Təhsildə keyfiyyətin təminatı müəyyən sahələrdə keyfiyyətə nail olmaq, onu davam etdirmək və daha da artırmağı nəzərdə tutur. Bütün bunlar isə qiymətləndirmə prosesi vasitəsilə həyata keçirilir. Qiymətləndirmə prosesi məktəblər, məktəb rəhbərləri, müəllimlər və digər təhsil işçiləri, təhsil proqramları və ya bütün təhsil sisteminin fəaliyyəti kimi müxtəlif istiqamətlərdə aparıla bilər. Məktəblərin xarici qiymətləndirilməsi prosesini daha yaxşı başa düşmək üçün dünya təcrübəsinə nəzər salmaq məqsədəuyğun hesab edilir. Buna görə də məqalədə bir neçə Avropa ölkəsinin xarici qiymətləndirmə prosesi ilə bağlı təcrübəsi araşdırılıb.
Giriş
Məktəbin qiymətləndirilməsi onların müəyyən olunmuş standartlara əsasən keyfiyyətinin monitorinqidir. O, tədris, öyrənmə və yaxud idarəçiliyin bütün aspektləri daxil olmaqla, məktəb fəaliyyətinin geniş spektrini araşdıra bilər.
Məktəb qiymətləndirməsinin iki əsas növü var: sözügedən məktəbdən olmayan qiymətləndiricilər tərəfindən aparılan xarici qiymətləndirmə və məktəb işçiləri tərəfindən həyata keçirilən daxili qiymətləndirmə. Burada biz məktəblərin xarici qiymətləndirməsi istiqamətində bir neçə avropa ölkəsinin təcrübəsini araşdırıb müqayisəli təhlilini verməyə çalışacağıq. Aparılmış araşdırmalara əsasən müəyyən edilmişdir ki, məktəblərin xarici qiymətləndirilməsi prosesi üç əsas amilə xidmət edir
• Qiymətləndirmə məktəb keyfiyyətinə dair gözləntiləri müəyyən edir (yəni “yaxşı məktəbi” göstərən qiymətləndirmə meyarları və standartları ilə);
• Xarici qiymətləndirmənin nəticələri maraqlı tərəflərlə (məktəb şuraları/rəhbərliyi, valideynlər və şagirdlər) paylaşılır, maraqlı tərəflər;
• Xarici qiymətləndirmə məktəbdaxili idarəetmə proseslərinin təkmilləşdirilməsini təşviq edir və stimullaşdırır.
Məktəblərin xarici qiymətləndirilməsinin mahiyyəti ilə tanış olduqdan sonra bir neçə ölkədə onun aparılması qaydaları və istiqamətləri ilə tanış olaq.
Albaniyada məktəblərin xarici qiymətləndirilməsi
İdarəetmə / Məktəblərin xarici qiymətləndirilməsinə cavabdeh olan orqan
Albaniyada məktəbin qiymətləndirilməsi əsasən Universitetəqədər Təhsil haqqında Qanun (2012, 2015 və 2018) və 2014-2020-ci illər üçün Universitetəqədər Təhsil üzrə Milli Strategiya sənədləri əsasında aparılır. Universitetdən əvvəl Təhsildə Keyfiyyətin Təminatı Agentliyi (AQAPUE) 2019-cu ilin fevral ayında Dövlət Təhsil Müfəttişliyi (SEI) və Təhsilin İnkişafı İnstitutunun (İDE) birləşməsi kimi yaradılıb. O, kurikulumun dizaynı, müəllimlərin peşəkar inkişafı, məktəbin və təhsil sisteminin fəaliyyətinin qiymətləndirilməsi daxil olmaqla bir çox sahələri əhatə edən geniş mandata malikdir. Onun məktəblərin qiymətləndirməsi üzrə öhdəliklərinə qiymətləndirmə çərçivəsinin və təlimatların idarə edilməsi və xarici məktəb qiymətləndiricilərinin hazırlanması daxildir. Onlar həmçinin təhsil, gənclər və idman nazirinin əmri ilə risk əsaslı qiymətləndirmələr də apara bilərlər.
