Bütün xəbərlər
17 mart, 13:29

“Azərbaycan müəllimi”nin növbəti müsahibi  “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin ilk 10-luğunda yerləşən ABŞ-nin Kolumbiya Universitetinin tələbəsi Fuad Cəfərlidir. O, adıçəkilən ali təhsil müəssisəsində “Mülki inşaat və mühəndislik mexanikası” ixtisası üzrə magistratura səviyyəsində təhsil alır. Qeyd edək ki, ABŞ-nin ən nüfuzlu universitetlərinin daxil olduğu “Sarmaşıq” liqasının (The Ivy League) üzvü olan Kolumbiya Universitetinin illik ortalama qəbul faizi 4%-dir. Yəni sənəd göndərənlərin sadəcə 4%-i burada təhsil almaq haqqı qazanır.

F.Cəfərli Bakı şəhərində anadan olub. Paytaxdakı 182 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib. Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində “İnşaat mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili alıb. Bakalavr təhsili dövründə aktiv tələbələrdən olub. Rektorluq və dekanlıq tərəfindən dəfələrlə mükafatlandırılıb, bakalavr təhsilini qırmızı diplomla bitirib. 

Müsahibimiz uğurlarında ilk təhsil aldığı orta məktəbin, müəllimlərinin rolunu yüksək qiymətləndirir.

- Fikrimcə, orta məktəbin bir təməl kimi uşağın həm sosial, həm də təhsil həyatında əhəmiyyəti böyükdür. Uşaqların fənləri erkən yaşda sevməsi çox vaxt  onların müəllimləri ilə bağlı olur. Əlbəttə, mənim də inkişafımda fənlərini sevdiyim müəllimlərin rolu böyük olub. Xüsusilə sinif rəhbərlərim Mirxanım Abdullayeva və Həlimə Bağırovanın əməyini xüsusi vurğulamalıyam.

- “2022-2028 Dövlət Proqramı” sizin üçün nə kimi imkanlar açdı, proqramın əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Ümumiyyətlə, proqram hər bir Azərbaycan vətəndaşına dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq xaricdə ən yaxşı universitetlərdə tam təqaüdlü təhsil almaq hüququ verir. Mən də bu gənclərdən biri oldum ki, bu gün Amerika Birləşmiş Ştatlarının ən nüfuzlu ali təhsil müəssisələrindən olan Kolumbiya Universitetində (Columbia University) tam təqaüdlü təhsil alıram. Proqramın əhəmiyyəti sadəcə gənclərə uğurlu kariyera, dövlət qulluğuna imtahansız işə qəbul hüququ verməklə qalmır, həm də ümumən onların savadlı, uğurlu gənclər kimi yetişməsində çox böyük əhəmiyyət daşıyır ki, bu da öz növbəsində Azərbaycanın gələcəyi deməkdir.

- Gənclərimizin xaricdə təhsilə marağı güclənib. Bu marağı nə ilə izah edərdiniz? 

- Bu marağın əsas səbəbi ondan ibarətdir ki, əvvəllər xaricdə təhsil almağı məhdud maliyyə  və ya digər səbəblərdən düşünməyən gənclər, indi artıq ümidlidirlər. Xaricdə təhsil almaq bahalı bir prosesdir. Xüsusilə ABŞ, Böyük Britaniya kimi ölkələrdə pulsuz təhsil çox çətindir. Gənclərimiz artıq ümidlidirlər, çünki inanırlar ki, Dövlət Proqramı çərçivəsində artıq tam təqaüdlü təhsil almaq heç də uzaq deyil. Tövsiyəm o olardı ki, gördükləri işdə ən yaxşı olmağa çalışsınlar və heç vaxt ümidlərini itirməsinlər. Bu, hər zaman öz bəhrəsini verir.

- Seçdiyiniz ixtisas barədə məlumat verərdiniz. “Mülki inşaat və mühəndislik mexanikası” sizin üçün nə dərəcədə maraqlı ixtisas sahəsidir?  

- Mən Azərbaycanda da “İnşaat mühəndisliyi” ixtisası üzrə təhsil almışam. Bu sahəni çox kiçik yaşlardan sevirəm. Fikrimcə, bu sahə dünyada hər zaman aktualdır. Bəşəriyyət var olduqca insanlar qurub-yaratmağa davam edəcəklər. Azərbaycanda isə neft sektoru çox inkişaf edib. İnşaat mühəndisliyinin də bu sahədə böyük əhəmiyyəti var, ancaq hazırda ölkəmiz qeyri-neft sektoruna da böyük diqqət ayırır. Bu yaxşıdır ki, inşaat mühəndisliyi bu sahədə də rahatlıqla tətbiq oluna bilir. Ümumiyyətlə, hər bir binanın və ya strukturun özünün hesablanan istismar dövrü var. Müəyyən dövrdən sonra ya təmir edilməlidir, yaxud yenidən qurulmalıdır. Ona görə, düşünürəm ki, bu sahə hələ uzun müddət aktual olacaq.

- “Mülki inşaat” mütəxəssisi kimi gələcəkdə Azərbaycanda hansı sahələrdə töhfə verməyi düşünürsünüz?

