21 noyabr 2024

Bütün xəbərlər
test
1 noyabr, 11:40
234

Mingəçevir şəhər Texniki Humanitar Liseyi 1348 şagirdi, 57 sinfi və 3 məktəbəqədər hazırlıq qrupu ilə şəhərin ən böyük məktəblərindən biridir. İki növbədə dərs keçilən bu təhsil ocağı, həm də uğurlu məktəblərdən biridir.

“Azərbaycan müəllimi” ilə söhbətində liseyin direktoru Nailə Məmmədova təhsil ocağı və onun şagirdlərinin uğurlarından danışır: “Reytinq cədvəlinə görə həm 4, 6-cı siniflərin monitorinq imtahanlarında, həm də 9- 11-ci siniflərin buraxılış nəticələrinə görə Mərkəzi Aran üzrə ən yüksək nəticələr məhz bizim məktəbə məxsusdur. Eyni zamanda, olimpiada qaliblərinin sayına görə də məktəb retintingə başçılıq edir. Respublika fənn olimpiadalarında (RFO) da regionumuz üzrə ən yüksək nəticə məhz bizim məktəbin şagirdlərinə məxsusdur. Şagirdlərimizdən 2 nəfər informatika, 2 nəfər isə biologiya fənni üzrə olimpiada qalibidir. Fənn müsabiqələrinin respublika turunda Mərkəzi Aran üzrə ən çox qalibi olan bizim məktəbdir. 5 nəfər riyaziyyat, informatika, təbiət və fizika fənləri üzrə respublika fənn müsabiqəsinin qalibləridir. 

Texniki Humanitar Liseyin şagirdlərinin ali məktəbə qəbul nətiləri 90 faizdən yuxarıdır; 6 şagird 600-dən yuxarı bal toplayıb, fərqlənmə ilə məktəbi bitirənlər isə 20 nəfərdir. 8 nəfər 9-cu sinfi  fərqlənmə ilə bitirib.

SAF-YOLU

“2020-ci ildə mən Türkiyədə STEAM təlimində olmuşam. Ölkə üzrə 8 nəfər direktor bu təlimlərdə edib. 2021-ci ildə ilk dəfə regiondan və şəhərdən STEAM festivalına qatılmışıq və həmin ildən 2-ci yerin qalibi olmuşuq”,- deyə Nailə müəllim əlavə edir.

“Skyriders” komandasının uğur hekayəsi

“Azərbaycan müəllimi” olaraq, Nailə müəllimin mentorluq etdiyi “Skyriders” komandasının üzvləri Məhəmməd Məmmədzadə, Nurlan Əliyev və  Əhməd Qədirovla görüşdük. Onlar “Yaşıl SAF 2024” yarışında “Fly-Tex” kateqoriyasını seçdiklərinin səbəbini belə izah etdilər:

“Biz gələcəyin əsgərləyik. 44 günlük Vətən müharibəsində gördük ki, müasir texnologiyalar müharibələrdə qalib gəlir. Bu müharibədə diqqətimizi xüsusilə PUA-lar (pilotsuz uçuş aparatları) cəlb etmişdi. Ona görə qərara gəldik ki, öz dronumuzu yaradaq. Bu səbəbdən “Skyriders” kateqoriyanı seçdik. “Skyriders” adını seçməyimizin səbəbi isə atın Azərbaycanın güc və etibar rəmzi olmasıdır. Biz “Skyriders” olaraq  səma atları kimi daim yüksəklikdəyik. Biz ağ atlı oğlanlar isə bu dronu yerdən idarə etməyə nail olduq.”

“Dronumuzda 4 ayaq, 4 motor, 4 pər, 1 pult, 1 batareya və 1 beyindən istifadə etmişik. Üzərində “Qırat və Dürat”ın təsvirləri, dövlət bayrağımız və komandamızın loqosu var idi. Komanda olaraq bizi bir yerə Nailə müəllim  topladı. Əhməd informatikadan olimpiadaya hazırlaşırdı, kodlaşdırmada daha aktiv idi. Məmməd isə kiçik yaşlarından texnologiyaya maraq göstərir, müəyyən oyunlar hazırlayırdı. Ona görə Nailə müəllim deyirdi ki, Məmməd dronda pilot kimi uğurlu olacaq. Dronun pilotu kimi Məmmədi seçdik və o, bizi yanıltmadı. Nurlan isə bacarıqlı əl qabiliyyəti olduğu üçün onun dizaynerliyinə üstünlük verdik”.
İlk dəfə qatılmalarına baxmayaraq, komanda “Design Awards” nominasiyası üzrə ən yaxşı dizayn kubokuna layiq görülüb. İndi komanda növbəti ildə yenidən yarışa qatılacaqlarını bildirir və artıq hazırlıqlara başlayıblar.

