20 Yanvar ilk növbədə faciədir, xalqımıza qarşı törədilmiş cinayətdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri və xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Xalqımızın qan yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov “Azərbaycan müəlliminə” bildirib ki, bu, xalqımızın taleyində və tarixində nə birinci, nə də sonuncu hadisədir.
20 Yanvar faciəsi illərlə aparılmış təbliğatın yalan olduğunu bir daha göstərdi
“Əslində 20 Yanvar nə üçün baş verdi? 20 Yanvar bizdən nəyi aldı? 20 Yanvardan ibrət götürdüyümüz nə oldu? Yaşadığımız faciə bu suallara cavab tapmağımıza, bütün həqiqətlərin üzə çıxmasına imkan verdi. 70 il ərzində sovet dövləti hər birimizi inandırmışdı ki, SSRİ bizim vətənimizdir, xalqlar arasında dostluq, qardaşlıq var və Azərbaycan da bu dost və qardaş xalqlardan biridir. 70 il ərzində təbliğ olunanlar televiziyalarda, kitablarda, dissertasiyalarda öz əksini tapsa da, əslində real həyatda belə olmadı. Bu təbliğatın həqiqət olmadığını göstərən də 1990-cı ilin 20 Yanvar faciəsi oldu. Yaşanan amansız qırğın Azərbaycan xalqına göstərdi ki, 70 il ərzində təbliğ olunanlar yalan imiş və sovet ordusu heç vaxt Azərbaycan ordusu olmayıb və olmayacaq. Və Şimaldan da heç vaxt Azərbaycana "isti külək" gəlməyib. Bizim vətənimiz SSRİ deyil, Azərbaycandır”.
20 Yanvar ibrətli tarixdir
Tarixçi alimin sözlərinə görə, 1918-20-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlətimiz, müsəlman Şərqində ilk respublikamız olub. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay sürdü. On minlərlə azərbaycanlı 1920-1930-cu illərdə repressiya qurbanı oldu. 70 il boyu Azərbaycan öz ərazisinin sahibi olmadı. Həmin illər ərzində Azərbaycan xalqı bu tarixi yaşadı, amma yazdıqları, oxuduqları isə tamam başqa bir şey oldu. 20 Yanvar bunları Azərbaycan xalqına göstərdi.
20 Yanvar Azərbaycan xalqının tarixində ən ağrılı hadisələrdən biridir. Bu faciədə yüzlərlə insan həlak oldu. Şikəst qalan da oldu, itkin düşən də. Amma bununla yanaşı, xalqımız ilk dəfə boyunduruqdan xilas olmaq uğrunda mübarizəyə qalxdı. Sovet hökumətindən əlini üzən xalqımız meydanlara axışdı.
20 Yanvar ibrətli tarixdir. Bu tarix öyrətdi ki, 70 il ərzində yaşayan dövlət totalitar, ədalətsiz bir rejimdir və Azərbaycan xalqını da heç vaxt sevməyib. Ermənistanı müdafiə edərək Azərbaycanı qurban verdi. Meydan hərəkatı anlatdı ki, xalq öz ərazi bütövlüyünü qorumaq üçün Vətən, torpaq uğrunda mübarizəyə qalxmalıdır. O, əliyalın da, silahsız da ola bilər. Və bu mübarizədə kiçikyaşlı məktəbli də, əsgər də, gənc polis də, qadın da, ahıl da şəhid ola bilər, təki Vətənin bütövlüyünə, azadlığına xələl gəlməsin.
Ulu Öndərin bu addımı, qətiyyətli mövqeyi xalqımıza güc verdi, ona dayaq və dəstək oldu
Anar İsgəndərov həmin hadisənin xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil oduğunu xüsusi vurğulayır: "Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də bütün dünyaya göstərdi ki, Vətən sevgisi hər şeydən yüksəkdir və bu xalq Vətən üçün ölümün gözünə dik baxmağı bacarır, heç nədən qorxmur. Bu faciədə yüzlərlə vətəndaşımız şəhid oldu. Amma şəhidlər versək də, müstəqilliyimizi yenidən qazandıq. Yanvar faciəsinin ertəsi günü o vaxt Moskvada yaşayan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib, burada xalqımızın kədərini bölüşüb və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pisləyən bəyanatla çıxış etdi. Bu o dövr üçün böyük bir cəsarət idi. Ulu Öndərin bu addımı, qətiyyətli mövqeyi xalqımıza güc verdi, ona dayaq və dəstək oldu. Məhz Heydər Əliyevin təşəbbüsü və əzmkarlığı sayəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi”.
Bu birləşmə “dəmir yumruğa” çevrildi…
Komitə sədri bildirib ki, 20 Yanvar hadisələri zamanı aparılan mübarizənin nəticəsi idi ki, Azərbaycan xalqı 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etmək üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Ordumuz 2020-ci il sentyabrın 27-də əks-hücuma keçərək qırx dörd gün ərzində müharibəni qələbə ilə başa çatdırdı. 2023-cü ilin sentyabrında isə antiterror əməliyyatı nəticəsində erməni separatçılarının qalıqları tamamilə məğlub edildi. 30 il davam edən işğaldan sonra ölkə Prezidentinin rəhbərliyi altında Azərbaycan xalqı ona məxsus bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi:
“Artıq 20 Yanvardan 35 il keçir. Azərbaycan suveren dövlətdir, rəşadətli, güclü ordumuz uzun illər torpaqlarımızda məskən salmış separatçı yuvanı məhv etməklə torpaq, vətən uğrunda şəhid olmuş igid oğul və qızlarımızın qisasını aldı. Azadlığın ilk carçıları olan 20 Yanvar şəhidlərinin arzuları reallaşdı. Xalqımızın mübarizlik ruhu daha da gücləndi, heç bir kənar qüvvə onu azadlıq hisslərindən məhrum edə bilmədi. Bu birləşmə “dəmir yumruğa çevrildi” və qeyd etdiyim kimi 44 günlük müharibə ilə düşməni darmadağın etməklə onun havadarlarını da məyus etdi.
Bilirsiniz, bütün şəhidlərimiz bizim üçün əzizdir, 20 Yanvar şəhidlərinin qəlbimizdə yeri isə bir ayrıdır. Allah şəhidlərimizə rəhmət eləsin!”
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)