Bütün xəbərlər
29 aprel, 15:15

Azərbaycan elmində növbəti islahat dalğası başlayıb. Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı fərmanla elmi-tədqiqat institutları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərkibindən çıxarılaraq Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi. Bu mühüm struktur dəyişikliyi ilə elmin idarəetmə sistemində transformasiya prosesi rəsmi olaraq başlamış oldu.

Sözügedən fərmanın davamı olaraq yaxın günlərdə nazirliyin tabeliyindəki elmi müəssisələrin optimallaşdırılmasına dair yeni sərəncam imzalanıb. Məqsəd elmi fəaliyyətin səmərəliliyini artırmaq, paralel çalışan institutları birləşdirməklə resurslardan daha effektiv istifadəni təmin etmək, beynəlxalq təcrübəyə uyğun multidisiplinar institutlar formalaşdırmaqdır.

Bəs bu dəyişikliklər ölkənin elmi mühitinə hansı yenilikləri gətirəcək? Optimallaşdırma elmi işçilərin taleyinə necə təsir edəcək? Gənc tədqiqatçılar üçün hansı imkanlar açılacaq və Azərbaycan elminin beynəlxalq nüfuzu necə artırılacaq?

“Azərbaycan müəllimi” xəbər verir ki, Oxu.Az-ın bu və digər suallarını elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli cavablandırıb.

- Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin optimallaşdırılması ilə bağlı imzalanmış sərəncamın əsas hədəfi nədir?

- 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə AMEA-ya daxil olan 37 elmi müəssisə və istehsalat birliyi Təhsil Nazirliyinin tabeliyinə verildi və nazirliyin adı Elm və Təhsil Nazirliyi olaraq dəyişdirildi.

Bu fərmanda bir sıra islahatların həyata keçirilməsi nəzərdə tutulmuşdu və onların arasında elmi-tədqiqat müəssisələrinin optimallaşdırılması əsas istiqamətlərdən biri idi. Hazırda ölkəmizdə müxtəlif sahələr üzrə eyni elmi istiqamətdə fəaliyyət göstərən bir neçə institut mövcuddur. Məsələn, kimya sahəsində dörd, biologiya sahəsində isə yeddi institut fəaliyyət göstərir.

Bu baxımdan, həmin müəssisələrin daha kompakt və səmərəli formada təşkili zəruridir. Bu məqsədlə ilkin mərhələdə 17 elmi-tədqiqat institutu birləşdirilərək səkkiz institut halında yenidən təşkil edilib. Regional elmi-tədqiqat müəssisələrinin regional universitetlərin tərkibinə verilməsi, fəaliyyəti səmərəli hesab edilməyən üç istehsalat birliyinin ləğvi və iki yeni elmi müəssisənin yaradılması da nəzərdə tutulub.

Optimallaşdırmanın əsas ideyası - müxtəlif sahələr üzrə fəaliyyət göstərən ayrı-ayrı strukturları vahid çətir altında birləşdirməkdir. Yəni bir elm istiqaməti üzrə bir neçə deyil, vahid institutun olması planlaşdırılır. Hazırda sərəncamdan irəli gələn məsələlərlə bağlı işlər davam etdirilir və bu prosesin il sonuna qədər yekunlaşdırılması gözlənilir.

- Struktur dəyişiklikləri əməkdaşların iş yerlərinə necə təsir edəcək? Nazir ixtisarların olmayacağını bəyan edib. Bu zəmanət hansı mexanizmlərlə təmin olunacaq?

- Yeni iki elmi müəssisənin yaradılmasında əsas məqsəd onların beynəlxalq təcrübəyə uyğun şəkildə təşkil edilməsidir. Hazırda bu istiqamətdə müvafiq müzakirələr aparılır. Nazirin də dəfələrlə vurğuladığı kimi, sözügedən mərkəzlər müxtəlif elm sahələrini əhatə edən, multidisiplinar və interdisiplinar yanaşmaya əsaslanan və müasir elmi tendensiyalara cavab verən qurumlar kimi fəaliyyət göstərəcək.

