Bütün xəbərlər
test
13 yanvar, 16:18

Xaricdə yaşayan azərbaycanlılar üçün “Ana dili - Azərbaycan məktəbi” layihəsi bu il də davam edəcək. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının ötən tədris ilindən başlayan layihəsi üçün növbəti dəfə qeydiyyat başlayıb.

Hazırda 300 azərbaycanlı ana dilini öyrənir

“Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilini məsafədən öyrənmə imkanını təmin edən layihədir. Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edirlər. 

Dərsləri ödənişsiz əsaslarla təcrübəli mütəxəssislər keçirlər. Hazırda 300-dən çox azərbaycanlı dərslərə qoşulub.

“Maraq o qədər böyük olub ki, dərslərimizə valideynlər də qoşulub”

Dünəndən start götürən növbəti  - dördüncü qeydiyyat prosesi uğurla davam edir və artıq 100-dən çox müraciət var. 

Layihənin koordinatoru, AGMA-nın İctimaiyyətlə əlaqələr üzrə meneceri Fidan Quluzadə “Azərbaycan müəllimi”nə müsahibəsində deyib ki, xaricdə yaşayan azərbaycanlılara Azərbaycan dili öyrədilir, ölkəmizin tarixi, mədəniyyəti, coğrafiyası tədris edilir: “İndiyədək Türkiyə, Çin, Gürcüstan, Cənubi Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, İsveç və Avstraliyadan olan soydaşlarımız həvəslə qoşulublar. 6-18 yaşlı hər kəsə yaşına uyğun şəkildə tədris həyata keçirilir. Maraq o qədər böyük olub ki, dərslərimizə hətta valideynlər də qoşulub”. 

Maraq çox olduğundan 18 yaşdan yuxarı olanlar üçün 2 qrup açılıb. “Microsoft Teams” platformasında 2 il davam edən layihədə 955 nəfər qeydiyyatdan keçib: “Müraciətçiləri qruplara böldük, 6-8, 9-10, 11-13 və 18 yaşdan yuxarı olaraq qruplaşdırdıq”.

Layihənin növbəti yarımil üçün qeydiyyatı da uğurlu başlayıb: “Bu tədris ili üçün də belə olacağını düşünürük. İki gün ərzində qeydiyyatdan keçənlərin sayı bunu deməyə əsas verir. Qeydiyyatın ikinci günündə müsbət geridönüşlər alırıq. 1 gün ərzində 100-dən çox müraciət olub”. 

Layihənin effektindən danışan F.Quluzadə əlavə edib ki, iştirakçıların danışıq qabiliyyəti inkişaf edib – uşaqlar fikirlərini ifadə edir, danışılanları başa düşür, şeirlər deyirlər. Yarım ildə 24 saat dərs nəzərdə tutulur.

Layihəyə dünyanın hər yerindən azərbaycanlılar qoşulub: “Bu il ilk dəfə Yeni Zenlandiya, Tanzaniya, hətta Qanadan qoşulanlar olub, ABŞ-dən qoşulanların sayı artıb”.

“Azərbaycanlılara ingilis dilini öyrətmək Azərbaycan dilini öyrətməyin verdiyi xoşbəxtliyi vermirmiş”

“Microsoft Teams” platforması vasitəsilə layihədə 10-dan çox müəllim iştirak edib və onlardan biri Hüzurə Ağayevadır: “İngilis dili müəllimiyəm. Layihə çərçivəsində, əsasən, ABŞ-dən olan tələbələrə Azərbaycan dilini öyrədirdim. Düzü, azərbaycanlılara ingilis dilini öyrətmək Azərbaycan dilini öyrətməyin verdiyi xoşbəxtliyi vermirmiş, bu layihədə iştirak mənə belə hiss etdirdi. Hətta ingilisə Azərbaycan dilini tədris etmək də fərqli hissdir. Bu hissləri yaşadıqdan sonra azərbaycanlıya ingilis dili öyrətmək mənim üçün adiləşib”.