“Burada təcrübə də öz sözünü deyir. Şagirdlərimiz ilk dəfə qatılmalarına baxmayaraq, SAF-da müəyyən bacarıqlarını nümayiş etdirməyi bacarıblar”,- deyə Nailə müəllim vurğulayır.

Robotexnikada məşhurlaşan komanda
 
Leyla Camalova məktəbin təcrübəli müəllimidir. Onun komandasındakı gənclər isə 3 ildir ki, fərqli kubok və medallarla ölkə birinciliyini heç kəsə vermirlər. Azərbaycan çempionatının fevral ayında “Born to Win” komandası “VEX Robotics” turnirində I yerə layiq görülüb. Komandanın mentoru Leyla müəllim, iştirakçıları isə Ayxan Quliyev, Yusif Hüseynzadə və Banu Məmmədzadədir.

Məktəbin üç ildir ki, SAF yarışlarında ard-arda qalibiyyət qazanan komandasının üzvləri ilə söhbətimizi davam etdiririk. Bu komandanın mentoru Leyla Camalovadır. 2022-ci ildən bu komandaya rəhbərlik edir, 2023-cü ildən Banu da komandaya qoşulub.
 

Komandanın üzvlərindən Ayxan Quliyev deyir: “2022-ci ildə Leyla müəllim  bizə belə bir yarış haqqında məlumat verəndə, bu qədər qalibiyyət qazanacağımızı düşünməsək də, Yusiflə qoşulmaq istədiyimizi bildirdik. Leyla müəllim bizimlə hazırlıqlara başladı və elə ilk ildən SAF 2022-də qalibiyyət qazandıq. Bu bizi daha da motivasiya etdi və bu istiqamətdə hazırlıqlarımıza davam edərək növbəti illərdə də uğur qazanacağımıza inandıq”.

“Üçümüz komanda olaraq bir çox uğurlar qazandıq. Əsas qalibiyyətləri Banu gələndən sonra aldıq, çünki Banu robotumuzun həm mühəndisi idi, həm də bizə çox maraqlı fikirlər verirdi. Daha sonra 2023-cü ilin dekabr ayında SAF festivalına qatıldıq. Orada robotumuzun ölçüsündə problem yarandı. Qalib ola bilməsək də, “Ən yaxşı dizayn” nominasiyasını qazandıq. Təbii ki, bununla kifayətlənmədik. Yarışdan dönən kimi robotumuzu kiçildib Azərbaycan turunda 1-ci yerə çıxdıq. Proqramlaşdırmanı mən edirdim. Robotun mühəndisi və kapitanı Banudur. Robotun idarə edilməsi isə Yusifdədir. O, həm dizaynda, həm də kodlaşdırmada bizə kömək edirdi”.

“Ölkə birinciliyindən sonra yeni yarış tərtib olundu, xəritə dəyişdi və biz “Yaşıl SAF 2024”ə qatıldıq. Robotumuz hamıdan fərqlənirdi və çox yaxşı robot yığmışdıq. Bu, asan olmadı; gecələr bəzən SAF STEAM mərkəzində gec saatlara qədər robotun üzərində işləyirdik. Leyla müəllim bizi tək qoymur, hər zaman dəstəkləyirdi. Biz yenə özümüzə güvənərək, ümidlə festivala qatıldıq. Birinci günü birinciliklə başa vurduq, lakin ikinci gün şans bizimlə olmasa da, festivalda yenə yer qazandıq və 2-ci yerin qalibi olduq.”

“Ayxan, bəs robotunuz haradadır? Onu görmək istəyirik” deyə soruşduqda, uşaqlar gülüşdü: “Biz robotumuzu gizlədirik. Çünki Azərbaycan turuna hazırlaşırıq. Daha da təkmilləşdirərək orada 1-ci yeri əldə edəcəyimizə inanırıq”, - dedi.

Banu Məmmədzadə gələcəkdə mühəndis olmaq üçün bu komandaya qatıldığını bildirir: “Gələcəkdə öz dizaynlarımı hazırlayacağım bir platformada olmaq mənim üçün gözəl təcrübədir və bu, məni daha da motivasiya edir”.