Hələlik nəzərdə tutulan budur ki, elmi-tədqiqat müəssisələrinin elmi ştat vahidləri olduğu kimi saxlanılsın. Bu, sadəcə, optimallaşdırma və Azərbaycanda elmin inkişafı, eləcə də elm tədrisinin təhsillə birləşdirilməsi istiqamətində atılan ilk addımdır. Burada kifayət qədər uzun bir yol qət edilməlidir. Səmərəliliyin artırılması, keyfiyyətin yüksəldilməsi, maliyyələşmə formasının müəyyənləşdirilməsi və digər istiqamətlərdə işlər görüləcək.

- Gənc tədqiqatçılar və alimlər üçün hansı yeni imkanlar yaradılacaq, onların elmə marağı necə stimullaşdırıla bilər?

- Optimallaşdırma daha çox gələcəyə yönəlik bir məsələdir. Hazırda bu istiqamətdə təhlillər aparır və mümkün həll yollarını araşdırırıq. Ən vacib məsələlərdən biri elmin cəlbediciliyinin artırılmasıdır. Bunun bir neçə yolu var. İlk növbədə, Azərbaycanda elmi populyarlaşdırmaq lazımdır. Bu sahədə görüləcək işlər kifayət qədərdir və burada həm alimlərimizin, ziyalılarımızın, həm də təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. Yalnız birgə fəaliyyət nəticəsində gənc nəsildə elmə maraq formalaşdırmaq mümkündür.

- Bu gün Azərbaycanda elmə ayrılan maliyyə vəsaiti qaneedicidirmi?

- Maddi təminatın yaxşılaşdırılması vacib məsələdir. Gələcəkdə bu istiqamətdə konkret addımların atılması nəzərdə tutulur. Uzun illər ərzində ölkədə ÜDM-dən elmə ayrılan vəsait cəmi 0.2 faiz olub. İnkişaf etmiş ölkələrdə isə bu göstərici, təxminən, 2-4 faizə qədər çatır. Təbii ki, bu fərqin həm obyektiv, həm də subyektiv səbəbləri var. Azərbaycanda müstəqillikdən sonrakı dövrdə əsas prioritetlər işğal altındakı torpaqların azad olunması, məcburi köçkünlər və infrastrukturun yaradılması olub. Hazırda da quruculuq işləri davam edir, lakin bununla yanaşı, anlayırıq ki, iqtisadiyyatımızı şaxələndirmək istəyiriksə, bilik iqtisadiyyatına və elmi innovasiyalara üstünlük verməliyik. Bu baxımdan, elmi sahədə dəyişikliklər və islahatlar zəruridir.

- Elmin populyarlaşmasının vacibliyini vurğuladınız. Azərbaycan dilində elmin təşviqi istiqamətində hansı addımlar atılır?

- Son iki ildə Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycandakı 100-dən çox elmi-tədqiqat müəssisəsinə "Web of Science" və "Scopus" kimi beynəlxalq elmmetrik bazalara çıxış imkanı yaradılıb. Bu gün ölkədə elə bir elmi müəssisə və ya universitet yoxdur ki, orada çalışan alimlərin bu bazalara çıxışı olmasın. Bu, həm beynəlxalq elmi inteqrasiyanı, həm də yerli alimlərin tanınmasını təmin etmək baxımından mühüm addımdır.

- Bəs elmlə peşəkar şəkildə məşğul olmayan, lakin elmi məqalələrə maraq göstərən sadə vətəndaşlar necə faydalana bilərlər? Azərbaycan dilində elmi platforma yaradılmasına ehtiyac varmı?

- Bunun üçün mövcud elmi kitabxanalarımızdan istifadə mümkündür. Məsələn, Mərkəzi Elmi Kitabxana və M.F.Axundov adına Milli Kitabxana bu sahədə geniş bazaya malikdir. Son illər bu kitabxanalarda rəqəmsallaşma və elektron kataloqların yaradılması istiqamətində ciddi işlər görülüb.