Məktəblərin xaricdən qiymətləndirməsi üçün məsuliyyət Universitetdən əvvəl Təhsil Baş Müdirliyinə (GD PUE) aiddir. Qiymətləndiricilər indi Albaniyanın dörd yeni regional direktorluğunda yerləşir və onların hər birinin onlara hesabat verən və məktəblərlə əlaqə saxlayan 12-16 yerli təhsil idarəsi (cəmi 51) var. Xarici qiymətləndirmələrin keyfiyyətinə nəzarət risk faktoruna əsaslanır.
İstinad standartları / xarici qiymətləndirmə üçün çərçivə sənədlərinin istifadəsi
Həm xarici, həm də daxili məktəb qiymətləndirməsi üçün əsas istinad kimi ilkin olaraq 2011-ci ildə hazırlanmış Albaniyanın məktəb qiymətləndirmə çərçivə sənədi yenidən işlənmişdir. 2011-ci il çərçivə sənədi yeddi sahəni əhatə edir: kurikulumun tətbiqi; tədris və öyrənmə; məktəb mühiti və etikası; şagird ehtiyacları; məktəb rəhbərliyi; insan resurslarının inkişafı və şagird nailiyyətlərinin qiymətləndirilməsi.
Albaniyada xarici qiymətləndiricilər hər bir məktəb qiymətləndirməsində hansı sahələr və göstəricilərin diqqət mərkəzində olacağına ayrı-ayrılıqda qərar verirlər ki, bu da məktəblər arasında nəticələri müqayisə etməyi çətinləşdirir. Bu qiymətləndirmələr araşdırılan hər bir sahə və göstərici üçün bir (çox yaxşı) ilə dörd (zəif) arasında qiymət və ümumi reytinqlə nəticələnir.
Məktəbə səfərlərin tezliyi
Albaniyada məktəblərin xarici qiymətləndirilməsi özünü təkmilləşməyə xidmət edir. Albaniyada xarici qiymətləndirmə qanunla icbaridir və hər 4 ildən bir keçirilir.
Xarici qiymətləndirmənin nəticələri
Əvvəllər xarici məktəb qiymətləndirmələri şifahi rəy və müfəttişliyin internet saytında yerləşdirilən yekun hesabatla nəticələnirdi. Son dövrlərdə isə yekun hesabata tövsiyələr də daxil edilmişdir. Təhsil üzrə Dövlət Müfəttişliyi qiymətləndirmə zamanı aşkarlanan faktlarla bağlı nazirə, yerli təhsil idarələrinə (müəssisələrinə) məlumat verir. Hal-hazırda həmin qiymətləndirmələr nəticəsində hazırlanan hesabatlar isə ictimaiyyətə açıqlanmır.
Moldovada məktəblərin xarici qiymətləndirilməsi
İdarəetmə/ Məktəblərin xarici qiymətləndirilməsinə cavabdeh olan orqan
Moldova təhsil sistemi milli təhsil sənədlərinin xaricdə tanınmasını təmin edən dövlət təhsil standartlarına əsaslanır. Standartlar təhsilin müxtəlif səviyyələri və mərhələləri üçün minimum məcburi tələbləri müəyyən edir. Təhsil standartlarının işlənib hazırlanması, təsdiqi və tətbiqi qaydası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi (TSN) tərəfindən müəyyən edilir.
İstinad standartları / xarici qiymətləndirmə üçün çərçivə sənədlərinin istifadəsi
Keyfiyyətin qiymətləndirilməsi standartları ANACEC (Təhsil və Tədqiqatda Keyfiyyətin Təminatı üzrə Milli Agentlik) tərəfindən işlənib hazırlanmışdır və ümumi təhsillə bağlı milli standartlara, xüsusilə də ibtidai və orta məktəblər üçün keyfiyyət standartlarına əsaslanır. Həmin standartların tərkibinə 5 ölçü daxildir:
1. Sağlamlıq, təhlükəsizlik, mühafizə (3 standart);
2. Demokratik iştirak (3 standart);
3. Təhsil inklüzivliyi (3 standart);
4. Təhsildə səmərəlilik (3 standart);
5. Gender həssas təhsil (1 standart).
Hər bir Keyfiyyət standartına bir neçə göstərici və qiymətləndirmə meyarları daxildir.