Hüzurə müəllim bu layihənin effektinin fərqli olduğunu deyir: “Layihəni çox sevdim və çox həvəslə qoşuldum. Bu, dilimizi başqa bir ölkədə yaşayan insanlar arasında təbliğ etməkdir və bu prosesə qoşulmaq şansı əldə etdiyim üçün çox xoşbəxtəm. Vaxtilə Azərbaycanda yaşayan insanların uşaqlarına Azərbaycan dilində danışmağı öyrədirik. Sadəcə, ailələrində eşitdiyi dildə uşaqlarla danışmağımız onların çox xoşlarına gəlir. Bu baxımdan Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının layihəsi təqdirəlayiqdir”.

Hüzurə müəllim prosesin uğurundan da danışıb: “Proses o qədər uğurlu getdi, azərbaycanlılar öz aralarında layihəni elə təbliğ etdilər ki, müraciət edənlərin sayı qısa müddətdə artdı. Ötən tədris ilinin ikinci yarımilində yenidən qeydiyyatdan keçənlər çox oldu. Uşaqlar həvəsli olduğundan bəzən nəzərdə tutulan dərsi vaxtında yekunlaşdırmaq olmur. Dərsimiz 50 dəqiqə nəzərdə tutulub. 10 dəqiqə fasilə ilə növbəti dərsə qoşuluruq. Amma uşaqlar elə maraq göstərirlər ki, 50 dəqiqə sonra “Bizim hələ 10 dəqiqəmiz də var” deyirlər”.

“Layihənin davamlı olmasını bir müəllim kimi mən də arzulayıram”

Şahin Yusifli Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekan müavinidir. Layihənin ilk günündən böyüklərə dərs keçir: “Həmvətənlərimizin Azərbaycan dilində bacarıqlarının artırılması istiqamətində əhəmiyyətli layihələrdən biridir. Dünyadakı azərbaycanlılarla - gənclərlə, uşaqlarla məşğul olur, onlara ana dilində danışmağı öyrədirik. Özü də əlifbadan başlayıb ən yuxarı səviyyələrə qədər”.

Şahin müəllim də gördüyü işin nəticələrindən razıdır: “İstər şagirdlərdən, istərsə də onların valideynlərindən yüksək rəylər alırıq və bu fikirlər bizi qürurlandırır, layihədə daha həvəslə çalışırıq. Elə bu səbəbdən layihənin davamlı olmasını bir müəllim kimi mən də arzulayıram”.

“Dünya azərbaycanlılarının həmrəyliyi” ifadəsinin əsl mahiyyətini onda anladım”

Layihənin daha bir müəllimi Ləman Məmədova öz işi və bütövlükdə layihənin nəticəsi ilə qürur duyur: “Bu layihənin bir parçası olandan sonra, dünya azərbaycanlıları arasında kommunikasiya alətlərindən birinə çevriləndə “dünya azərbaycanlılarının həmrəyliyi” ifadəsinin əsl mahiyyətini anladım. Qruplarda hər ölkədən azərbaycanlı təmsil olunurdu. Məsələn, bir qrupda Ərəbistandan, Almaniyadan, Rusiyadan uşaqlar qoşulub, amma bir-birilə ünsiyyət qura bilmirdilər. 

Layihənin sonlarına doğru onların öz aralarında söhbət etdiklərini görəndə çox qürurlandıq, hətta Azərbaycanda görüşüb danışmaq istəklərinə vasitəçilik etdik. Reallaşan o görüş maraqlı, qürur dolu görüntülərlə yadda qaldı. Çin, Qırğızıstan, ABŞ, Kanada, Avstriyadan qoşulan azərbaycanlılar bir müddət sonra burada görüşərək bir-birilə real əlaqə qurdular. Hər zaman deyirik ki, ana dilimiz bizi birləşdirən dəyərdir. Amma bu ifadənin nə qədər doğru olduğunu bu layihə sayəsində bir daha təsdiqlədim. Layihədə iştirak, dilin qoruyucusu, daşıyıcısı olmaq çox böyük qürurdur”.

