Bütün xəbərlər
test
7 noyabr, 12:25

Məktəbdənkənar fəaliyyətin əsas məqsədi təhsilalanların intellektual səviyyəsinin, yaradıcı qabiliyyətlərinin və gələcək karyera, şəxsi inkişafına təsir edən bacarıqlarının inkişaf etdirilməsidir. Eyni zamanda bu fəaliyyətlər təhsilalanların fiziki imkanlarını inkişaf etdirməklə onların sosial əlaqələrinin qurulmasına, kommunikasiya bacarıqlarının formalaşmasına, hər bir təhsilalanın fərd olaraq hərtərəfli inkişafına, zərərli vərdişlərdən qorunmasına və idmanla məşğul olmasına şərait yaradır. Məktəbdənkənar fəaliyyət təhsildə kütləviliyin təmin edilməsinə və təhsilalanların sağlam həyat tərzi formalaşdırmasına dəstək verir.

Dünyanın qabaqcıl ölkələrində məktəbdənkənar fəaliyyətlə bağlı aparılmış elmi-tədqiqatlar bu fəaliyyətlərin təhsilalanlar üçün müxtəlif üstünlüklər təmin etdiyini göstərir. Beynəlxalq tədqiqatlar və təcrübələr göstərir ki, məktəbdənkənar fəaliyyətlə məşğul olmaq təhsilalanların akademik göstəricilərinə təsir edir. Belə ki, şagirdlərin idman və yaradıcılığın müxtəlif sahələri ilə məşğul olması uşaqların özünüqiymətləndirməsinə, qazandığı biliklərin müxtəlif fəaliyyət sahəsində tətbiq etməsinə, onlarda müsbət emosiyaların dayanıqlı olmasına imkan yaradır. Nəticədə təlim-tərbiyə prosesində təhsilalanların dərslərə marağı artır, uşaqların fəallığı yüksəlir və psixoloji gərginliyi azalır. 

Komanda işi, fərqli liderik bacarıqları

OECD (Organisation for Economic Co-operation and Development) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri tərəfindən aparılan araşdırma məktəbdənkənar fəaliyyətlərin təhsilalanların sosial bacarıqları və şəxsiyyət inkişafına təsirini araşdırıb. Nəticələr göstərir ki, məktəbdənkənar fəaliyyətlərdə iştirak edən şagirdlər daha yüksək səviyyədə komanda işi və fərdi liderlik bacarıqları nümayiş etdirirlər. OECD tədqiqatına görə, məktəbdənkənar fəaliyyətlərə qatılan təhsilalanların 73%-i komanda işi bacarıqlarında nəzərəçarpacaq dərəcədə irəliləyir, 68%-i isə liderlik bacarığını inkişaf etdirir. Bu bacarıqlar onları gələcək əmək bazarında daha rəqabətqabiliyyətli və iş mühitində tələb olunan mühüm sosial qabiliyyətlərlə təmin edir. Bu araşdırma, məktəbdənkənar fəaliyyətlərin təhsilalanların yalnız akademik deyil, eyni zamanda sosial və peşəkar hazırlıqlarında da vacib rol oynadığını vurğulayır.

BMBF (Almaniya Federal Təhsil və Tədqiqat Nazirliyi) tərəfindən aparılan genişmiqyaslı tədqiqatlar göstərir ki, məktəbdənkənar fəaliyyətlər təhsilalanların elmi marağını artırmaqla yanaşı, onların analitik düşüncə qabiliyyətini və komanda işindəki aktivliyini gücləndirir. Statistik məlumatlara görə, bu fəaliyyətlərdə iştirak edən təhsilalanların 85%-i elmi fənlərə daha böyük maraq göstərir, 78%-i analitik düşüncə qabiliyyətində inkişaf qeyd edir və 82%-i komanda işində daha fəal iştirakçı olur. Bu nəticələr göstərir ki, məktəbdənkənar fəaliyyətlər təhsilalanların həm akademik, həm də sosial bacarıqlarının inkişafında əhəmiyyətli rol oynayır. Eyni zamanda Afterschool Alliance Study (ABŞ, 2022) adlı tədqiqat göstərir ki, məktəbdənkənar proqramlarda iştirak edən şagirdlərin 79%-i akademik sahədə müsbət nəticələr əldə edir. Ontario Ministry of Education Study (Kanada, 2021) isə Ontario əyalətində fəaliyyətlərin təhsil motivasiyasına və sosial bacarıqlara təsirini analiz edərək, şagirdlərin 87%-nin təhsil motivasiyasında, 82%-nin isə sosial bacarıqlarında artım olduğunu aşkar edib. Education Endowment Foundation Report (Böyük Britaniya, 2020) tədqiqatına əsasən, məktəbdənkənar fəaliyyətlərdə həftədə iki dəfə iştirak edən şagirdlərin akademik göstəricilərində 20%-lik yüksəliş qeydə alınıb. Finlandiyada Finnish Institute for Educational Research (2023) tərəfindən aparılan tədqiqatda məktəbdənkənar fəaliyyətlərin təhsil motivasiyası və psixososial rifah üzərində əhəmiyyətli təsir göstərdiyi və iştirakçı təhsilalanların 92%-nin daha yüksək motivasiya və rifah səviyyəsinə malik olduğu qeyd olunub. Japanese Education Policy Study (Yaponiya, 2023) isə idman fəaliyyətlərində iştirak edən şagirdlərin 78%-nin stres səviyyəsində azalma və özünəinamda artım yaşadığını vurğulayır.