Xarici qiymətləndirmə üçün təlimat sənədləri və prosedurları
Moldova təhsil sistemində iki metodologiya (Ümumi təhsil müəssisələrinin qiymətləndirilməsi Metodologiyası və Ümumi təhsildə rəhbər heyətin qiymətləndirilməsi Metodologiyası) ilə təsvir olunan xarici qiymətləndirmə prosesinin strukturu işlənib hazırlanmışdır.
Məktəbə səfərlərin tezliyi
Ümumi təhsil səviyyəsində xarici qiymətləndirmə icbari xarakter daşıyır. Təhsil və Tədqiqatda Keyfiyyətin Təminatı üzrə Milli Agentlik bu prosesə cavabdehdir və qiymətləndirməni həmin qurumun əməkdaşları və kənar qiymətləndiricilər həyata keçirir. Ümumi təhsil müəssisələrinin və müəssisə rəhbərlərinin xaricdən qiymətləndirilməsi hər 5 ildən bir, adətən, eyni vaxtda aparılır. Bu rəsmi qiymətləndirməyə əlavə olaraq, məktəb direktorlarından İdarə və Müəllimlər Şuralarına illik fəaliyyət hesabatı təqdim etmək də tələb olunur.
Xarici qiymətləndirmənin nəticələri
Qiymətləndirmə prosesi bitdikdən sonra qiymətləndirmə komitəsi müəyyən edilmiş güclü və inkişafa ehtiyacı olan tərəflərin, həmçinin verilən tövsiyələrin siyahısı və təkmilləşdirilməsi üçün məcburi sahələr və təklif olunan yekun qərarla xarici qiymətləndirmə hesabatını hazırlayır. Hazırlanmış hesabat və yekun qərar İdarəetmə Şurası tərəfindən təsdiq edilir və ictimaiyyətə açıqlanır.
Serbiyada məktəblərin xarici qiymətləndirilməsi
İdarəetmə / Məktəblərin xarici qiymətləndirilməsinə cavabdeh olan orqan
Təhsil Nazirliyi, özünün Regional Məktəb İdarələri (RSA) vasitəsilə və Təhsilin Keyfiyyəti və Qiymətləndirilməsi İnstitutu (IEQE) Serbiyada məktəbdənkənar qiymətləndirməyə cavabdeh olan iki orqandır [2. səh, 36]. Nazirlik xarici qiymətləndirmələrin və onunla əlaqəli bütün fəaliyyətlərin (illik planlaşdırma, məktəbin qiymətləndirilməsi üçün qrupların formalaşdırılması, hesabatların verilməsi və s.) həyata keçirilməsinə cavabdehdir. 2012-ci ildən etibarən Serbiyada Təhsil Sisteminin Əsasları haqqında Qanun ilə xarici qiymətləndirmə icbaridir. Onun məqsədi ibtidai və orta məktəblərdə tədris prosesinin hər bir aspektini qiymətləndirməkdir. Xarici qiymətləndirmə milli standartlara uyğun olaraq həyata keçirilir. Serbiyada xarici qiymətləndirmədən alınan nəticələr ictimaiyyətə açıqlanmır.
İstinad standartları / xarici qiymətləndirmə üçün çərçivə sənədlərinin istifadəsi
Serbiya, Daimi Beynəlxalq Müfəttişlər Konfransı (SICI) və Hollandiya Məktəb Müfəttişliyi ilə əməkdaşlıq edərək məktəbin keyfiyyət standartlarını hazırlamışdır. Burada diqqət altı keyfiyyət sahəsinə (proqramlaşdırma, planlaşdırma və hesabat vermə; tədris və öyrənmə; şagirdin təlim nəticələri; şagirdə dəstək; etika; məktəbin təşkili və idarə edilməsi) yönəlmişdir. Keyfiyyət standartları həm xarici, həm də daxili məktəb qiymətləndirməsi prosesləri üçün əsas istinad sənədidir.
