Bütün xəbərlər
8 oktyabr, 15:13

Azərbaycanda təhsilin və elmin inkişafına dəstək olaraq verilən Prezident təqaüdü gənclərin zəhmətinin və uğurlarının dövlət səviyyəsində tanınmasının ən yüksək göstəricisidir. Bu təqaüdə layiq görülən tələbələr öz əzm və məsuliyyətləri ilə ölkəmizin inkişafına töhfə verməyə davam edirlər.

“Azərbaycan müəllimi” bu yüksək mükafata layiq görülən tələbələrlə həmsöhbət olub.

“Bu həm məsuliyyət, həm də etimad deməkdir”

Goranboy şəhər 2 nömrəli tam orta məktəbin məzunu, Azərbaycan Tibb Universitetinin “Müalicə-profilaktika” fakültəsində təhsil alan Nəzrin Məmmədova Prezident təqaüdünə layiq görülən gənclər sırasındadır. O, bu uğuru böyük bir fərəh və minnətdarlıq hissi ilə qarşılayır: “Prezident təqaüdünə layiq olmaq çox qürurvericidir. Bu, mənim üçün həm məsuliyyət, həm də etimad deməkdir”.
Nəzrin hələ təqaüdünü necə xərcləyəcəyini düşünməsə də, bilir ki, bu mükafat onun elmə, təhsilə və inkişafına inamın göstəricisidir.
Nəzrin üçün universitet həyatı həm də özünü tanımaq, inkişaf etmək və məqsədinə bir addım daha yaxınlaşmaq deməkdir. O, dərslərin çətinliyinə baxmayaraq, əzm və qərarlılıqla öyrənməyə davam edir: “Universitet həyatı yaxşı keçir. Dərslər çətindir, amma müəllimlərin dəstəyi və qrup yoldaşlarımla dostluq münasibətlərim bu yolu asanlaşdırır. Artıq kollektivdə öz yerimi tapmışam”
 O, gələcəyə böyük ümid və inamla baxır: “Gələcək planım yaxşı təhsil alıb bacarıqlı, mərhəmətli bir həkim kimi cəmiyyətə faydalı olmaqdır. İnsanlara kömək etmək, onların sağlamlığına xidmət göstərmək mənim ən böyük arzumdur”.

“Çəkdiyin zəhmətin dövlətin diqqətində olduğunu hiss edirsən”

Gəncə şəhər 29 nömrəli tam orta məktəbin məzunu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin “Hüquqşünaslıq” ixtisasında təhsil alan Elcan Əkbərov Prezident təqaüdünə layiq görülənlərdəndir. Elcan üçün bu təqaüd sadəcə bir maddi dəstək deyil, bu, illərlə çəkilən zəhmətin, əzmin dəyərinin dövlət səviyyəsində tanınmasıdır: “Prezident təqaüdçüsü olmaq çox sevindirici bir haldır, çünki sənin təhsilinin, çəkdiyin zəhmətin dövlətin diqqətində olduğunu hiss edirsən. Amma bu, həm də böyük məsuliyyətdir, çünki əsas məsələ onu almaq deyil, onu qoruyub saxlaya bilməkdir. Bu isə məndən daha çox çalışmağı və məsuliyyətli olmağı tələb edir”.

Paytaxta köçmək Elcan üçün yeni bir mərhələnin başlanğıcı olub. O, Gəncədən Bakıya təhsil almağa gedib və bu, həyatında həm dəyişiklik, həm də böyümə imkanı yaradıb: “Hazırda kirayə evdə qalıram. Təqaüdü əsasən burada yaşayışımı təmin etmək üçün xərcləməyi düşünürəm”.

Elcanın gələcək planları böyükdür, o, hüquqşünas olmaq  və bu sahədə cəmiyyətə xidmət göstərmək istəyir: “Hələ hüququn hansı sahəsində ixtisaslaşacağıma qərar verməmişəm, amma məqsədim aydındır. Mən Ümummilli Lider Heydər Əliyevin yolu ilə gedərək biliyimdən, təcrübəmdən xalqım və dövlətim üçün istifadə etmək istəyirəm. Bu yolu getmək mənim üçün böyük fəxrdir və inanıram ki, öz məqsədimə nail olacağam”.