Azərbaycanda məktəbdənkənar fəaliyyət hazırda geniş bir sahəni əhatə edir və ölkənin müxtəlif bölgələrində məktəblilərə əlavə təhsil və inkişaf imkanları təqdim edir. Hazırda ölkə üzrə ümumilikdə 145 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələr idman və yaradıcılıq profilləri üzrə təşkil olunub. İdman yönümlü 78 müəssisədə 65,384 təhsilalan 29 idman növü üzrə təlim alır. Yaradıcılıq yönümlü 67 müəssisədə isə 10 fərqli istiqamət üzrə dərnəklərə 53,188 təhsilalan cəlb edilib.

Əlçatanlıq artır, fəaliyyət imkanları yaranır

Məktəbdənkənar təhsilin inkişafı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strateji prioritetləri arasında mühüm yer tutur, çünki bu sahə, gənc nəslin hərtərəfli və balanslı inkişafına zəmin yaradan fundamental komponentlərdən biridir. Agentlik tərəfindən bu sahənin inkişafı üçün bir sıra tədbirlər həyata keçirilir ki, bunlar da məktəbdənkənar təhsilin əlçatanlığını artırmaq, proqramların müasir tələblərə uyğunlaşdırılması və təhsilalanların maraq və qabiliyyətlərinə uyğun diversifikasiya olunmuş fəaliyyət imkanları yaratmağa yönəlib. Həyata keçirilən tədbirlər çərçivəsində rəqəmsal texnologiyaların təhsilə inteqrasiyası, təhsil müəssisələrinin texniki təchizatının gücləndirilməsi və pedaqoji kadrların peşəkar inkişafına xüsusi diqqət yetirilir. Bu yanaşma məktəbdənkənar təhsilin keyfiyyətinin artırılmasını və gənclərin şəxsiyyət kimi hərtərəfli formalaşmasındakı rolunun daha da gücləndirilməsini təmin edir. 

2024-2025-ci tədris ili üzrə pilot məktəbdənkənar təhsil müəssisələrinin yaradıcılıq və idman sahələri üzrə dərnək və qruplara elektron qaydada qəbul həyata keçiriləcək. Layihənin məqsədi məktəbdənkənar fəaliyyətin ictimaiyyət arasında tanıdılmasını, qəbul prosesinin şəffaflığını və effektiv idarəetməsini təmin etməkdir. Bu məqsədlə, məlumatların milli informasiya sistemləri ilə inteqrasiya olunması və xidmətlərin əlçatanlığının artırılması hədəflənir.

Sözügedən dərnək və qruplara qeydiyyat prosesi, “portal.edu.az” veb səhifəsində yerləşən “Məktəbdənkənar təhsil müəssisələrinə uşaq qəbulu” bölməsi vasitəsilə, şəxsi kabinet üzərindən elektron qaydada həyata keçiriləcək. Bu yanaşma, valideynlər və təhsilalanlar üçün təhsil müəssisələrinə fiziki olaraq müraciət etmədən xidmətlərdən yararlanmaq imkanı təmin edir. Qeyd etmək lazımdır ki, noyabr ayından etibarən pilot müəssisələrdə elektron qəbul sisteminin tətbiqinə başlanılıb.