“Banu, necə oldu ki, bu komandaya gəldin?” sualına o belə cavab verdi: “İlk dəfə şprislərdən robot hazırlamışdım, anamın marağına səbəb olmuşdu və bunu sosial media hesabında paylaşmışdı. Bunu görən Leyla müəllim anamla əlaqə saxlayaraq mənim də komandaya qatılmağımı məsləhət gördü. O zamandan komandaya qatıldım və birlikdə daha uğurlu nəticələr əldə etməyə başladıq”.

“Komanda yoldaşları olaraq biz hər zaman bir-birimizə motivasiya veririk. Bəzən birimiz ruhdan düşəndə, digərlərimiz tez motivasiya edir. Artıq ayrılmaz bir üçlük olaraq daha böyük uğurlar qazanacağımıza inanırıq”.

“Leyla müəllim nə zaman ehtiyacımız olsa, hər şeyi bizə təşkil edir, robotun dizaynında öz fikirlərini bildirir. Bizə taktika öyrədir, ana qayğısı ilə yanaşır. Otelə yerləşəndə geyimimizdən, yeməyimizdən tutmuş hər bir şeylə maraqlanır, biz yuxuya gedənə qədər yanımızdan ayrılmır. Valideynlərimizi də bizimlə birlikdə motivasiya edir. Ona görə Leyla müəllimə çox minnətdarıq”.

Müəllimin şagirdlərinə olan inamı və dəstəyi

Leyla Camalova şagirdlərinin uğurlarından böyük qürur duyduğunu bildirir: “Bu uşaqların əzmi və istəyi məni heyran edir. Gecə-gündüz yorulmadan çalışır, qarşılarına qoyduqları məqsədlərə nail olmaq üçün hər cür fədakarlıq edirlər. Hətta gecəyarıya qədər mərkəzdə qalıb robot üzərində işləyirdilər. Onların bu zəhməti hədər getmədi, çox şükür, qalibiyyət qazandılar”.

“Oğlanlar və Banu artıq mənim üçün sadəcə şagird deyil, ailəmin bir parçasıdırlar. Onların hər bir uğuru mənim üçün böyük sevincdir. Bu gün komandama o qədər güvənirəm ki, mən olmasam da, onlar bu qalibiyyəti qazanacaq əzmkarlığa və biliyə malikdirlər. Onların gələcəkdə daha böyük uğurlar əldə edəcəyinə əminəm. Mən onlara yalnız mentor deyil, həm də dost və dəstək olmağa çalışıram.”

“Şagirdlərimlə birlikdə çalışmaq mənim üçün böyük bir zövqdür. Onların gözlərindəki parıltı, elmə və texnologiyaya olan həvəs məni də ilhamlandırır. Onların bu uğurları digər şagirdlərə də nümunə olur, onları da fəal olmağa, öz üzərlərində işləməyə təşviq edir. Mən inanıram ki, gələcəyin mühəndisləri, alimləri məhz bu cür istedadlı gənclər arasından çıxacaq”.

Yusifin gələcək planları və komandanın arzuları

Yusif isə “Kompüter mühəndisliyi” ixtisasını seçdiyini bildirir: “Bu yarış kodlaşdırma bacarığımı çox inkişaf etdirdi. Gələcəkdə ali təhsil alanda, artıq təcrübəli olduğum ixtisasımı daha da təkmilləşdirəcəyəm. Amma komanda olaraq ayrılmağı düşünmürəm. Gələcək illərdə öz yaratdığımız robotları startap layihələrində daha da təkmilləşdirərək öz brendimizi yaradacağımıza inanıram. illərin zəhmətini daha gözəl yerlərə daşıyacağıq”.

“Bizim üçün öncə dostluğumuz və komanda ruhumuz gəlir. Məktəbin direktor və müəllimlərinin ailə yanaşması ilə biz özümüzü evimizdəki kimi rahat və doğma hiss edirik. Bu zaman uğur qaçılmaz olur. Bizi hər zaman dəstəkləyən Leyla müəllimə və yaradılan şəraitə görə Nailə müəllimə dərin təşəkkürümüzü bildiririk. SAF komandası olaraq yeni qalibiyyətlər qazanacağımıza söz veririk”, - deyə Yusif əlavə edir.