Xarici qiymətləndirmə üçün təlimat sənədləri və prosedurları
Xarici qiymətləndirmə prosesi iki mühüm sənədə əsasən aparılır. Onlardan birincisi, Qurumun İşinin Keyfiyyətinin Qiymətləndirilməsi Qaydaları (2019) sənədidir. O, qiymətləndirmənin iki növünü: xarici və daxili qiymətləndirmə, həmçinin onun necə aparıldığını təsvir edən qaydaları müəyyən edir. İkincisi isə Keyfiyyət Standartları üzrə Qaydalar Kitabıdır (2018). Həmin kitabda həm xarici, həm də daxili qiymətləndirmədə istifadə olunan keyfiyyət standartları təsvir edilmişdir.
Məktəblərə getməmişdən əvvəl məktəb qeydləri (məsələn, məktəbdaxili qiymətləndirmə hesabatı, məktəb proqramı, məktəbin illik iş planı, məktəbin inkişaf planları və əvvəlki hesabatlar) qiymətləndirici qrup tərəfindən toplanır və nəzərdən keçirilir. Davam edən qiymətləndirmə zamanı ən azı iki gün ərzində qiymətləndirmə qrupu məktəb direktoru ilə görüşür və məktəbin köməkçi heyəti, müəllimlər, şagirdlər və valideynlərlə müsahibələr aparır. Qiymətləndirmə komandası, həmçinin sinifdə tədris və təlim prosesinin gedişini də müşahidə edir (müəllimlərin ən azı 40%-i, hər biri ən azı 20 dəqiqə müşahidə edilməlidir). Prosesin sonunda məktəb direktoruna nəticələr barədə məlumat verilir. Hər bir standart üzrə əsas məlumatları ümumiləşdirən, eləcə də ümumi bal təqdim edən yazılı hesabat hazırlanır. Məktəb direktorları nəticələr barədə məktəb kollektivinə və valideynlərə məlumat verməlidirlər və hesabatdan əldə edilən məlumatlar nazirliyin veb səhifəsi vasitəsilə ictimaiyyətə açıqlanır.
Məktəbə səfərlərin tezliyi
Qiymətləndirmə altı ildən bir aparılmalıdır. Bununla belə, məktəb rəhbərliyinin və ya nazirliyin tələbi ilə xarici qiymətləndirmələr daha tez-tez də baş verə bilər. Bundan əlavə, ən aşağı keyfiyyət səviyyəsini (1-ci səviyyə) alan məktəblər 3 ildən sonra yenidən qiymətləndirilir.
Xarici qiymətləndirmənin nəticələri
Hazırlanmış yazılı hesabat əsasən təsviri xarakter daşıyır və hesabatda təkmilləşmə üçün tövsiyələr verilir. Qiymətləndirmə qrupu qiymətləndirilmiş standartların hər biri üçün əsas nəticələrin xülasəsini təqdim edir, lakin məktəbin hər bir sahədə xüsusi məsələləri necə həll edə biləcəyini göstərmir. Xarici qiymətləndirmədən sonra müəyyən olunan əsas problemləri həll etmək üçün məktəbin təkmilləşdirmə planı tərtib etmələri tələb olunur. Bu plan nəzərdən keçirmək və yoxlamaq üçün məktəbdən kənar qiymətləndirməni həyata keçirən kənar qiymətləndiriciyə göndərilir. Eyni məsləhətçilərə də məktəblərə öz fəaliyyət planlarını həyata keçirməkdə kömək etmək tapşırığı verilir.
Hollandiyada məktəblərin xarici qiymətləndirilməsi
Hollandiyada məktəb qiymətləndirməsi Təhsil Müfəttişliyi tərəfindən sistematik xarici qiymətləndirmə və onlayn informasiya sistemləri vasitəsilə məktəb məlumatlarının dərc edilməsindən ibarətdir. Məktəbin qiymətləndirilməsi sistemi ayrı-ayrı məktəblər haqqında zəngin məlumat toplusunun mövcudluğu və məktəb fəaliyyəti haqqında məlumatların toplanması, idarə edilməsi və təhlili üçün yüksək inkişaf etmiş sistem əsasında qurulur. Təhsil Müfəttişliyi riskə əsaslanan bir yanaşma tətbiq edir, nəticədə aşağı performans riski olan məktəblər digərlərinə nisbətən daha tez-tez və hərtərəfli qiymətləndirilir.