Doğrudur, dünya elmi, əsasən, ingilis dilində formalaşıb. Alimlər beynəlxalq elmi mühitə inteqrasiya olmaq istəyirlərsə, xarici dilləri bilmələri vacibdir, amma Azərbaycan dilində də elmi resursların artırılması üçün addımlar atılır. Məsələn, Ali Attestasiya Komissiyası və Mərkəzi Elmi Kitabxana tərəfindən müdafiə olunmuş dissertasiyaların və yazılmış məqalələrin toplanaraq açıq şəkildə istifadəyə verilməsi istiqamətində işlər görülür. Yəni elmi məqalə axtaran şəxs artıq bu məlumatlara çıxış əldə edə bilər.

Dünyada bir alimin elmi çəkisi, əsasən, onun işlərindən gətirilən istinadların (sitatların) sayı ilə ölçülür. Bu, beynəlxalq elmi standartdır. Təbii ki, başqa göstəricilər də mövcuddur. Məsələn, H indeksi nisbətən aşağı olan, lakin elmi ictimaiyyətdə kifayət qədər tanınan və populyar olan alimlər də var.

Alimin H indeksinin formalaşması isə belə baş verir: o, öz elmi məqalələrini nüfuzlu və beynəlxalq elmi bazalarda indekslənən jurnallarda dərc etdirir. Bu jurnallar vasitəsilə sahə üzrə çalışan digər alimlər həmin məqalələrə çıxış əldə edir, öz işlərində onlara istinad edirlər. Bu səbəbdən, alim beynəlxalq elmi bazalarda yer alan jurnallarda çap olunmaqda maraqlı olmalıdır.

Azərbaycanda hər hansı yerli jurnalda məqalə çap etdirmək isə təəssüf ki, alimin beynəlxalq elmi nüfuzuna ciddi təsir göstərmir. Çünki elm lokal və ya milli deyil, beynəlxalq və ümumbəşəri xarakter daşıyır. Siz bəşəriyyətə töhfə verməlisiniz. Əgər sən yalnız öz ölkəndə çap olunmaq istəyirsənsə, beynəlxalq elmi ictimaiyyət səni tanımayacaq. Elə buna görə də Azərbaycanda belə elmi bazaların qurulması və bu sahəyə ciddi maliyyə ayrılması hazırda prioritet sayılmır. Çünki siz burada nə qədər çox jurnalda çap olunsanız da, onlar beynəlxalq bazalarda görünmürsə, bu, nə ölkəyə, nə də alimə ciddi bir elmi dəyər qazandırır.

- Cəmiyyətimizdə azərbaycanlı alimə münasibət birmənalı deyil. Sizcə, bu münasibəti müsbət istiqamətdə dəyişmək üçün nə lazımdır?

- Məncə, hazırda cəmiyyətin alimlərə münasibəti o qədər də pis deyil. Ümumilikdə isə ölkəmizdə alimə hörmət hər zaman olub. Əgər hansısa alim fərqli bir fəaliyyətlə məşğuldursa və ya özünü cəmiyyətə qarşı düzgün aparmırsa, bu, ona alim olduğu üçün deyil, şəxs kimi münasibətdir.

- Azərbaycanda elmin gələcəyinə baxışınız necədir, bu sahədə inkişaf üçün hansı ümidverici nüanslar görürsünüz?

- Əlbəttə, istərdik ki, elmimiz daha da inkişaf etsin. Elmi böyük bir lokomotivə bənzətmək olar. Hazırkı mərhələdə biz bu lokomotivə qoşulmalıyıq. Lap arxa cərgədən də olsa, bu qoşulma vacibdir. Mütləq deyil ki, ön sırada olaq və ya bu lokomotivi biz idarə edək. Çünki hələlik elmin bütün sahələrində dünyada aparıcı tədqiqatlar aparmaq gücündə deyilik.

