Avropa ölkələri getdikcə daha çox təhsil müəssisələrində şagirdlərin smartfonlardan istifadə etməsinə ciddi məhdudiyyətlər tətbiq edir. Bu məhdudiyyətlərin əsas səbəblərindən biri telefonların şagirdlərin diqqətini yayındırması və onların öyrənmələrinə mane olması anlayışının artmasıdır. Bəzi ölkələr hətta məktəb divarları arasında mobil telefonlardan istifadəni qadağan edir.
BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı olan UNESCO məktəblərdə smartfonların qadağan edilməsinə çağırış edib.
Belçika, İspaniya və Böyük Britaniyada smartfonlara qadağa tətbiq edən yüzlərlə məktəbin təcrübəsinə əsaslanaraq, UNESCO mütəxəssisləri belə qənaətə gəliblər ki, bu qadağalar təlim nəticələrini yaxşılaşdırır. UNESCO-nun son hesabatı telefonların şagird öyrənməsinə mənfi təsirlərinə diqqət çəkdi və bu sahədə daha sərt məhdudiyyətlərə çağırdı.
Hansı Avropa ölkələri artıq məktəblərdə mobil telefonları qadağan, hansılar məhdudiyyətlər tətbiq edib?
Fransada artıq cari tədris ilinin əvvəlindən 200 təhsil müəssisəsində mobil cihazlardan istifadəyə məhdudiyyətlər qoyulub və 2025-ci ilin əvvəlindən isə belə bir tələbin bütün fransız məktəblilərinə şamil olunması nəzərdə tutulur. Fransanın təhsil naziri Nikol Belloubet Paris yaxınlığındakı mobil cihazları qadağan edən məktəbə gəlib. Bu məktəb 2024-cü ildə ölkədə “rəqəmsal dəyişiklik” tətbiq edən təhsil müəssisələrindən biridir. Burada şagirdlərin təkcə dərsdə deyil, fasilələrdə də mobil cihazlardan istifadəsi qadağan olunub. Yeniliyin tərəfdarları qeyd edirlər ki, bu, nəinki diqqəti sinifdə dərsə cəmləşdirməyə kömək edəcək, həm də kiberzorakılıq şansını azaldacaq.
Fransa hazırda sinif otaqlarında mobil telofonların istifadəsi ilə bağlı bir çox qalmaqalların yaşandığı digər Avropa ölkələrinin təcrübəsini izləyir. Əgər təcrübə uğurlu hesab edilərsə, bütün Fransa məktəblərində mobil telefonlara tam qadağalar tətbiq oluna bilər.
“The Guardian” yazır ki, məktəblərdə qadjetlərdən istifadəni məhdudlaşdıran ölkələrin siyahısına Hollandiya, İspaniya, Fransa və İtaliya da daxildir. Eyni zamanda, Belçikada smartfonlara qoyulan qadağa 12 yaşdan kiçik uşaqlara şamil olunacaq.
Macarıstanda məktəblər günün əvvəlində şagirdlərin smart cihazlarını yığmalıdırlar.
İtaliya və Yunanıstanda uşaqlar gün ərzində özləri ilə telefon gəzdirə bilərlər, lakin onlardan siniflərdə istifadə etməyə icazə verilmir.
İngiltərədəki məktəblər şagirdlərə dərslərdə mobil telefondan istifadə etməyi tamamilə qadağan edəcək. Artıq geniş şəkildə qəbul edilmiş təcrübələri özündə birləşdirən plan təsdiq edilib. Bu yolla təhsil müəssisələrinin şagirdlərin xeyrinə dəyişikliklər həyata keçirmək üçün inam qazanması planlaşdırılır.
Sosial şəbəkələrdən istifadəyə məhdudiyyətlər
Bundan əlavə, bəzi ölkələr sosial şəbəkələrdən istifadəyə məhdudiyyətlər qoyur. Bu qərarın Avstraliyada verilməsi planlaşdırılır. Xüsusilə, sosial şəbəkələrdən istifadəyə dair bir çox uşaq yaşlarını təsdiqləmək üçün protokollar tətbiq oluna bilər. Ölkənin üç ən böyük ştatının baş nazirləri də bu tədbirləri dəstəkləyir.