Məktəbin qiymətləndirilməsi üçün məsul olan qurumlar
Hollandiya təhsil sistemində məktəb qiymətləndirməsi bir neçə qurum və agentlik tərəfindən həyata keçirilir. Məktəblərin rəsmi sahibləri dövlət orqanları (məsələn, bələdiyyələr) və ya qeyri-dövlət qurumları (məsələn, kilsələr və ya özəl fondlar kimi) olsalar da, onlar adətən öz məktəblərini birbaşa idarə etmirlər, lakin idarəetmə öhdəliklərini həyata keçirmək üçün vasitəçi orqanlar kimi məktəb şuraları yaradırlar. Digər idarəetmə vəzifələri ilə yanaşı, bu məktəb şuraları keyfiyyətin idarə edilməsi və daxili hesabatlılıq funksiyalarının fəaliyyətinə cavabdehdirlər.
Məktəbin xarici qiymətləndirilməsi Hollandiya Təhsil Müfəttişliyinə həvalə olunur. Müfəttişlik Təhsil, Mədəniyyət və Elm Nazirliyinin nəzarəti altında fəaliyyət göstərsə də peşəkar və təşkilati baxımdan müstəqildir. Baş müfəttiş məktəbə nəzarəti həyata keçirmək səlahiyyətinə malikdir.
Məktəbin qiymətləndirilməsinə yanaşmalar
Hollandiyada məktəb qiymətləndirilməsi yüksək səviyyədə inkişaf etmişdir və Müfəttişliyinin qiymətləndirmə yanaşmaları yaranan ehtiyaclar əsasında davamlı olaraq nəzərdən keçirilir və yenidən hazırlanır. “Risk altında olan” məktəblərin müəyyən edilməsi məktəb səviyyəsində şagird performansı məlumatlarından, məktəblərin Müfəttişliyə təqdim etdiyi sənədlərdən və şikayətlər və ya media xəbərləri kimi “uğursuzluq siqnalları”ndan istifadə etməklə ehtiyatlı masa əsaslı risk təhlilinə əsaslanır. Risk təhlili mənfi olarsa, dörd ildə bir kiçik miqyaslı səfərlə yalnız müntəzəm "əsas" yoxlama aparılır. Bununla belə, əgər məktəbin keyfiyyəti zəif və ya qeyri-qənaətbəxş hesab olunarsa, məktəb əsas keyfiyyətə çatana qədər növbəti illər ərzində xüsusi yoxlamadan keçməlidir. Keyfiyyət yoxlaması zamanı heç bir nöqsan aşkar edilməzsə, məktəb yenə də əsas yoxlama rejiminə yenidən təyin oluna bilər. Əgər məktəb yüksək keyfiyyətli özünüqiymətləndirmə qaydalarını nümayiş etdirirsə və artıq müəyyən edilmiş riskləri həll etməyə başlayıbsa, məhdud kənar qiymətləndirmə kifayət edə bilər. Bununla belə, təhsilin keyfiyyətinin qeyri-kafi olduğu aşkar edilərsə, məktəbdə zəif və ya qeyri-qənaətbəxş keyfiyyətə görə xüsusi yoxlama aparılmalıdır.
Almaniyada məktəblərin xaricdən qiymətləndirilməsi
Almaniyada məktəblərin xarici qiymətləndirilməsi bütün federal ştatlarda təxminən eyni vaxtda aparılır. Hər bir müfəttişlik öz meyarlarını və prosedurlarını işləyib hazırlayırlar. Məsələn, hesabatı kimin alması və məktəblərdə yoxlama aparmağa kimlərin icazəsi olub-olmaması ilə bağlı ştatdan ştata fərqlər var. Məktəb müfəttişlikləri arasında çoxlu oxşarlıqlar da var. Onların əksəriyyəti məktəb keyfiyyətini qiymətləndirmək üçün standartlaşdırılmış göstəricilərdən istifadə edirlər. Onlar şəxsi müsahibələr, sinif müşahidələri və onlayn sorğular kimi məlumat toplamaq üçün oxşar üsullardan istifadə edirlər. Bəzi federal ştatlarda məktəb zəif fəaliyyət göstərirsə, yoxlama intervalı qısalır və növbəti yoxlama dörd-beş ildən sonra deyil, iki ildən sonra keçirilir. Digər ölkələrdə məktəb keyfiyyəti ilə bağlı ictimaiyyət üçün əlçatan məlumat olduğu halda, Almaniyada yoxlama hesabatının qısaldılmış versiyasını onlayn olaraq dərc edən yalnız üç federal ştat var (Berlin, Hamburq və Brandenburq) və heç bir federal əyalət reytinqləri dərc etmir.