Elm çox baha başa gələn sahədir, xüsusilə də müasir elm. Çünki müasir elm texnologiyaya əsaslanır. Məsələn, fizikanın, xüsusən də onun nəzəri hissəsinin iqtisadi baxımdan birbaşa gəliri yoxdur. Kainatın necə yarandığını öyrənmək iqtisadi fayda gətirməsə də, bu, fundamental elmdir və bu sahədə çalışan alimlərin nüfuzu yüksəkdir. Amma kainatın sirlərini araşdırmaq üçün "Hubble" və ya "James Webb" kimi teleskoplara ehtiyac var. Biz Şamaxı Rəsədxanasındakı teleskopla müəyyən müddət işləyə bilmişik, lakin o artıq texnoloji cəhətdən köhnəlib. Yeni nəsil teleskop düzəltmək isə ölkəmiz üçün çox baha başa gələr və iqtisadi cəhətdən səmərəli deyil.

Buna görə də biz daha dar sahələrdə ixtisaslaşmalı və həmin sahələrdə dünya səviyyəsində tanınan alimlər yetişdirməliyik. Hazırda çox yaxşı elmi-tədqiqat institutlarımız var. Məsələn, Radiasiya Problemləri İnstitutu - indi Fizika İnstitutu ilə birləşdirilib - elmi göstəricilərinə görə dünyada ön sıralarda yer ala bilər. Bu institutun məqalələrinin sayı çox olmasa da, keyfiyyəti yüksəkdir və istinad göstəriciləri kifayət qədərdir. Fizika və riyaziyyat kimi fundamental sahələrdə də vəziyyət qənaətbəxşdir. Biz bu sahələri mütləq qoruyub-saxlamalıyıq.

Bununla yanaşı, elmin inkişafı insanların rifahında da öz əksini tapmalıdır. Bu, birbaşa maddi rifah şəklində olmasa da, dolayısı yolla təsir edə bilər. Məsələn, müdafiə sənayemiz kifayət qədər yaxşı səviyyədədir. Burada elmi tədqiqatlara ehtiyac duyan sifarişlər mövcuddur və elm bu ehtiyacları qarşılayaraq təhlükəsizliyə töhfə verə bilər. Belə sahələrə dövlət mütləq şəkildə dəstək verməli, subsidiyalar ayırmalıdır. Elə sahələr də var ki, dövlət sifariş verməli, nəticədə həm elm, həm sənaye inkişaf etməlidir.

Digər tərəfdən, sənayeyə birbaşa bağlı elmi sahələr var. Bu sahələrdə sənaye inkişaf etdikcə elm də irəliləyir və nəticədə elmin faydasını insan maddi baxımdan hiss edir. Bu səbəbdən də hər sahə ayrıca yanaşma tələb edir. Bu məsələ təkcə Elm və Təhsil Nazirliyinin və ya hökumətin deyil. Bütövlükdə sənayemiz də elmtutumlu və çoxşaxəli olmalıdır.

- Elm fitri istedaddır, yoxsa yaxşı təhsil kifayət edir?

- Fitri istedada sahib insanlar elmdə çox ciddi nailiyyətlər əldə edə bilirlər, amma yaxşı alim olmaq üçün mütləq fitri istedada malik olmaq vacib deyil. Bunun üçün əsas şərt yaxşı təhsil və zəhmətdir. Öz üzərində çalışan insan da yüksək nəticələr əldə edə bilər. "Filan qabiliyyət mənə verilməyib, mən bacarmaram" deyib kənara çəkilmək düzgün yanaşma deyil. Əlbəttə, bəzi insanlar müəyyən sahələrdə daha istedadlı ola bilərlər, lakin elmi və alimi fitri istedada bağlamaq doğru deyil. Məsələn, sizin pianoda ifa etmək üçün fitri qabiliyyətiniz ola bilər. Ancaq hər gün bunun üzərində çalışmasanız, seçilən bir piano ifaçısı ola bilməyəcəksiniz. Fitri istedad ümumi uğurun 20 faizini təşkil edirsə, qalan 80 faiz yaxşı təhsil və zəhmətin payına düşür.

- Bəs elm haradan başlayır - məktəbəqədər təhsildən, məktəbdən, universitetdən, yoxsa?..