Yeni məzmun, müasir yanaşma

Dərnəklərin optimallaşdırılması və tədrisə uyğun faydalı dərnəklərin yaradılması tədrisin səmərəliliyinin artırılması və sağlam təhsil mühitinin formalaşdırılmasında mühüm rol oynayır. Uşaq-gənclər inkişaf mərkəzlərində tədrisdə yeni məzmun və müasir yanaşma əsas hədəflərimizdəndir. Bu dərnəklərin optimallaşdırılması və yeni dərnəklərin açılması, təhsil müəssisələrinin müasir tələblərə cavab verən strukturda təşkilini təmin edərək, gənc nəslin hərtərəfli inkişafına və təhsil prosesinin səmərəliliyinin artırılmasına töhfə verir.

Yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrində mövcud olan 298 adda dərnək və fəaliyyət sahələrinin hərtərəfli təhlili aparılıb, aktual olmayan dərnəklər tədrisdən çıxarılıb və müasir tələblərə uyğun yeni dərnəklər təsis edilib. Aparılan təhlillərin nəticəsi olaraq 10 əsas istiqamət üzrə ümumiləşdirilmiş 73 adda dərnəyin siyahısı tərtib edilib və bu dərnəklərin proqramlarının cari ildə hazırlanması işlərinə başlanılıb. Bu fəaliyyətlər çərçivəsində uşaq-gənclər inkişaf mərkəzlərində təsviri sənət və dizayn, dekorativ tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii yaradıcılıq, texniki yaradıcılıq, rəqəmsal savadlılıq, turizm və diyarşünaslıq, ekologiya, dünyagörüşü və intellektual inkişaf, fiziki tərbiyə və sağlam həyat tərzi üzrə dərnəklərin tədrisi həyata keçirilir.

İdman profilli məktəbdənkənar təhsil müəssisələrində isə məktəblilər üçün 29 idman növü üzrə tədris təşkil olunur. Uşaq-gənclər idman-şahmat məktəblərində ağır atletika, atletika, idman gimnastikası, bədii gimnastika, batut, baydarka və kanoye, boks, basketbol, badminton, karate, cüdo, futbol, əl topu, tennis, stolüstü tennis, sərbəst güləş, yunan-Roma güləşi, üzgüçülük, güllə atıcılığı, taekvando, voleybol, velosiped idmanı, qılıncoynatma, akrobatika gimnastikası, tamblinq, sambo, kikboksinq, şahmat və dama kimi idman növləri üzrə məşğələlər aparılır.

Cari ilin aprel ayından etibarən, məktəbdənkənar təhsil müəssisələrində dörd əsas istiqamət üzrə monitorinqlər aparılıb: təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədlərin tərtibi, kadrlarla işin təşkili və maddi-texniki baza və maliyyə-təsərrüfat sənədlərinin vəziyyəti. Bu monitorinqlərin məqsədi müəssisələrdə idarəetmədə effektivliyin artırılması, proseslərin təkmilləşdirilməsi, kadr siyasətinin vəziyyətinin qiymətləndirilməsi, qrup və dərnəklərdə təhsilalanların davamiyyətinin yoxlanılmasıdır.

Monitorinqərin nəticələri

Monitorinqlərin aparılması maliyyə səmərəliliyinin artırılmasına, dərnək və qruplarda nəzarətin gücləndirilməsinə, sənədlərin düzgün tərtib olunmasına və nəticə etibarilə, tədrisin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır. Keçən tədris ilinin sonuna kimi aparılan monitorinqlər nəticəsində 145 məktəbdənkənar təhsil müəssisəsindən 107-si yoxlanılıb və bu müəssisələrdə fəaliyyət göstərən dərnək və idman qruplarının 70%-də yoxlamalar aparılıb. İlkin monitorinq nəticələrinə əsasən, fəaliyyət göstərməyən 125 qrup bağlanıb, davamiyyəti aşağı olan qruplara nəzarət gücləndirilib və 64 müəssisə rəhbərinə intizam tənbehi tədbirləri tətbiq edilib. 29 direktora xəbərdarlıq, 12 direktora töhmət, 18 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib və 5 müəssisə rəhbəri işdən azad edilib.

Cari tədris ilində də monitorinq prosesinin davam etdirilməsi və bu sahədə nəzarət tədbirlərinin artırılması planlaşdırılıb. 

