olunmuşduq. Orada bir neçə məktəbdə tədris prosesini izlədik, müəllim və şagirdlərlə görüşdük, silsilə xəbərlər hazırladıq. Ezamiyyətin ilk günü Cəbrayıl və Zəngilanda olduq. İkinci gün isə Şuşa, Xankəndi və Xocalı məktəblərinə getməli idik. Şuşa, Xankəndi, Xocalı...
Xocalı deyəndə ürəyim niyə belə titrəyirdi? Axı ilk dəfə idi o torpağa ayaq basırdım. Digər bütün ərazilərdə mediaturlarda olmuşdum, amma Xocalı mənim beynimdə hələ də sirrini qoruyurdu.
Şuşadakı 1 nömrəli tam orta məktəbdə işimizi bitirib, oradan ayrılmaq üzrə idik. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov tədris prosesini izləyib, şagirdlərlə söhbət etdikdən sonra pedaqoji heyətlə sağollaşdı. Mən və fotoqrafımız da səfərlə bağlı xəbər hazırlamaq üçün onları izləyirdik. Olduğumuz bütün məktəblərdə görüşlərdən qeydlər aparırdım.
- Yorulmadınız ki? – Nazir müavini mənə baxaraq soruşdu.
- Xeyr, işimizdir – dedim.
Necə yorula bilərdim? Qarabağa Böyük Qayıdış bizi Şuşaya gətirib, oradan isə Xocalıya aparacaqdı. O Xocalıya ki, illər boyu adını eşidəndə helikopter pərlərinin səsi, külək, “Qaldır üzünü, uşaqları aparın, insafsızlar...” ifadələri qulaqlarımda səslənirdi. Xocalı deyəndə Çingiz Mustafayevin çəkilişindən olan bu səslər beynimdə canlanırdı.
Torpaq yol, yenicə inşası başlayan binalar…
Fotoqrafımız sürücüdən maşını Xocalı məktəbinə çatmamış saxlamasını xahiş etdi. Məktəbin geniş planda bir fotosunu çəkmək üçün düşdük. Məktəbin ətrafı abad olsa da, Xocalı sanki yorğun görünürdü. Bəlkə də işğal dövründə şahidi olduğu vəhşiliklər onu belə göstərirdi.
- Salam, xoş gəlmisiniz!
Bizi gülümsəyərək qarşılayan Xocalı məktəbinin direktoru Nəvai Həsənov idi. O, məktəb haqqında məlumat verərək bildirdi ki, bura iki korpusdan ibarətdir və burada fəaliyyət göstərən kollektivin böyük hissəsi Əsgəranda məskunlaşıb: "Məktəbimiz 132 şagird yerlikdir. Xocalıya köçürülmüş 44 ailədən olan uşaqlar burada təhsil alır. Köçürülən ailələrin sayı artdıqca, şagirdlərin də sayı artacaq".
İçəri keçərkən sol tərəfdə qapısı açıq olan sinif otağında şagirdlərin və müəllimin səsi gəlirdi. Diqqətimizi çəkən sinfə doğru yönəldik. Musiqi dərsi keçilirdi, mövzu Azərbaycan xalq musiqiləri idi. Digər siniflərdə də dərs davam edirdi. Məktəb koridorunda 30 ildən çox təcrübəsi olan Xocalı sakini, müəllim Nazilə Məmişova ilə söhbətləşdik. O, 1988-ci ildən bu məktəbdə çalışdığını və Xocalı hadisələrinin canlı şahidi olduğunu söylədi:
“30 yaşım olanda Xocalı hadisələrinin şahidi oldum. İndi 62 yaşım var və 62 yaşımda ata yurduma qayıtmışam. Bu torpaqlarda olmaq məni yenidən güclü hiss etdirir. Daha məğrur yeriyir, daha qürurlu danışıram” (gözləri dolur). "Bu gün çox sevincliyəm. Gözlərimi dolduran kədər deyil, yaşadığım hisslərin dərinliyi və aliliyidir”.
Nazilə müəllim ilk müəllimlik fəaliyyətinə elə Xocalı məktəbində başlayıb. Köçkünlük başlayandan sonra Naftalan və Goranboyda işləyib.
"İndi məktəbimiz, şagirdlərimiz və müəllimlərimiz üçün də köçkünlük başa çatıb. Sentyabrın 8-dən etibarən öz doğma Xocalımızdayıq. Mən və ailəm yenidən öz evimizdə məskunlaşmışıq. 32 il sonra ata yurduma və xatirələrimlə dolu evimə geri dönmək sadəcə arzum idi. Evimiz əvvəl olduğu yerdə bərpa edilib. Çox qarışıq hisslərdir. Ailəmdən 3 nəfər şəhid olub. Şəhid olan müəllim və şagirdlərimiz də var idi. İndi isə bu hisslər və ordumuzun yaşatdığı qürurla Xocalıdayıq”, - deyə o, sözlərini yekunlaşdırdı.
Nazilə müəllimin sözləri Xocalı insanlarının nə qədər möhkəm iradəyə sahib olduğunu göstərirdi. İşğaldan sonra dirçələn bu şəhərin təhsili, şagirdləri və müəllimləri ilə birlikdə ayağa qalxması Azərbaycanın dözüm və dirçəliş simvoludur.
Xocalı məktəbindən ayrılarkən şagirdlərin gülüşləri, müəllimlərin gözlərindəki ümid və qürur dolu baxışlar yaddaşımdan silinmirdi. 32 illik həsrətdən sonra torpaqlarına qayıdan insanlar həm köklü yaraların ağrısını, həm də bu qayıdışın yaratdığı qüruru yaşayırdılar. Bu qayıdış təkcə coğrafi deyil, mənəvi bir qayıdış idi – Xocalıya, öz evlərinə və doğma məktəblərinə…
Yetər Kərimli
Foto: Kənan Qafarov
1 /9
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)