Valideyn: “Yoxsa uşaqlar ana dilində danışığı tədricən itirəcəklər”

Yusif Hüseynli layihəyə Almaniyadan qoşulan Sara və Mayanın atasıdır: “2005-ci ildə Almaniya dövlətinin verdiyi təqaüdlə təhsil almaq üçün bu ölkəyə gəldim və  təhsilimi tamamlayandan sonra Azərbaycana qayıtmadım. Arada ABŞ-də yaşadım və qızım Sara orada doğuldu. Sonra yenidən Almaniyaya qayıtdım”.

Qızlarından biri ABŞ, digəri Almaniya vətəndaşı olan bu “beynəlmiləl” ailəni də AGMA-nın layihəsi “birləşdirib”. Layihə barədə 2023-cü ilin yayında sosial şəbəkələrdən məlumat alan Y.Hüseynli ona dərhal qoşulmağa qərar verib: “Əvvəllər uşaqlarımıza Azərbaycan dilini evdə özümüz öyrədirdik. Problem ondadır ki, Azərbaycan dilini xarici dil kimi tədris edən dərslik yoxdur və ya biz onları tapa bilmədik. Alman müəllifin “Azərbaycan dili” dərsliyi əsasında uşaqlara dərs keçirdim. Amma bu sahədə təcrübəmin olmaması yaxşı nəticə əldə etməyimə imkan vermirdi”.

“Ana dili – Azərbaycan məktəbi”nin dərslərinin müsbət nəticələrini isə hiss etməyə başlayıblar: “Uşaqlar artıq bir çox hallarda Azərbaycan dilində özlərini ifadə edə bilir və əksər danışığı anlayırlar. Layihənin davam etməyi, məncə, çox vacibdir, xaricdə yaşayan azərbaycanlı ailələrə böyük köməkdir. Yoxsa uşaqlar ana dilində danışığı tədricən itirəcəklər”.

“Mənimlə qrup yaradıb dilimizi öyrənəcək 1 azərbaycanlı belə tapa bilmədim”

Layihənin daha bir iştirakçısı Elyar Haşiminin valideynləri Cənubi Azərbaycandandır. Atası Mirsadiq Haşimi “Azərbaycan müəllimi”nə müsahibəsində deyib ki, onlar İsveçdə 1989-cu ildən yaşayırlar. 12-13 yaşından İsveçdə məskunlaşan Mirsadiq Haşimi indiyədək Azərbaycan dilini öyrənməyə çalışsa da, buna nail ola bilməyib. Ana dilini xaricdə öyrənməyin çətinliklərindən danışan Mirsadiq Haşiminin fikrincə, bu çətinlikləri görənlər, yaşayanlar layihənin nə qədər əhəmiyyətli olduğunu daha yaxşı anlayar: “İranda, bilirsiniz ki, dilimizi öyrənməyə imkan verilmir. Azərbaycan dilini, sadəcə danışıq səviyyəsində öyrənirik, əsas danışıq, yazı dili fars dili olur. İsveç isə ana dili məsələsinə həssas yanaşan ölkələrdəndir. Burada insanların öz ana dilində yazıb-oxuması üçün hər cür imkan yaradılır. Azərbaycan dilini qrammatik cəhətdən də öyrənmək üçün müvafiq qaydada müraciət etdim, mənə bildirildi ki, 5 nəfər azərbaycanlı yığılarsa, Stokholmdan müəllim dəvət edərlər. İnanın ki, nə qədər araşdırsam da, mənimlə qrup yaradıb dilimizi öyrənəcək 1 azərbaycanlı belə tapa bilmədim. O zaman təklif etdilər ki, Türkiyə türkcəsini öyrənən qruplara qoşula bilərəm, onu da mən istəmədim”.  