“Böyük etimad və motivasiyanın simvolu”

Göygöl şəhər 5 nömrəli tam orta məktəbin məzunu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin “Hüquqşünaslıq” ixtisası üzrə tələbəsi Vüsalə Şamilova üçün bu təqaüd sadəcə bir mükafat deyil, həm də böyük etimadın və motivasiyanın simvoludur: “Prezident təqaüdçüsü olmaq mənim üçün böyük fəxr və motivasiya hissi yaratdı. Bu, həm mənə göstərilən etimadın, həm də gördüyüm işlərin dəyərinin bir göstəricisidir. Prezident təqaüdçüsü olmaq mənim üçün böyük şərəf və fəxr hissidir”.

O, təqaüdü yalnız maddi dəstək kimi deyil, öz inkişafına yönəlmiş bir fürsət kimi görür: “Prezident təqaüdünü mən təhsil xərclərinə, dərs vəsaitlərinə və biliklərimi artırmağa yönəldəcəyəm. Bu, mənim akademik inkişafım üçün böyük dəstəkdir”.

O, universitet həyatını dolğun və dinamik hesab edir: “Fənlər çox vaxt yeni və mürəkkəb görünə bilər, amma sistemli işləsəm və dərslərə diqqətlə yanaşsam, hər şey öyrənilə bilir. Müəllimlər də tələbələrə dəstək olurlar, bu da öyrənməyi asanlaşdırır”.

Vüsalənin gələcəyə baxışı da aydın və məqsədyönlüdür: “Gələcəkdə hüquq sahəsində ixtisaslaşmaq və prokuror olmaq istəyirəm. Məqsədim həm peşəkar biliklərimi artırmaq, həm də cəmiyyətə faydalı olmaqdır. Prezident təqaüdü kimi imkanlar mənim bu hədəflərimə çatmaqda böyük rol oynayır”.

“Bu təqaüd çəkdiyim əziyyətlərin bəhrəsidir”

Gəncə şəhər 27 nömrəli məktəb-liseyin məzunu Aysu Hüseynova Azərbaycan Tibb Universitetinin “Tibb” ixtisasında ingilis dilində təhsil alır. Məktəb illərindən fəallığı ilə seçilən Aysu həm dərslərdə, həm olimpiadalarda, həm də fənn müsabiqələrində yüksək nəticələr göstərib. O, 9 və 11-ci sinif buraxılış imtahanlarında fərqlənmə attestatına layiq görülüb.

“Bu təqaüd çəkdiyim əziyyətlərin bəhrəsidir. Hər zaman bu etimada layiq olmağa çalışacağam. Əzmlə çalışan bütün şagirdlərə arzulayıram ki, heç vaxt ruhdan düşməsinlər”, – deyə Aysu bildirir.

Təqaüdünü gələcəkdə təhsili üçün xərcləməyi planlaşdıran Aysu indi həyatının yeni mərhələsindədir. Tələbəlik həyatı onun üçün həm maraqlı, həm də məsuliyyətlidir. Aysu etiraf edir ki, ingilisdilli fakültədə oxumaq müəyyən qədər çətinlik yaradır, amma bu, onu ruhdan salmır. Gələcəyə baxışında Aysu iddialıdır:  “Hədəfim təhsilimi xaricdə davam etdirmək, sonra yenidən Vətənə qayıdıb burada çalışmaqdır. Yalnız ölkəmdə deyil, dünya miqyasında tanınan peşəkar həkim olmaq istəyirəm”.

“Təqaüdümü təhsilimə sərf etmək istəyirəm”

Gəncə şəhər 12 nömrəli tam orta məktəbin yetirməsi, Azərbaycan Tibb Universitetinin “Müalicə-profilaktika” fakültəsinin tələbəsi Rafael Qarayev də Prezident təqaüdünə layiq görülən gənclərdəndir. Elmə, texnologiyaya və humanitar dəyərlərə olan marağı ilə seçilən Rafael tələbəlik həyatına böyük məqsədlərlə qədəm qoyub.