İdarəetmə təkmilləşdirilir

Məktəbdənkənar təhsil müəssisələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə rəhbər və pedaqoji işçilərin işə qəbul qaydalarının yaradılması istiqamətində əhəmiyyətli addımlar atılıb. “Məktəbdənkənar təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları” üzrə vahid sistemin qurulması üçün qaydalar hazırlanıb və tətbiqi planlaşdırılır. Eyni zamanda pedaqoji işçilərin işə qəbulu üçün qaydaların hazırlanması məqsədilə işçi qrupu təşkil edilib və cari tədris ilindən etibarən müvafiq qaydalara əsasən, işə qəbul proseslərinin icrası nəzərdə tutulur.

Bundan əlavə, məktəbdənkənar təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı normativ sənədlər və qanunvericilik aktları təhlil olunub. Ümumtəhsil müəssisələrində tətbiq olunan diaqnostik qiymətləndirmə təcrübəsi əsasında, məktəbdənkənar təhsil müəssisələri üçün uyğunlaşdırılmış çərçivə sənədi hazırlanıb. Bu yanaşma pedaqoji kadrların təlim ehtiyaclarının müəyyən edilməsi və peşəkar səviyyələrinin yüksəldilməsi üçün imkan yaradır.

Peşəkarlıq səviyyəsi

Cari tədris ilindən başlayaraq, məşqçi-müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması və təlim ehtiyaclarının təyin olunması məqsədilə idman növləri üzrə pilot diaqnostik qiymətləndirmə həyata keçiriləcək. 

Məktəbdənkənar təhsil müəssisələrində təchizatın yaxşılaşdırılması istiqamətində tədbirlərin icrasına başlanılıb. Məktəbdənkənar təhsil müəssisələrində rəqəmsallaşma prosesinin gücləndirilməsi və idarəetmə proseslərinin modernləşdirilməsi məqsədilə inzibati heyətə 595 ədəd kompüterin paylanması həyata keçirilib. Bu, məktəbdənkənar təhsildə elektron idarəetmə, məlumat axınının səmərəli idarə olunması və tədris proseslərinin rəqəmsal mühitə inteqrasiya olunması istiqamətində əhəmiyyətli bir addım kimi qiymətləndirilir.

Kompüterlərin təchizatı, təhsil müəssisələrində sənədləşmə işlərinin rəqəmsallaşdırılmasını, dərnəklər və qruplarla bağlı məlumatların mərkəzləşdirilmiş sistemdə saxlanılmasını və elektron resursların geniş istifadə edilməsini təmin etməklə yanaşı, həm də təhsil müəssisələrində rəqəmsal savadlılığın artırılmasına dəstək verir. Beləliklə, kompüterlərin paylanması məktəbdənkənar təhsil müəssisələrinin idarəetmə və təlim proseslərinin daha müasir və səmərəli şəkildə aparılmasına şərait yaradır.

Ekoloji maarifləndirmə

Məktəbdənkənar fəaliyyətlər çərçivəsində təhsil müəssisələrində təhsilalanların ekoloji maarifləndirmə və vətənpərvərlik ruhunda tərbiyəsi üzrə təşəbbüslər: təhsil müəssisələrində məktəblilərin estetik zövqünün yüksəldilməsi, dünyagörüşlərinin artırılması, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılması, sağlam həyat tərzinin və vətənpərvərlik ruhunun təbliğ olunması məqsədilə tədbirlər təşkil edilir. Bu tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərin qorunması və təbliği, ekologiya və sağlam həyat tərzinin təşviqi üçün mühüm əhəmiyyət kəsb edir. 

Bu istqamətdə “Əlaçı” və “Breyn rinq” üzrə intellektual oyunlar, “Şahin” hərbi-idman oyunları, “Zəfər” respublika uşaq yaradıcılıq müsabiqə-festivalı, İçərişəhər və Heydər Əliyev Mərkəzinə ekskursiyalar, 15 idman növü üzrə 21 respublika birincilikləri keçirilib. 

Bildiyimiz kimi, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası və COP29 ilə əlaqədar təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilir. Təhsil müəssisələrində sözügedən layihə və tədbirlərin təşkili ətraf mühitin sağlamlaşdırılması, gənc nəslin ekoloji maarifləndirilməsi, istedadlı məktəblilərin üzə çıxarılması istiqamətində böyük əhəmiyyət kəsb edir. 