Təhsil rəhbərliyindən dəstək və təbrik

Mingəçevir Şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova da şagirdlərlə görüş keçirib. Qalib gələn şagirdlərə təhsildə bilik və bacarıqlarına görə fərqləndikləri üçün təşəkkürnamə təqdim edib. Görüş zamanı Sevinc Həsənova şagirdlərə ürək sözlərini çatdırıb:

“Mingəçevir hər zaman təhsilə önəm verən bir şəhər olub. Şagirdlərimizin bu cür uğurları bizi sevindirir və qürurlandırır. Sizlər Azərbaycanın gələcəyisiniz. Sizin bu uğurlarınız ölkəmizin inkişafına töhfə verəcək. Hər birinizə inanırıq və dəstək olmağa hazırıq”.

“Bu gün sizin əldə etdiyiniz nailiyyətlər göstərir ki, əzmkarlıq və çalışqanlıqla hər şeyə nail olmaq mümkündür. Sizi bir daha təbrik edir, gələcək fəaliyyətlərinizdə daha böyük uğurlar arzu edirəm. Təhsilinizə davam edin, biliklərinizi artırın, çünki gələcək sizindir. Biz sizinlə fəxr edirik”.

Sevinc Həsənova həmçinin müəllimlərə də təşəkkür edib: “Şagirdlərimizin bu uğurlarında sizin əvəzsiz zəhmətiniz var. Onlara verdiyiniz dəstək, qayğı və biliklər sayəsində bu gün bu nəticələr əldə olunub. Sizə də dərin minnətdarlığımı bildirirəm”.

Gələcəyə doğru inamla

Mingəçevir Texniki Humanitar Liseyinin uğurları göstərir ki, istedadlı və əzmkar şagirdlər, onları dəstəkləyən müəllim və rəhbərlik ilə birlikdə böyük nailiyyətlərə imza ata bilərlər. Bu uğurlar digər şagirdlər üçün də bir motivasiya mənbəyidir. Gələcəkdə bu gənclərin adlarını daha böyük layihələrdə və uğurlarda görəcəyimizə inanırıq.

Xəbər lenti

21 noyabr, 12:43
5

Məktəblərin xarici qiymətləndirilməsi necə aparılır? – Avropa ölkələrinin təcrübəsi

21 noyabr, 12:37
5

“Müasir metodik xidmətin təşkili” layihəsi çərçivəsində metodistlik fəaliyyətləri davam edir

21 noyabr, 12:12
7

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edəcək

21 noyabr, 11:03
13

İqlim Elm Olimpiadasının mükafatlandırma mərasimi keçirilib

21 noyabr, 11:03
42

Azərbaycan universitetləri "Times Higher Education" reytinqində TOP 500-də yer alıb

21 noyabr, 10:51
33

Emin Əmrullayev: “60 manatı 80 və ya 90 manat etsək, elmimiz 20-30 faiz irəli getməyəcək”

21 noyabr, 10:09
13

Pakistan universitetinin nümayəndələri AzTU-da olublar

21 noyabr, 09:42
32

Bayıldakı Zəngilan məktəbi Reza Deqatinin vəsaiti hesabına tikilib

21 noyabr, 09:22
25

Reza Deqati: Mən fotoqraf kimi tanınmışam, amma əslində müəlliməm

21 noyabr, 09:08
10

Azərbaycanda “Silicon Vadisi” bazası əsasında yeni İT Akademiyası fəaliyyətə başlayır

21 noyabr, 09:04
13

ADNSU-da Birləşmiş Ərəb Əmirlikləri Universiteti ilə birgə simpozium keçirilib

20 noyabr, 23:24
20

Nazir: 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır, rasionallaşmaya getməliyik

20 noyabr, 23:10
19

Dövlət sifarişi ilə oxuyan tələbələr üçün ayrılan təhsil xərcləri artırılır

20 noyabr, 22:57
15

35 ölkədən 100 nəfər "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na layiq görülüb

20 noyabr, 22:48
23

Gələn il daha çox tələbə təhsil krediti ala biləcək

20 noyabr, 22:36
20

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti üçün 10 milyon manat ayrılacaq

20 noyabr, 22:26
30

Qarabağ Universitetinə tələbə qəbulu artırılacaq

20 noyabr, 22:18
22

Nazir: Hər il 500 nəfərədək gəncin xaricdə ali təhsil alması təmin olunacaq

20 noyabr, 22:01
25

Gələn tədris ilindən SABAH proqramının əhatə dairəsi genişləndiriləcək

20 noyabr, 21:49
38

Növbəti ildə “Məktəblinin dostu” layihəsinə 7 milyon manat ayrılacaq

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.