O, məktəb illərindən fəal və uğurlu gənclərdən biri kimi tanınıb. “Kenquru Riyaziyyat Olimpiadası”nda III yer, “Əlaçı” intellektual verilişinin qalibi, eləcə də Dünya Robot Olimpiadasında III yer kimi nailiyyətləri onun daim axtarışda olduğunu göstərir.

Prezident təqaüdünə layiq görülmək onun həyatında yeni mərhələnin başlanğıcı olub. Rafael bu barədə danışarkən hisslərini belə ifadə edir: “Prezident təqaüdünə layiq görülmək məndə çox gözəl təəssürat yaratdı. Bu, mənim üçün həm qürur, həm də məsuliyyətdir. Təqaüdümü toplayıb təhsilimə və səyahətimə sərf etmək istəyirəm. Çünki hər iki sahə insanı zənginləşdirir”.

Universitetdəki dərslərin intensivliyinə baxmayaraq, Rafael öyrənməkdən zövq aldığını bildirir:

“Universitet həyatı gözəl keçir, dərslər bəzən çətin olsa da, öhdəsindən gəlmək mümkündür. Burada heç bir çətinlik çəkmədən çoxlu sayda yeni dostlar qazandım. Bu dostluqlar tələbəlik həyatının ən dəyərli tərəflərindəndir”.

Gələcək planlarından danışarkən o, məqsədini aydın ifadə edir:“Hədəfim öz sahəmdə ən yaxşı həkimlərdən biri olmaq, insanların sağlamlığına xidmət etmək və ölkəmin inkişafına töhfə verməkdir”.

Şərhlər

Xəbər lenti

8 oktyabr, 17:13

Uğurumun sirri müəllimliyə olan sevgimdir – Yardımlının gənc müəllimləri

8 oktyabr, 16:57

ADA Universitetində “Azərbaycan jest dili” tətbiqi təqdim olunub

8 oktyabr, 16:41

LDU-da gənclərin sosial-psixoloji maarifləndirilməsi mövzusunda marafon keçirilib

8 oktyabr, 16:31

BMU-nun 6 ixtisası beynəlxalq akkreditasiyadan keçirilir

8 oktyabr, 16:26

ADNSU-da 3 günlük Dayanıqlı İnkişaf Məqsədləri təlimi yekunlaşıb

8 oktyabr, 16:16

MDU-da müəllim və əməkdaşların ingilis dili biliklərinin təkmilləşdirilməsinə başlanılıb

8 oktyabr, 16:08

Yay təcrübə proqramını başa vuran ADNSU tələbələri sertifikatla təltif olunublar

8 oktyabr, 15:29

Çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə müsahibə başlayır

8 oktyabr, 14:32

ADNSU-da Tələbə Elmi Cəmiyyətinin universitet üzrə yeni sədri seçilib

8 oktyabr, 14:12

“Pozitivlik həyatımın əsas açarıdır” – 72 yaşlı tələbə və könüllü 

8 oktyabr, 13:59

“Milli Proqram” istifadəçiləri “Coursera”da 13 mindən çox kursdan yararlana bilər

8 oktyabr, 13:56

Kimya üzrə Nobel laureatlarının adları elan olundu

8 oktyabr, 13:37

SAF25 könüllü proqramı ilə bağlı nəticələr açıqlandı

8 oktyabr, 13:07

İdman Akademiyası ilk dəfə ölkə xaricində beynəlxalq konqres keçirib

8 oktyabr, 13:03

I sinfə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul başlayır

8 oktyabr, 12:55

PISA-nın iqlim savadlılığı üzrə qiymətləndirməsinin pilot mərhələsi keçirilir

8 oktyabr, 12:49

İnklüzivliyin çox ciddi bir mərhələsindəyik – bp şirkətinin vitse-prezidenti

8 oktyabr, 12:41

Deputat: Universitet–özəl sektor əməkdaşlığı faydalı nəticələr verir

8 oktyabr, 12:37

Anar Bayramov: İnklüziv təhsil sahəsində mühüm irəliləyişlər əldə olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.