Bu istiqamətdə məktəblilərin iştirakı ilə müxtəlif regionlarda “YaşılHəmrəyFest” festivalı keçirilib. Festival iştirakçıları 4 nominasiya - su, iqlim, enerji, ekoloji təmiz qida üzrə hazırladıqları startap və innovasiya, dayanıqlı texnologiyalar üzrə layihələri nümayiş etdirilib. Layihə çərçivəsində məktəblilərin iştirakı ilə “Yaşıl məktəb bağı” adlı ağacəkmə aksiyası keçirilib, panel müzakirələri və master-klaslar təşkil edilib. COP29 çərçivəsində Bakı İqlim Fəaliyyəti Həftəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, COP29 Təşkilat Komitəsinin üzvü Firuzə Sultan-Zadə Bakıda ilk dəfə keçirilən İqlim Dəyişmələri ilə Mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində Yüksək Səviyyəli Beynəlxalq Konfransında “Planeti bərpa edən insanlar: Azərbaycandan hekayələr” panel sessiyasında iştirak edib bu istiqamətdə fəaliyyətlərlə bağlı məlumat təqdim olunub. Cari ilin oktyabr ayında respublikanın ümumtəhsil məktəblərində “Məktəblərdə ekologiya ayı” layihəsi həyata keçirilir. Layihə çərçivəsində təhsil müəssisələrində “dəyirmi masa”lar, debatlar, məqalə və kitablarla tanışlıq işinin təşkili, ədəbi-bədii kompozisiyalar, seminar və müsabiqələr keçirilir, məktəblərdə ekoloji guşələr yaradılır, bədii və sənədli filmlər nümayiş olunur. Həmçinin ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin iştirakı ilə “Təbiəti qoruyaq, dünyamızı yaşadaq” respublika rəsm müsabiqəsi təşkil olunur. 

Nəticə olaraq deyə bilərik ki, bu sahədə ardıcıl olaraq aparılan islahatlar təhsilalanların sosial bacarıqlarının inkişafı və əmək bazarına rəqabətqabiliyyətli gənclərin hazırlanması üçün geniş imkanlar açır.

Nilüfər RƏHİMOVA,
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri

Xəbər lenti

26 dekabr, 21:10

Yaşıl dünyanın Qarabağ modeli

26 dekabr, 17:18

Təhsilverənlərin sertifikatlaşdırma qaydasına dəyişiklik edildi

26 dekabr, 15:18

AMEA xaricdə ən çox elmi məqalə nəşr etdirən alimlərinin adlarını açıqlayıb

26 dekabr, 14:52

AMEA əməkdaşlarının beynəlxalq elmi bazalarda bu il 59 məqaləsi dərc olunub

26 dekabr, 14:39

Naxçıvan məktəblərində təyyarə qəzasında həlak olanlarla bağlı guşələr yaradılıb

26 dekabr, 14:22

İsmayıllıda peşə təmayüllü siniflərin kollektivi satış yarmarkası keçirdi 

26 dekabr, 13:14

Naxçıvanda müəllimlər üçün dəstək təliminə başlanılıb

26 dekabr, 13:06

LDU imtahan sessiyasına hazırlığını müzakirə edib

26 dekabr, 13:03

Geoloqlar işğaldan azad olunmuş ərazilərdə tədqiqatları davam etdirəcəklər

26 dekabr, 12:31

Yaxın günlərdə hüquqşünas kimi işə başlayacaqdı – Hökümə Əliyevanın atası danışdı

26 dekabr, 12:01

Təyyarə qəzasında həyatını itirən insanların xatirəsi yad edilib

26 dekabr, 09:55

Liseydən təsirli paylaşım: “Biz səmaya baxanda Saşanı xatırlayacağıq…”

25 dekabr, 19:28

Sabah təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək - RƏSMİ

25 dekabr, 17:28

Sumqayıtın hər zaman təhsil ənənələri olub - Rektor

25 dekabr, 17:28

Rüfət Əzizov: Ali təhsilin əmək bazarına uyğunlaşdırılması ilə bağlı görüləcək işlər çoxdur

25 dekabr, 15:48

Azərbaycanda matəm elan olundu

25 dekabr, 14:17

Prezident təyyarə qəzası ilə bağlı başsağlığı verib

25 dekabr, 12:58

Qarabağ Universitetinin tələbələri üçün yeni təqaüd təsis edilə bilər

25 dekabr, 12:33

Paytaxtda 47 mindən çox şagird oxuduğu məktəbi dəyişib

25 dekabr, 12:25

Tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 26-ya çatdırılıb – Agentlik direktoru

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.