- Müasir tədqiqatlar göstərir ki, uşağın təhsilinə nə qədər tez başlanırsa, nəticələr də bir o qədər uğurlu olur. Amma bu o demək deyil ki, ikiyaşlı uşağa inteqral hesablama öyrətmək lazımdır. Hər yaş dövrünə uyğun təlim və təhsil metodları mövcuddur. Uşaq üç yaşından təhsilə başlayırsa, gələcəkdə daha uğurlu olur. Əgər altı yaşında başlayırsa, bu zaman artıq üç il itirilmiş hesab olunur. Hazırda bizdə məktəbəqədər hazırlıq kursları beş yaşından başlayır. Bu sahədə ölkə üzrə yüksək nəticə əldə olunub, məqsədimiz isə bütün ölkəni əhatə etməkdir. Yəni elm elə təhsilin ilkin pilləsindən başlayır.

- Cəmiyyətdə belə bir fikir var ki, ali təhsil də daxil olmaqla, bizdə məktəbəqədər və orta təhsil əzbərçilik üzərində qurulub. Buna münasibətiniz necədir?

- Biz heç vaxt deməmişik ki, təhsil sistemimiz ideal vəziyyətdədir. Əksinə, təhsil sistemi daim yenilənməli və inkişaf etməlidir. Təxminən, 15 il əvvəl məktəblərimizdə kurikulum sisteminə keçid etdik. Kurikulumun mahiyyəti isə praktik öyrənmədir - yəni nəzəriyyəni təcrübə ilə birləşdirmək.

- Amma bir çoxlarının fikrincə, kurikulum sisteminə keçid təhsili daha da zəiflətdi.

- Belə düşünənlər ola bilər, amma əsas məsələ kurikulumun düzgün tətbiq edilməsidir. Bu sistem təcrübəyə əsaslanaraq öyrənmə üzərində qurulub. Sovet təhsil sistemi isə nəzəri öyrənməyə üstünlük verirdi. Biz isə nə sovet təhsil sistemini, nə də kurikulumu özümüz yaratmışıq - bunlar beynəlxalq təcrübəyə əsaslanan modellərdir.

Əzbərçilik problemi bizdə mövcuddur, amma bu demək deyil ki, bütövlükdə təhsil sistemi yalnız əzbərçilik üzərində qurulub. Məsələn, siz də məktəbdə oxuyanda biologiya, fizika, kimya dərsləri keçmisiniz, amma çox güman ki, indi onların az bir hissəsini xatırlayırsınız. Bəs sizə onları niyə keçirdilər? Çünki təhsilin məqsədi yalnız konkret bilik ötürmək deyil. Təhsilin iki əsas funksiyası var: tənqidi düşüncə və problem həll etmə bacarığını formalaşdırmaq.

Təəssüf ki, biz bu sahədə - xüsusən də tənqidi düşüncə baxımından geridə qalırıq. Yazı bacarığımızın zəif olması da bununla bağlıdır. Yaxşı yazmaq üçün əvvəlcə yaxşı düşünmək lazımdır.

Mən Amerika Birləşmiş Ştatlarında təhsil almışam. İlk dəfə orada məndən tənqidi esse yazmağımı istəyəndə bu mənim üçün çox çətin oldu. Halbuki Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdim, jurnalist kimi geniş yazılarım da var idi. Yazı yazmaq bacarığım olsa da, amerikalı müəllimin istədiyi tənqidi yanaşmanı yazmaq mənim üçün çətin idi. Müəllim bir məqalə təqdim edir və deyir ki, bunu tənqid et. Sən isə baxırsan ki, müəllif artıq hər şeyi deyib və yaxşı da deyib. "Mən nəyə toxunum?" - deyə düşünürsən. Müəllim isə israr edir ki, mütləq tənqidi tərəf tapmalısan. Məqsəd kiminsə haqlı və ya haqsız olduğunu sübut etmək deyil, əsas məsələ sənin həmin məqaləyə öz yanaşmanı formalaşdırmağındır.