İstinad standartları / xarici qiymətləndirmə üçün çərçivə sənədlərinin istifadəsi
Məktəb müfəttişliklərinin əməkdaşlarının qiymətləndirmə prosesini necə apardıqlarını və bir qurum olaraq məktəb yoxlamasını davam etdirmək üçün hansı strategiyaları tətbiq etdikləri təhsilin idarə edilməsi yanaşmasına əsaslanır. Məktəb müfəttişləri üçün əsas faktorlardan biri də məktəb rəhbərliyidir. Məktəb rəhbərliyinə yoxlama aparıldıqdan sonra məktəblərlə məqsədyönlü razılaşmalar üzrə danışıqlar aparmaq tapşırılıb, lakin praktikada onlar müfəttişlərin məlumatlarını çox vaxt faydasız hesab edirlər. Həm məktəb müfəttişləri, həm də məktəb rəhbərliyi məktəblərdə baş verənlərə nəzarət etməlidir, lakin onlar fərqli monitorinq prosedurlarından istifadə edirlər və məktəblərə qarşı fərqli fəaliyyət dairəsinə malikdirlər.
Nəticə. Almaniya, Hollandiya, Albaniya, Serbiya, Xorvatiya və Moldovada məktəb qiymətləndirmələri təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına dair ümumi öhdəlikləri ortaya qoyur. Hər bir ölkə məktəblərin müəyyən standartlarına cavab verməsini təmin etmək üçün öz çərçivə sənədlərini və prosedurlarını işləyib hazırlamışdır. Məktəbə təşkil olunan səfərlərin tezliyi və bu qiymətləndirmələrin nəticələri müxtəlifdir və bu, hər bir ölkənin özünəməxsus təhsil mənzərəsini və problemlərini əks etdirir. Bununla belə, bütün bu qiymətləndirmələr məktəb fəaliyyətini yaxşılaşdırmaq, təkmilləşdirmə üçün ideyalar vermək və şagirdlərin keyfiyyətli təhsil almasını təmin etmək məqsədi daşıyır. Müqayisəli təhlil xarici qiymətləndirmə təcrübələrinin daim təkmilləşdirilməsinin vacibliyini vurğulayır. Biz də həmin ölkələrin uğurlarından və problemlərindən nəticə çıxarmaqla xarici qiymətləndirmə proseslərini daha da gücləndirə və son nəticədə daha effektiv və şəffaf təhsil sistemi yarada bilərik.
Problemin aktuallığı və praktik əhəmiyyəti. Məktəblərin xarici qiymətləndirilməsinin aktuallığı ümumtəhsil müəssisələrinin əvvəlcədən müəyyən olunmuş standartlara uyğun olub-olmamasını kənar qiymətləndiricilər tərəfindən araşdırmaqdır. Buradan əldə olunan nəticələrin təhlili əsasında həmin müəssisələr üçün gələcək yol xəritəsi hazırlanır və müəyyən olunmuş risk faktorları aradan qaldırılır.
Problemin elmi yeniliyi. Məqalədə araşdırılan bir neçə avropa ölkəsinin təcrübəsindən istifadə etməklə hazırkı xarici qiymətləndirmə prosedurlarına əlavələr etmək mümkündür. Beynəlxalq təcrübənin araşdırılması prosesin daha səmərəli aparılmasına kömək edəcəkdir.
Cəlalə Abdulmanafova,
Azərbaycan Respublikasının Təhsil İnstitutunun doktorantı
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)