Dəfələrlə Azərbaycan dilini öyrənmək üçün yollar axtarsa da, hər dəfə xəyal qırıqlığı yaşayıb. Buna görə də layihə barədə eşidən kimi dərhal müraciət edib: “Elyar balamı mən qeydiyyatdan keçirdim. Bu layihəyə qədər Azərbaycan dilində onunla atam məşğul olurdu. Atam yazıçıdır və oğlumu evdə öyrədirdi. Amma indi dilimizin qrammatikasını mükəmməl şəkildə öyrənir və hətta doğru bilmədiyimiz sözləri bizə öyrədir. Məsələn, biz “başmaq” deyirik və oğlum bizə dedi ki, siz düz demirsiz, “başmaq” yox, “ayaqqabı” demək lazımdır. Bu, çox xoşuma gəldi”.

Xatırladaq ki, dünəndən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili – Azərbaycan məktəbi”nə ikinci yarımil üzrə qeydiyyata start verib. 

İkinci yarımil üzrə dərslərin bu ayın 25-dən başlaması nəzərdə tutulur.

1 /2

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20January%202025/053e4331-b48c-4a1e-aa20-8ac4a2dcdeb6_WhatsApp%20Image%202025-01-13%20at%2016.17.19.jpeg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20January%202025/910ab9f9-0338-44fc-bed3-419de3796d12_WhatsApp%20Image%202025-01-13%20at%2016.17.18%20(1).jpeg

Xəbər lenti

14 yanvar, 16:30

BDU-da sümük nümunələrinin genetik DNT analizinin aparılması planlaşdırılır

14 yanvar, 16:12

“Uşağa bir şəxsiyyət kimi yanaşmaq lazımdır” – Psixoloq rəyi

14 yanvar, 16:05

Uçan maşınlar reallığa çevrilə bilər?

14 yanvar, 15:36

Regionlarda işləyən müəllimlər ipotekadan necə yararlana bilərlər?

14 yanvar, 15:31

TİF ilə Azərbaycan Milli Konservatoriyası arasında görüş keçirilib

14 yanvar, 15:18

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsinin keçiriləcəyi tarix açıqlandı

14 yanvar, 15:16

Bu günədək ipoteka krediti alan müəllimlərin sayı açıqlanıb – RƏSMİ

14 yanvar, 15:05

Beynəlxalq olimpiadalara hazırlıq dərsləri interaktiv metodlarla keçirilir 

14 yanvar, 15:04

“Qaydaları başa düşmədim”

14 yanvar, 15:04

Xaricdə yaşayan azərbaycanlı alim: “Beyin köçü”nü “beyin gücü”nə çevirə bilərik

14 yanvar, 15:00

Ağstafada “Konstitusiya və Suverenlik ili” ilə bağlı intellektual yarış keçirilib

14 yanvar, 14:52

İkinci ali təhsil: Yeni diplom, ya daha geniş karyera perspektivləri?

14 yanvar, 14:19

Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti AHİK-də rəsmi görüşlər keçirib

14 yanvar, 14:14

Bu il 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq

14 yanvar, 14:06

"Tikinti sektoru üzrə peşə təhsilində dövlət-özəl əməkdaşlığının rolu" mövzusunda müzakirələr keçirilib

14 yanvar, 12:58

Biləsuvar məktəblisi 2 fənn üzrə olimpiadanın yarımfinal mərhələsində iştirak edəcək

14 yanvar, 12:53

NASA-nın peykləri Xəzər dənizində “yoxa çıxan” adanı qeydə alıb

14 yanvar, 12:50

Elektrik sobaları ilə qızdırılan məktəblə bağlı rəsmi AÇIQLAMA

14 yanvar, 12:41

AzMİU və Özbəkistan universitetləri arasında beynəlxalq əməkdaşlıq yeni mərhələyə qədəm qoyur

14 yanvar, 12:29

Universitetlərimiz dünya reytinqində: məlumatlarınızı təqdim etməyin vaxtıdır

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.