- Azərbaycan iqtisadi olaraq çox potensiallı və təbii sərvətlərlə zəngin ölkədir. Hazırda ölkəmizdə tikinti və daşınmaz əmlakla bağlı çox ciddi, indiyədək edilməmiş layihələrə imza atılır. Həm turizm sahəsində, həm neft sektorunda, həm də işğaldan azad olunan torpaqlarımızda. Bu inkişafa bacardığım qədər töhfə vermək istəyərdim. Tikinti və infrastruktur layihələr başqa bir mənada da ölkənin simvoluna çevrilir. “Formula 1” yarışları zamanı arxada görsənən “Crescent Bay” layihəsi, Heydər Əliyev Mərkəzi, Alov Qüllələri və ya neft sektorunda meqalayihə olan Bakı-Tbilisi-Ceyhan layihəsi. Bunların hamısı öz növbəsində ciddi tikinti tələb edən layihələrdir. Əlbəttə, mən də bu kimi böyük layihələrdə aparıcı rollarda olmaqdan çox xoşbəxt olardım. 

Bundan başqa, hazırda həm Qarabağda, həm də ölkəmizin digər guşələrində çox böyük layihələrə imza atılır. Qarabağdakı layihələr sadəcə tikinti sektoru üçün yox, həm də ölkəmizin nüfuzu üçün böyük əhəmiyyət daşıyır. Bu səbəbdən mən də bu tarixi uğura və parlaq gələcəyə öz töhfəmi vermək istəyərəm.

- Kolumbiya Universitetinin ali təhsil ənənələri, əcnəbi tələbələr üçün yaradılan şərait barədə nə deyərdiniz? Yaddaqalan, diqqətinizi cəlb edən hansı məqamları qeyd edə bilərsiniz?

- Kolumbiya Universiteti əcnəbi tələbələrlə zəngindir. Burada dünyanın hər bir yerindən gələn insanlarla qarşılaşmaq olur. Universitetin tək ABŞ tarixində yox, digər ölkələrin də elmi-sosial həyatında böyük rolu olmuşdur. Diqqətimi cəlb edən məqam odur ki, burada tələbələr universitetə sadəcə təhsil müəssisəsi kimi baxmır, həm də özlərini bu ali məktəbin bir parçası kimi hiss edirlər. Ona görə hər kəs çalışır ki, universitetin sosial həyatında aktiv iştirak etsin.

- Universitetdə tələbələrin elmə, elmi-tədqiqatlara cəlb olunması üçün nə kimi işlər görülür?  

- Burada tələbələrin fikirlərini və yeni ideyalarını hər zaman anlayışla qarşılayırlar. Ümumiyyətlə, innovasiyanın ən vacib açarı tələbələrin fikirlərinə və ideyalarına onlardan daha çox səlahiyyətli şəxslərin, universitet rəhbərliyi, akademik heyətin, professorların inanması və dəstək göstərməsidir. Kolumbiya və ABŞ-nin digər nüfuzlu universitetləri bunu çox yaxşı bacarır və bir çox innovasiyalara imza atırlar. Bununla yanaşı, universitetin infrastrukturu, kitabxanalarının çoxluğu və zənginliyi, 7/24 saat fəaliyyət göstərən oxu otaqları tələbələrin öz təhsillərinə fokuslanmalarında böyük əhəmiyyət daşıyır.

- Gələcək hədəfləriniz barədə nə deyə bilərsiniz?

- Gələcək hədəfim hazırda ortalama 4 üzərindən 3.9 olan balımı qorumaq və daha da yaxşılaşdırıb təhsilimi yüksək balla bitirməkdir. Gələcək planlarım isə ondan ibarətdir ki, seçdiyim bu sahədə ən uğurlulardan olum və biliyimi həm artırım, həm də digər sahələri də öyrənim. İnsan ömür boyu inkişaf etməlidir. Fikirləşirəm ki, ölkənin inkişafı onun fərdlərinin inkişafından çox asılıdır. Mən də bacardığım qədər inkişaf edərək həm cəmiyyətimizə, həm də ölkəmizin dayanıqlı inkişafına öz töhfəmi vermək istəyirəm.

Şərhlər

Xəbər lenti

30 mart, 10:13

Tarixi faciələr şagirdlərə necə öyrədilməlidir?

29 mart, 15:35

“Şagirdlərin biliyinə qiymət vermək haqqında” QƏZETİN ARXİVİNDƏN

28 mart, 14:07

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

28 mart, 12:38

Əminağa Sadıqov: Elmi nəticələrimizi bazara çıxarmağa çalışmalıyıq

28 mart, 12:31

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı nüfuzlu elmmertik platformada qeydiyyata alınıb

28 mart, 10:39

Martın 29-da ilin ilk Günəş tutulması olacaq

27 mart, 17:22

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı"na sənəd qəbulu başlayır

27 mart, 16:15

İqtisad elminin yorulmaz tədqiqatçısı, alim, pedaqoq

27 mart, 15:19

Prezident və birinci xanım Sarıcalıda məktəb və bağça açılışında iştirak ediblər

27 mart, 12:50

Nazir Fransa və digər Qərbi Avropa ölkələrində azərbaycanlı tələbələrlə görüşüb

27 mart, 11:52

Tələbə yaz məktəbləri uğurla davam edir

27 mart, 10:29

“Gənc müəllimlərin peşəkarlıq səviyyəsi artdıqca təhsilin səviyyəsi artır” – MÜSAHİBƏ

27 mart, 10:00

27 Mart Azərbaycanda Elm Günüdür

26 mart, 21:27

Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

26 mart, 16:30

Motosiklet sürücülərinin təhlükəsizliyi ilə bağlı layihə  – Şagirdlərin yeni təşəbbüsü

26 mart, 14:48

Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektoruna yeni müdir təyin olunub

26 mart, 12:48

Elm və təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Parisdə bir sıra görüşlər keçirib

26 mart, 12:46

Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 mart, 12:02

Qazaxıstan universitetlərinə sənəd qəbulu davam edir

25 mart, 18:21

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.