Bütün xəbərlər
5 sentyabr, 18:47

Bakı şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransı bu gün bölmə iclaslarında davam edib. 

Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif və riyaziyyat müəllimlərinin iştirakı ilə keçirilən bölmə iclasına “Azərbaycan müəllimi” də qatılıb.

Müzakirələr əsasən şagird nəticələri üzərində qurulub. Təhsil işçiləri ötən tədris ilinin hesabatlarını müzakirə edib, qarşıya qoyulan hədəflərə çatma yolları barədə fikir mübadiləsi aparıblar.

“Biliyi bacarığa çevirə bilən adam firavan yaşayır”

Müzakirələrə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu da qatılıb. O qeyd edib ki, qiymətləndirmə zamanı şagirdlərin oxuyub-anlama, riyazi təfəkkür, öyrəndiyini tətbiq etmə bacarıqları aşağı olub: “Uşağa misal versəniz ki, tərəfləri 5 və 4 metr olan düzbucaqlının perimetrini, sahəsini hesablayın, sinfinizin 60-70 faizi bunu hesablayacaq. Amma onlara tapşırığı belə versəniz ki, eni 4, uzunu 5 metr olan otağa nə qədər parket almaq lazımdır, sinfin 90 faizi şoka düşəcək. Çünki onlar perimetr hesablamağı həyati situasiyada görə bilmirlər. Riyazi təfəkkür budur. Bunun üstündə işləməliyik. Çünki situasiya, tətbiq tipli tapşırıqların sayı bütün imtahanlarda artıb”.

V.Yaqublu əlavə edib ki, beynəlxalq qiymətləndirilmələrdə də suallar belə qoyulur, həyat da bunu tələb edir: “Biliyi bacarığa çevirə bilən adam firavan yaşayır, bildiyini tətbiq edənlər iş tapır və daha yüksək həyat şəraitinə çatır. Şagird nailiyyətini pul ekvivalentinə çeviriblər və hesab edirlər ki, hansı ölkə şagird nailiyyəti sıralamasında ən aşağıdadırsa, 10 il sonra həmin ölkənin iqtisadiyyatı milyardlar itirəcək”.

V.Yaqublu hesab edir ki, riyazi təfəkkürü inkişaf etdirmək üçün ilk növbədə ibtidai təhsil səviyyəsində uşaqlarlın konkret təfəkkürünə əsaslanılmalıdır. V.Yaqublu çoxalma və azalma prinsipləri ilə başa salmağı tövsiyə edib: “Çünki uşaqlar konkret məfhumlarla öyrənirlər. Sinif otaqlarını əyani vəsaitlərlə doldurun. Uşaqlara intizam öyrədin. Zəif uşaqları diqqət mərkəzində saxlayın. Sürətli oxu bacarığını artırın. Açar sözləri müəyyən edərək oxumağı öyrədin. Buna nail olmasaq, Azərbaycan şagird qiymətləndirmələrində Vyetnamdan, Kambocadan belə geri qalacaq”. 

Bölmə iclaslarında müzakirələrdə müəllimlər bir sıra narahatlıqlarını dilə gətirib, ən çox dərsliklərin məzmunundan narazılıq ifadə ediblər.

“Maraqlı bir mühitdə, canlı müzakirə şəraitində problemlərə baxmaq həqiqətən çox faydalı oldu”

Nərimanov rayon 178 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Afaq Hüseynova sertifikatlaşdırma imtahanının uğurlu müəllimlərindəndir. O bildirib ki, 2025/2026-cı tədris ilində qarşısına qoyulan əsas hədəflər bölmə iclasından sonra müəllimlər üçün daha da aydınlaşıb: “Təhsil işçilərinin sentyabr konfransını da diqqətlə izlədim, bu gün isə problem və çatışmazlıqlarımızı müzakirə etdik. Belə görünür ki, rəqəmsal biliklərin aşılanması, davamiyyətə nəzarət məsələləri növbəti tədris ilinin əsas mövzuları olacaq. İbtidai siniflərdə davamiyyət, nizam-intizamla bağlı hər hansı problemlər olmur. Əsas prioritetimiz rəqəmsal biliklərin aşılanmasıdır. Hazırda bizə təlimlər keçilir və onun nəticəsinin tədris ili ərzində şagirdlərimizin səviyyəsində görünəcəyini düşünürəm”.

Sentyabr konfranslarının bölmə iclaslarında ilk dəfə iştirak etdiklərini deyən ibtidai sinif müəllimi bunun onun üçün əhəmiyyətini də vurğulayıb: “Çox maraqlı bir mühitdə, canlı müzakirə şəraitində problemlərə baxmaq həqiqətən çox faydalı oldu”.    

“Nailiyyətlərimizi güclü şagirdlərimizi zəiflətmədən, diqqətdən kənarda qoymadan artırmalıyıq”

7 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Şəhla Yolçuyeva ötən il sertifikatlaşdırma imtahanından 54 bal toplayıb, rayonun fəal müəllimlərindən biri olaraq müzakirələrə dəvət edilib: “Əvvəl düşünürdüm ki, rəsmi bir toplantı olacaq. İclasda gördüm ki, həqiqətən, qızğın müzakirə aparılır. Həmkarlarımız sərbəst şəkildə öz fikirlərini ifadə etdilər. Gələcəyimizin sahibi olan övladlarımız üçün nə edə biləcəklərimizi müzakirə etdik. Mənim tətbiq etdiyim və müsbət nəticələr aldığım metodlar var, amma bir fikirlə razılaşdım ki, sinifdə şagirdlərimizi qrupa ayırmaqla daha yaxşı nəticələr əldə edə, zəif şagirdlərimizin sayını azalda bilərik. Amma bunu daha güclü şagirdlərimizi zəiflətmədən, diqqətdən kənarda qoymadan etməliyik”.