Təəssüf ki, bizdə çoxları sosial şəbəkədə nəyəsə münasibət bildirəndə, sadəcə, "düz deyir", "çox gözəl fikir deyib" kimi şərhlərlə kifayətlənirlər. Halbuki məsələyə fərqli prizmadan baxmağı öyrənmək lazımdır.

- Bu gün Azərbaycanda alimin elmi yaradıcılıqla məşğul olması üçün vaxtı, motivasiyası və resursu varmı? Ümumiyyətlə, bu gün Azərbaycanda alimin vəziyyət necədir?

- Əgər desəm ki, alimlər yaxşı yaşayırlar, bu, həqiqətə uyğun olmaz. Azərbaycanda orta statistik alimin maaşı kifayət qədər aşağıdır. Səbəblərinə toxunmadan, sadəcə, faktı deyiriksə, vəziyyət budur. Bu isə təbii ki, alimi motivasiya etmir. Hər sahədə olmasa da, bəzi sahələrdə yaxşı alimlər məhz öz sahələrində gəlir qazanmağı da bacarırlar. Eyni zamanda, elə insanlar var ki, onlar elm fanatikidirlər - yazmaqdan, araşdırmaqdan zövq alırlar və onları işin maddi tərəfi maraqlandırmır, lakin belə insanlar çox azdır.

Elmə gəlmək istəyən gənclər üçün motivasiya vacibdir. Əlbəttə, karyeranın əvvəlində heç kimə yüksək əməkhaqqı vəd olunmur. Məsələ ondadır ki, insana perspektiv göstərilməlidir. İnsan bilməlidir ki, müəyyən bir mərhələyə çatdıqdan sonra nüfuz da, gəlir də əldə edə biləcək, lakin kiminsə elmi fəaliyyətə başladığı anda ortaaylıq maaşdan artıq məvacib alması nə normaldır, nə də praktik. Dünyanın heç bir yerində bu belə olmayıb və olmayacaq da.

- Onda belə çıxır ki, alim olmaq, elm yolunu seçmək istəyən şəxs uzun illər məhrumiyyətlərlə yaşamağa hazır olmalıdır?

- Xeyr, bu o demək deyil ki, uzun illər məhrumiyyətlərlə yaşamalısınız. Sadəcə olaraq, daha çox çalışmalı və daha effektiv işləməlisiniz.

Elmə gələn gənclərin çoxu ingilis dili ilə bağlı imtahanlardan narazılıq edir. Ancaq mən anlamıram - ingilis dilini bilmədən necə alim olmaq olar? Bu, mümkün deyil. Çünki elmin dili odur. Deyirlər ki, süni intellektlə tərcümə edə bilərik, amma mən deyirəm ki, əvvəlcə sən nə axtardığını düzgün yaza bilməlisən ki, sonra onu tərcümə etdirəsən. Üstəlik, süni intellektin nə təqdim edəcəyi də başqa bir məsələdir. İngilis dilini öyrənmək istəmədən yaxşı alim olmaq mümkün deyil.

- Yeri gəlmişkən, tələbələrin ciddi problemlərindən biri də odur ki, həm Azərbaycan dilində kifayət qədər vəsait tapmırlar, həm də tədris ingilis dilində olan ixtisaslarda tələbələrin dil bilikləri yetərli olmadan onlara dərs keçirlər. Bu isə hər iki halda tələbəni çətinliyə salır.

- Azərbaycanda qəbul olunmuş Milli Kvalifikasiya Çərçivəsinə əsasən, təhsilin səkkiz səviyyəsi var. Bakalavr 6-cı, magistratura 7-ci, doktorantura isə 8-ci səviyyəyə aiddir. Hər səviyyənin təsvirində göstərilir ki, məzun hansı bacarıqlara malik olmalıdır. Bakalavr səviyyəsini bitirən tələbə B2 səviyyəsində xarici dili bilməlidir. Əgər bu bacarıq yoxdursa, məzun ola bilməməlidir. Xarici dili bilən insan isə istənilən mənbədən istifadə edə bilər.

Mən universitetə 1993-cü ildə daxil olmuşam. O vaxt ixtisasımla bağlı heç bir material yox idi. Mən rus dilində oxuyurdum. Bilməyənlər gecələr yatmır, materialları əvvəlcə tərcümə edib, sonra öyrənirdilər.