Artıq Hollandiyada ibtidai və orta məktəb şagirdləri üçün mobil telefonlar, ağıllı saatlar və planşetlər qadağan edilib. Hollandiya hökuməti onları akademik performansı və sosial qarşılıqlı əlaqəni azaldan “diqqəti yayındırma” adlandırıb.
“Sinifdə mobil telefonlarının zərərli olduğuna dair artan sübutlar var. Şagirdlər dərslərə daha az diqqət göstərir və akademik performansları pisləşir. Biz onları bundan qorumalıyıq”, - deyə Hollandiya hökumətinin bəyanatında deyilir.
Məktəblərdə smartfon və ağıllı saatların istifadəsi Hollandiyada bir müddətdir ki, qızğın müzakirələrə səbəb olub. Rəsmilər məktəblərin fərdi qərarlar qəbul edə biləcəyini iddia edir, bəzi valideyn qrupları isə sosial medianın uşaqlara təsiri ilə bağlı narahatlıqlara görə ümumi qadağa tələb edir.
Telefonlara qadağa zorakılığı azaldır
Norveçdə aparılan bir araşdırma, telefon qadağası tətbiq edən məktəblərin qızlar arasında akademik nailiyyətlərin sonrakı artımını və bütün tələbələr arasında zorakılığın azaldığını müəyyən edib.
İngiltərədə keçirilən oxşar araşdırma, telefon qadağası tətbiq edən məktəblərdə ən aşağı nəticə göstərən şagirdlər arasında performansın yaxşılaşması ilə əlaqədar tələbə imtahan ballarında artım müşahidə edildiyini göstərdi.
2015-ci ildən mobil telefonların qadağan olunduğu İspaniyanın iki bölgəsində aparılan araşdırma, məktəblərdə bullinq hallarının üç il ərzində 10-18 faiz azaldığını ortaya qoydu.
Rəqəmsal yayınma: nəticələr
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şagird nailiyyətlərinin Beynəlxalq Qiymətləndirmə Proqramının (PISA) qlobal tədqiqatının son nəticələri bir çox inkişaf etmiş ölkələrdə riyaziyyat, oxu və elmi nəticələrin son on ildə “mobil telefonlarının öyrənmədən çox istirahət üçün istifadə olunan texnologiyalar” səbəbindən durmadan azaldığını göstərib.
Son PISA araşdırması məktəbdə telefondan istifadənin məhdudlaşdırılmasını tövsiyə edib.
OECD məlumatları göstərir ki, bütün dünyada mobil telefonların qadağan olunduğu məktəblərdə şagirdlərin dərs zamanı diqqətinin yayınma ehtimalı əhəmiyyətli dərəcədə azdır.
OECD-nin PISA-2023 hesabatının nəticələrinə əsasən, rəqəmsal resursların tədris və öyrənmə üçün faydası olsa belə, riyaziyyat dərsində rəqəmsal cihazlardan istifadə edən tələbələr daha tez-tez bildirirlər ki, onların diqqəti yayınır. OECD bildirir ki, diqqətin yayınma riskini minimuma endirmək üçün müəllimlər tələbələrin sinifdə rəqəmsal resurslardan necə istifadə etdiklərini və onların etibar etdikləri rəqəmsal cihazların növlərini nəzərə almalıdırlar.
Bundan əlavə, PISA nəticələri göstərir ki, şagirdlərin riyaziyyat sahəsində aşağı göstəriciləri daha çox mobil cihazlardan istifadənin məktəblilərdə yaratdığı diqqət yayınıqlığı ilə bağlıdır.
Tədqiqatlar göstərir ki, şagirdlər telefonlardan istifadəyə icazə verilməyəndə daha çox öyrənirlər.
Telefonların və digər rəqəmsal cihazların istifadəsi sinifdə öyrənməyə təsir edə bilər. Orta hesabla, OECD ölkələrində şagirdlərin 65%-i ən azı bəzi riyaziyyat dərslərində rəqəmsal cihazlardan istifadə ilə diqqətinin yayındığını bildirib. Daha az əhəmiyyət kəsb etməyən hal odur ki, OECD ölkələrində şagirdlərin 59%-i ən azı bəzi riyaziyyat dərslərində telefon, planşet və ya noutbukdan istifadə edən digər həmyaşıdlar tərəfindən diqqətinin yayındığını bildirib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)