“Mətn üzərində iş aparmağa daha çox vaxt ayıracağam”

264 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səkinə Həsənova hesab edir ki, yeni tədris ilində daha çox oxuyub-anlama bacarığının inkişafına köklənmək lazımdır: “Müzakirələrimiz monitorinq nəticələrinin artırılması, tədrisdə yeni yanaşmalar haqqında oldu. Şagirdlərin oxu savadlılığının artırılması, oxuyub-anlama bacarığının inkişaf etdirilməsi barədə yeni üsulların tətbiqinin daha səmərəli nəticə verəcəyi haqqında mülahizələr səsləndirildi. Riyazi məsələlər həyati faktlar içərisində həll edilməli, dil qaydalarını hekayələr, mətnlərlə öyrətməliyik, daha çox oxuyub-anlama bacarığının inkişafına köklənmək lazımdır. Bundan sonra dil qaydaları və tətbiqinə daha az yer verəcəyəm, mətn üzərində iş aparmağa daha çox vaxt ayıracağam. Təbii ki, məsələ bununla da bitmir. Şagirdlərdə söz bazası formalaşdırmaq, onların özlərini ifadə etmə bacarığını, bədii ədəbiyyat və eləcə də, elmi ədəbiyyat oxumağa cəlb edəcəyəm. Monitorinq mətnlərinin həcminin azaldılması və sualların daha sadə şəkildə qoyulması fikri ilə tamamilə razıyam”.

“Yeni tipli tapşırıqları şagirdlərə öyrətmə ardıcıllığını, alqoritmini müəllimlərimiz daha dərindən öyrənsinlər”

Vəfa Yaqublu “Azərbaycan müəllimi”nə bildirib ki, görüş müzakirə formatında keçib və bütün təhsil işçiləri öz fikirlərini bildiriblər: “Ötən tədris ilinin hesabatının dinlənilməsi, ötən tədris ilindəki uğurlar və problemlərin müzakirəsi, yeni tədris ili üçün hədəflərin qoyulmasıdır. Sentyabr konfransları Bakıdan başlayıb və bölgələrdə də davam edəcək. Bölmə iclaslarına nəinki müəllimləri, tərbiyəçi müəllimləri də dəvət etmişik. Müzakirə edirik ki, həm sinif, həm də məktəb səviyyəsində şagirdlərin təlim nəticələrini yüksəltmək üçün praktiki addımlar ata bilək. Problemləri üzündən tanımalıyıq ki, onların çıxış yollarını da müzakirə edə bilək”.

V.Yaqublu sonda vurğulayıb ki, yeni dərsliklərin müəllifləri müəllimlərə qrup şəklində vebinar keçsələr faydalı olar: "Məqsəd budur ki, yeni tipli tapşırıqları şagirdlərə öyrətmə ardıcıllığını, alqoritmini müəllimlərimiz daha dərindən öyrənsinlər”.

1 /5

Şərhlər

Xəbər lenti

5 sentyabr, 17:49

BŞTİ-də kitabxanaçı müsahibəsinin apellyasiya mərhələsi başlayır

5 sentyabr, 17:44

Peşə təhsili müəssisələrində yeni tədris ili öncəsi təlimlər keçirilib

5 sentyabr, 16:42

43 yaşında 9-cu sinif məzunu oldu – Şəhla Mirzəyevanın uğur hekayəsi

5 sentyabr, 16:27

ADNSU və 4SİM əməkdaşlıq imkanlarını müzakirə edib

5 sentyabr, 14:29

TİF ilə Dünyagöz xəstəxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

5 sentyabr, 14:12

Mingəçevir Dövlət Universiteti əmək yarmarkasında təmsil olunub

5 sentyabr, 13:53

Türkiyə-Azərbaycan Universiteti müəllim vakansiyası elan edir

5 sentyabr, 13:48

Məktəb qapısından evədək: Uşaqların təhlükəsizliyi necə qorunur?

5 sentyabr, 12:25

Sinfi necə idarə edəcəyəm? – Gənc müəllimlərin ilk dərs günü 

5 sentyabr, 12:06

Böyük xərc, kiçik diplom: Sərmayənizi təhlükəyə atmayın!

5 sentyabr, 11:57

33 nəfər DP-də iştirakdan imtina edib, əvəzinə yeni namizədlər seçilib

5 sentyabr, 11:48

ICPC dünya finalının bağlanış və mükafatlandırılma mərasimi keçirilib

5 sentyabr, 11:28

Bu universitetə yeni prorektor təyin olunub

5 sentyabr, 11:20

Yeni Nobel mükafatçılarının adları bu tarixlərdə açıqlanacaq

5 sentyabr, 10:42

Dissertasiya yazmaq biznesə çevrilib: Şirkətlər yazır, tələbələr müdafiə edir

5 sentyabr, 10:30

Diplomat olmaq istəyən gənc: Azərbaycandan Koreyaya uzanan yol

5 sentyabr, 09:59

Bu regionun kənd məktəbləri şəhər məktəblərini geridə qoydu 

5 sentyabr, 09:59

Emin Əmrullayev Özyeğin Universitetinin rektoru ilə görüşüb

5 sentyabr, 09:33

Dərs saatı az olan müəllimlər üçün fürsət - Qeydiyyat başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.