Əlbəttə, müəllim müəyyən mənada tələbəni resurslarla təmin etməlidir. Bu baxımdan, həm nazirlik, həm universitetlər dəstək göstərməlidirlər. Bu istiqamətdə son illər xeyli iş görülüb - yüzlərlə yaxşı tərcümə olunmuş kitab mövcuddur. Bu prosesi davam etdirmək və genişləndirmək lazımdır, ancaq bu iş davamlılıq tələb edir. Çünki elm həndəsi silsilə ilə artır. İl ərzində dünyada üç milyondan çox elmi məqalə yazılır. Kitabları da əlavə etsək, bu qədər materialın hamısını tərcümə etmək mümkün deyil. Müəllim bir qismini verə bilər, qalan hissəni tələbə özü araşdırmalıdır. Universitetin əsas funksiyalarından biri də tələbəyə necə öyrənməyi öyrətməkdir.

- Bəs tədrisi ingiliscə aparılan ixtisaslarda birinci mərhələdə tələbələrə intensiv ingilis dili keçmək məcburi ola bilərmi?

- Qarabağ Universitetində tələbələrə birinci kursda intensiv ingilis dili tədris olunur. Məqsədimiz odur ki, gələcəkdə bu universitetdə ingilis dilində tədris olunan ixtisasların sayı artsın. Orada hər şeyi sıfırdan qururuq və yeni modellər üzərindən işləyirik. Bu bizim üçün bir təcrübədir. Bu təcrübənin nəticələri bizə göstərəcək ki, hansı istiqamətdə daha uğurlu ola bilərik, nələri dəyişmək lazımdır. Ümid edirik ki, bu nümunə uğurlu olacaq və gələcəkdə digər universitetlərin təhsil standartlarını formalaşdırmaqda istiqamətverici rol oynayacaq.

Şərhlər

Xəbər lenti

29 aprel, 19:05

Məktəblilərin yaz tətili başlayır

29 aprel, 18:35

Təhsil işçilərinə 700 min manata yaxın maddi yardım göstərilib

29 aprel, 18:25

AzMİU-da Karyera sərgisi keçiriləcək

29 aprel, 18:10

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri elan edilib

29 aprel, 18:05

ADPU-da süni intellektin tətbiqi ilə bağlı təlim baş tutub

29 aprel, 17:44

AzTU-da plastik butulkaların təkrar emalı təşəbbüsünə məktəblilər də qoşuldu

29 aprel, 17:05

Şagirdlər olimpiada qalibi adını qazanmaq uğrunda yarışdılar – REPORTAJ

29 aprel, 16:31

Həkim tövsiyəsi ilə gimnastikaya başladı, rəqsdə də uğur qazandı

29 aprel, 16:19

ADNSU-nun “SOCAR Polymer” MMC ilə əməkdaşlığı genişlənir

29 aprel, 16:12

Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib – SƏRƏNCAM

29 aprel, 15:47

AzTU-da “Açıq qapı” günü keçirilib

29 aprel, 15:38

Paytaxt məktəblərində maarifləndirici təlimlər davam edir

29 aprel, 15:33

“Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində nəzəri imtahan keçirilib

29 aprel, 14:48

Qarabağ Universiteti və Dünya Azərbaycanlı Alimlər Birliyi arasında əməkdaşlıq genişlənir

29 aprel, 14:36

Naxçıvan məktəblisi beynəlxalq arenada uğur qazanıb

29 aprel, 14:35

I sinfə qəbul: Qeydiyyat ünvanında yaşamayanların müraciət QAYDASI

29 aprel, 14:25

Tərbiyə işinin qarşısında olan qlobal problemlər haqqında

29 aprel, 14:10

Dağlıq Şirvanın müəllimləri ABŞ-də nə öyrəndilər?

29 aprel, 14:02

Birinci sinfə qəbul üzrə qeydiyyat necə aparılır? – PROSESİN TAM İZAHI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.