
Oktyabrın 8-də ADA Universitetində Azərbaycan jest (işarət) dilinin öyrənilməsi üçün nəzərdə tutulmuş yeni mobil tətbiqin təqdimatı keçirilib. “Azərbaycan jest dili tətbiqi” (“JestPlus”) layihəsi ADA Universiteti və ADA Universiteti Fondu tərəfindən həyata keçirilib. bp və tərəfdaşlarının” “Nar” şirkətinin maliyyə dəstəyi ilə reallaşan bu təşəbbüs inklüzivliyin təşviqini məqsəd qoyur.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “Nar” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökumə Kərimova çıxış ediblər. Tədbir zamanı tətbiqin hazırlanma prosesi barədə qısa video da nümayiş olunub.
Layihənin rəhbəri, ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin müəllimi Nurəddin Sədili qeyd edib ki, “JestPlus” tətbiqi sayəsində jest dilini öyrənmək artıq həm asan, həm də əyləncəli olacaq. O bildirib ki, bu tətbiq istifadəçilərə istənilən vaxt və məkanda, müəllimə ehtiyac duymadan jest dilini öyrənmək imkanı yaradır. Nurəddin Sədilinin sözlərinə görə, layihə sadəcə bir tətbiqin yaradılmasından ibarət deyil, həm də inklüziv cəmiyyətə doğru atılmış mühüm addım, cəmiyyətin bu istiqamətdə inkişafına körpü rolunu oynayacaq bir təşəbbüsdür.
Yeni tətbiq yalnız jest dilini öyrətməklə kifayətlənmir. Pedaqoji yanaşmaya əsaslanan platforma istifadəçilərə dərslər, interaktiv tapşırıqlar və testlər vasitəsilə jest dilini sistemli şəkildə öyrənmək imkanı yaradır. Tətbiqdə 789 video, 358 jest sözü, 27 illüstrativ şəkil və 32 animasiya yer alır ki, bu da istifadəçilərə real ünsiyyət bacarıqlarını inkişaf etdirməyə kömək edir.
Tətbiqin hazırlanmasına ADA Universitetinin məzunları texniki dəstək göstəriblər, məlumatların toplanması isə “Karlara dəstək” İctimai Birliyi ilə birgə həyata keçirilib.
Qeyd edək ki, “JestPlus” tətbiqi yaxın zamanda Azərbaycan jest dilini öyrənmək istəyən hər kəs üçün əlçatan olacaq.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər