Bütün xəbərlər
11 dekabr, 17:15

Akademik nailiyyətin müəyyənediciləri təkcə sinif daxilindəki tədris prosesi ilə məhdudlaşmır, həmçinin şagirdlərin inkişafında təsirli olan bir sıra xarici amilləri də əhatə edir. Bu amillərə ev mühiti, valideynin övladının öyrənmə prosesində iştirakı, məktəbin fiziki və sosial mühiti və s. amillər daxildir. Son illərdə aparılan araşdırmalar da bu amillərin öyrənənlərin akademik uğurunun müəyyən edilməsində nə qədər əhəmiyyətli olduğunu ortaya qoyur. 

Beynəlxalq şagird nailiyyətlərinin qiymətləndirilməsi tədqiqatlarına görə, öyrənənlərin akademik uğurlarına təkcə məktəbdə aldıqları təhsil deyil, həm də evdə təhsil imkanları, valideynlərin övladlarının təhsil prosesinə göstərdiyi maraq, evdəki resurslar da təsir edir. Məsələn, evdəki kitabların sayı, kompüter və ya internetə çıxış, dərslə məşğul olmaq üçün şagirdin şəxsi otağının və ya narahat edilməyəcəyi sahəsinin mövcudluğu kimi amillər onların öyrənmə qabiliyyətlərinə birbaşa təsir edə bilər. 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) data əsaslı araşdırmaları göstərir ki, valideynlərin övladlarının ev tapşırıqlarına vaxt ayırması, müəllimləri ilə ünsiyyətdə olması, ümumilikdə tədris prosesində fəal iştirak etməsi şagirdlərin uğurlarını artırır. Valideynlərin bu cür iştirakının şagirdlərə, xüsusən də aztəminatlı və aşağı təhsilli ailələrdən olanlara müsbət təsir göstərdiyi aşkar edilmişdir.

Yaxın günlərdə nəticələri yayımlanan TIMSS 2023 (Trends in International Mathematics and Science Study) – Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə tədqiqatı da təkcə tələbələrin riyaziyyat və təbiət elmləri üzrə nailiyyətlərini ölçmür, həm də şagirdlərin öyrənmə prosesinə təsir edən ətraf mühit amillərini - ev mühiti, məktəb şəraiti və tədris metodlarını hərtərəfli qiymətləndirir. Burada şagirdlərin nailiyyətləri təkcə koqnitiv bacarıqlarla deyil, həm də bu bacarıqları formalaşdıran xarici amillərlə əlaqələndirilərək vahid yanaşma ortaya qoyulur. TIMSS 2023 tədqiqatının ev mühiti ilə bağlı anket sorğuları bu amillərin öyrənənlərin akademik performansına necə təsir etdiyini anlamaq üçün vacib məlumatlar təqdim edir. 

Valideynlərin övladlarının tədris prosesində nə dərəcədə iştirakını dəyərləndirmək üçün TIMSS 4-cü sinif valideyn (ev) sorğusunda “Övladınızın məktəbdə etdiyi tapşırıqları tez-tez yoxlayırsınızmı?”, “Övladınızın müəllimi ilə hansı aralıqlarla əlaqə saxlayırsınız?” kimi suallardan istifadə edir və şagirdin evdə aldığı təhsil dəstəyi ilə onun məktəbdəki uğuru arasındakı əlaqəni anlamağa çalışır.  

Məlumdur ki, valideynlərin təhsil səviyyəsi, peşəsi və ailə gəlirləri şagirdlərin uğuruna təsir edən amillərdir. Tədqiqatda şagirdlərin sosial-iqtisadi durumu da qiymətləndirilir və bundan korrelyasiyanın araşdırılması üçün istifadə olunur. “Ailənizin illik gəlir səviyyəsi necədir?” və ya “Valideyninizin təhsil səviyyəsi nədir?” kimi suallar şagirdlərin evdəki sosial-iqtisadi vəziyyətinin onların öyrənmə bacarıqlarına təsirini araşdırır.  

  • Sosial-iqtisadi durumun akademik nailiyyətə təsiri

TIMSS 2023 dataları göstərir ki, şagirdlərin sosial-iqtisadi durumu onların akademik nailiyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Məsələn, 4-cü siniflərdə aparılan anket sorğusuna əsasən: 

  • Ailədə sosial-iqtisadi durumun yüksək olduğunu qeyd edən şagirdlərin riyaziyyat fənni üzrə orta göstəricisi 544 bal, təbiət elmləri üzrə isə 535 bal olub. Bu qrupa daxil olan şagirdlər sorğuda iştirak edən şagirdlərin 30%-ni təşkil edir.
  • Ailədə orta sosial-iqtisadi durumun mövcud olduğunu qeyd edən şagirdlərin riyaziyyat fənni üzrə orta göstəricisi 502 bal, təbiət elmləri üzrə isə 490-dır. Bu qrupa daxil olan şagirdlər sorğuda iştirak edən şagirdlərin 48%-ni təşkil edir.
  • Sosial-iqtisadi vəziyyəti aşağı olan şagirdlərin isə riyaziyyat fənni üzrə orta göstəricisi 459 bal, təbiət elmləri üzrə 444 bal olmaqla onlar digər qruplara nisbətən daha aşağı nəticə əldə ediblər. Bu qrupa daxil olan şagirdlər sorğuda iştirak edən şagirdlərin 22%-ni təşkil edir.

Bu məlumatlar göstərir ki, sosial-iqtisadi vəziyyət təhsilə dair materialların daha çox əlçatanlığı, yüksək keyfiyyətli təhsil imkanları və  dəstəkləyici mühitin təmin edilməsi ilə güclü şəkildə bağlıdır. 

Yüksək sosial-iqtisadi və aşağı sosial-iqtisadi duruma malik şagird qrupları arasında riyaziyyat fənni üzrə ortalamada 85, təbiət elmləri üzrə ortalamada isə 91 bal fərq şagirdlərin təhsil sistemindən bərabər şəkildə yararlanmadığını ortaya qoyur. TIMSS-in nəticələrinə əsasən, tədqiqatçılar bu fikirdədir ki, aşağı sosial-iqtisadi duruma malik şagirdlər mövcud şəraitdə nəinki daha az uğura nail olurlar, həm də təhsil imkanlarından qeyri-bərabər səviyyədə yararlandıqları üçün uzunmüddətli perspektivdə də uğursuz ola bilirlər. 

Azərbaycanın bu baxımdan durumuna gəldikdə isə nəticələr belədir: 

  • Yüksək sosial-iqtisadi duruma malik şagirdlər

      Faiz nisbəti: 7%; Riyaziyyat fənni üzrə orta göstərici: 552 bal; Təbiət elmləri üzrə orta göstərici: 466 bal;

  • Orta sosial-iqtisadi duruma malik şagirdlər

     Faiz nisbəti: 48%; Riyaziyyat fənni üzrə orta göstərici: 511 bal; Təbiət elmləri üzrə orta göstərici: 434 bal;

  • Aşağı sosial-iqtisadi duruma malik şagirdlər

 Faiz nisbəti: 45%; Riyaziyyat fənni üzrə orta göstərici: 468 bal; Təbiət elmləri üzrə orta göstərici: 402 bal.

  • Evdəki mövcud tədris resurslarının akademik nailiyyətə təsiri

TIMSS 2023 tədqiqatı üzrə 8-ci siniflərdə həyata keçirilən şagird sorğusunda şagirdlərin evdə mövcud olan tədris resursları – kitab, kompüter, internetə çıxış, əlavə oxu materialları və s. ilə akademik nailiyyəti arasındakı korrelyasiyanı anlamaq üçün bəzi suallardan istifadə edilib.

  • “Kifayət qədər çox” resursa malik olduğunu qeyd edən şagirdlərin riyaziyyat fənni üzrə orta göstəricisi 524 bal, təbiət elmləri üzrə isə 525 bal olub. Bu qrupa daxil olan şagirdlər sorğuda iştirak edən şagirdlərin 26%-ni təşkil edir.
  • “Bir qədər” resursa malik olduğunu qeyd edən şagirdlərin riyaziyyat fənni üzrə orta göstəricisi 474 bal, təbiət elmləri üzrə isə 473 bal olub. Bu qrupa daxil olan şagirdlər sorğuda iştirak edən şagirdlərin 45%-ni təşkil edir.
  • “Daha az” resursa malik olduğunu qeyd edən şagirdlərin riyaziyyat fənni üzrə orta göstəricisi 429 bal, təbiət elmləri üzrə isə 425 bal olub. Bu qrupa daxil olan şagirdlər sorğuda iştirak edən şagirdlərin 28%-ni təşkil edir.

Ölkəmizdəki durum:

  • “Kifayət qədər çox” resursa malik şagirdlər

   Faiz nisbəti: 12%; Riyaziyyat fənni üzrə orta göstərici: 534 bal; Təbiət elmləri üzrə orta göstərici: 457 bal;

  • “Bir qədər” resursa malik şagirdlər

       Faiz nisbəti: 50%; Riyaziyyat fənni üzrə orta göstərici: 491 bal; Təbiət elmləri üzrə orta göstərici: 421 bal;

  • “Daha az” resursa malik şagirdlər

   Faiz nisbəti: 38%; Riyaziyyat fənni üzrə orta göstərici: 450 bal; Təbiət elmləri üzrə orta göstərici: 387 bal.

  • Məktəbəqədər təhsildə ilkin savadlılıq və hesablama fəaliyyətlərində aktiv iştirakın məktəb dövründəki akademik nailiyyətə təsiri

TIMSS 2023 məlumatları göstərir ki, məktəbəqədər təhsildə ilkin savadlılıq, ilkin hesablama fəaliyyətlərində aktiv iştirak şagirdlərin 4-cü sinif səviyyəsində riyaziyyat və təbiət elmləri üzrə nailiyyətlərinə əhəmiyyətli təsir göstərir. Həmçinin valideynlərin uşaqları bu fəaliyyətlərə təşviq etməsinə, onlarla oxuma, yazma və hesablama fəaliyyətlərini hansı aralıqlarla icra etdiklərinə - fəaliyyət tezliyinə diqqət yetirilir. Bu sorğuda valideynlər “çox tez-tez”, “tez-tez” və ya “bəzən” cavablarından birini seçməklə məktəbəqədər təhsil dövründə övladları ilə hansı tezliklə məşğul olduqlarını qeyd ediblər. Məktəbəqədər təhsil dövründə:

  • Valideynləri ilə “çox tez-tez” məşğul olan şagirdlərin riyaziyyat fənni üzrə orta göstəricisi 523 bal, təbiət elmləri üzrə isə 513 bal olub. Bu qrupa daxil olan şagirdlər digər şagirdlərin 21%-ni təşkil edir.
  • Valideynləri ilə “tez-tez” məşğul olan şagirdlərin riyaziyyat fənni üzrə orta göstəricisi 507 bal, təbiət elmləri üzrə isə 496 bal olub. Bu qrupa daxil olan şagirdlər digər şagirdlərin 53%-ni təşkil edir.
  • Valideynləri ilə “bəzən” məşğul olan şagirdlərin riyaziyyat fənni üzrə orta göstəricisi 487 bal, təbiət elmləri üzrə isə 475 bal olub. Bu qrupa daxil olan şagirdlər digər şagirdlərin 26%-ni təşkil edir.

Ölkəmizdəki durum:

  • Valideynləri ilə “çox tez-tez” məşğul olan şagirdlər

    Faiz nisbəti: 15%; Riyaziyyat fənni üzrə orta göstərici: 518 bal; Təbiət elmləri üzrə orta göstərici: 443 bal;

  • Valideynləri ilə “tez-tez” məşğul olan şagirdlər

    Faiz nisbəti: 58%; Riyaziyyat fənni üzrə orta göstərici: 505 bal; Təbiət elmləri üzrə orta göstərici: 431 bal;

  • Valideynləri ilə “bəzən” məşğul olan şagirdlər

   Faiz nisbəti: 28%; Riyaziyyat fənni üzrə orta göstərici: 462 bal; Təbiət elmləri üzrə orta göstərici: 394 bal.

TIMSS 2023-ə əsasən, valideynlərin övladlarına erkən yaşda göstərdikləri təhsil dəstəyi, bu kimi fəaliyyətlərdə iştirak tezliyi ilə məktəb dövründə şagirdlərin riyaziyyat və elm üzrə nailiyyətləri arasında beynəlxalq səviyyədə əhəmiyyətli korrelyasiya mövcuddur.

Bu qeyd olunan elementlər arasında qarşılıqlı əlaqəni düzgün başa düşmək təhsildə bərabərsizliyi azaltmaq və daha ədalətli təhsil sistemi yaratmaq üçün vacib nüansdır. TIMSS 2023 məlumatları və əvvəlki illərin araşdırmaları göstərir ki, təhsildə daha əhatəli və effektiv siyasətlərin hazırlanması, bu siyasətlərin öyrənənlərin ehtiyaclarına uyğun formalaşdırılması, həm məktəb, həm də ev mühitində verilən dəstəyi yaxşılaşdırmaq üçün addımların atılması təhsilin inkişafı üçün vacibdir. 

Bu məlumatlar ev mühitində təhsillə bağlı bərabərsizlikləri aradan qaldıran və valideynlərin övladlarının təhsilində fəal iştirakını təşviq edən siyasət və təşəbbüslərin əhəmiyyətini vurğulayır. Tədqiqatın nəticələri göstərir ki, təhsil üçün dəstəkləyici, səmərəli, əlçatan ev mühiti yaratmaq və valideynlərin iştirakını artırmaqla təhsil nəticələri milli və beynəlxalq səviyyədə əhəmiyyətli dərəcədə yaxşılaşdırıla bilər.

Ceyla Səmədzadə,
Qarabağ Universitetinin Tədris şöbəsinin Monitorinq və qiymətləndirmə sektorunun mütəxəssisi

Şərhlər

Xəbər lenti

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.