.jpeg)
O, kəndinin parlayan ilk ulduzudur. Həmin kənddə böyüyüb boya-başa çatan ali təhsilli ilk qızdır: “Kəndimizdə ali təhsilli kişilər çoxdur, ancaq qızlar, əsasən, kolleclərdən məzun olublar. Ona görə də mən kəndimizdə ali təhsil alan ilk qız oldum”.
O qız III “Maarifçi” tələbə-məzun təcrübə proqramının 49 iştirakçısından biri Kəmalə Məmmədova, o kənd Kürdəmir rayonunun Qağacıllı kəndidir.
Niyə işdən çıxıb təcrübəçi oldu?
İndi Kəmalə Məmmədova başqa qızlar da oxusun deyə çalışır. Hazırda Təhsilin İnkişafı Fondunda bunu ən yaxşı necə edə biləcəyinin yollarını öyrənir: “Təhsilin İnkişafı Fondunda təcrübəmi davam etdirirəm. Burada qızların təhsilinə dəstək məqsədilə yaradılmış layihələrlə tanış olur və layihələrin idarə edilməsi ilə bağlı geniş təcrübələr qazanıram.
.jpeg)
Bundan əvvəl isə Elm və Təhsil Nazirliyində Satınalmalar və qrantlar sektorunda təcrübədə oldum. Orada mövcud qrant layihələri ilə tanış olub, təhsil sahəsində həyata keçirilən təşəbbüsləri görmək imkanım oldu. Bu, mənim üçün böyük sevinc və motivasiya mənbəyi idi. Çünki “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi hər il müxtəlif kənd məktəblərində təhsilin inkişafına yönələn müxtəlif layihələri dəstəkləyir və bu, çox yaxşı nəticədir. Təcrübəm zamanı mən bu prosesin necə idarə olunduğunu və layihələrin həyata keçirilməsini öyrənmək imkanı qazandım ki, bu da mənim üçün böyük təcrübə və öyrənmə fürsəti oldu”.
Elə “Maarifçi”də olma səbəbi də öyrənmək olmayıbmı? Kəmalə Məmmədova bakalavr təhsilini “Coğrafiya müəllimliyi” üzrə, magistratura təhsilini isə “İqtisadi və sosial coğrafiya” ixtisası üzrə Bakı Dövlət Universitetində alıb. Magistratura təhsilini tamamladıqdan sonra Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində saathesabı qaydada müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. Bakı Avrasiya Universitetində innovasiya layihələri üzrə mütəxəssis kimi inzibati fəaliyyət göstərib.
.jpeg)
Təhsil aldığı müddətdə bir neçə qrant layihəsinin qalibi olub. Bir çox universitet layihələrində təcrübəçi kimi çalışıb: “Lakin bu sahədə yetişmək üçün peşəkar dəstək almamışdım. Təhsil sahəsində karyera qurmaq istədiyimdən bu sahədə peşəkarlaşmaq əsas hədəfim idi. Onun üçün də ən doğru yol “Maarifçi” tələbə-məzun təcrübə proqramı olduğunu düşünürdüm”.
Di gəl, bildiyi “doğru yol”a düşmək elə də asan olmayıb. Amma o, inadla “Maarifçi” olmaq istəyib, bunun üçün işdən belə çıxıb: “Birinci və ikinci təcrübə proqramına müraciətim uğurlu nəticələnmədi. Amma üçüncü cəhdim uğurlu oldu və proqrama qəbul olundum. Burada iştirak edə bilmək üçün işdən ayrıldım”.
Bəli, məhz işdən ayrılıb. Qətiyyəti, məqsədyönlülüyü, hədəfinə çatmaq üçün hər cür riski, çətinliyi gözə ala bilmək bacarığı hər halda ailədə formalaşıb.
.jpeg)
Dediyinə görə, oxumağı, öz üzərində işləməyi, inkişaf etməyi çox sevir: “Uşaqlıqdan təhsilə böyük marağım olub və məktəb illərində daim öz üzərimdə çalışmışam”.
Ailədən gələn dəstəklə təhsil aldı
Amma hər şey onun öz hünəri deyil. Hədəflərinə gedən yolu yaxınlaşdıran amillər, onun üçün uzaq yolu yaxın edənlər də olub. Məsələn, indiyədək ən böyük dəstəyi, gücü ailəsindən alıb. Atası rahat təhsil almasına dəstək verib: “Təhsilli, özgüvənli bir qız olaraq yetişməyimdə ən böyük dəstəkçim ailəmdir”.
İbtidai təhsilini elə kəndlərindəki tam orta məktəbdə alıb: “Əslində, bizə ərazi baxımdan şəhər məktəbi - Kürdəmir rayon 6 nömrəli tam orta məktəbi daha yaxın idi, amma yolu yaxşı vəziyyətdə olmadığından, demək olar ki, keçilməz idi. Ona görə 5 il Kürdəmir rayonunun Qağacıllı kəndindən Xırdapay kənd tam orta məktəbinə getmişəm. Sonra məktəbə gedən yol təmir etdirildi və məsafəcə daha yaxın olan həmin məktəbə getdim”.
Atası qızı Kəmaləni daim motivasiya edib:
“Atam bizdə elmə və öyrənməyə qarşı uşaqlığımızdan maraq oyatmağa çalışıb. Televiziyalarda yayımlanan intellektual oyunların, “Mən Azərbaycanlıyam”, “Parlaq Zəka”, “Ağıl Dəryası”, “Xəmsə” kimi bilik yarışlarının daimi tamaşaçısı idik.
.jpeg)
Boş vaxtlarında atam bizimlə şahmat oynayırdı. Hətta ən zəif olduğumuz fənlərdən suallar hazırlayıb kiçik mükafatlı oyunlar keçirirdi. Bu yanaşma bizdə həm öyrənməyə həvəs, həm də rəqabət və çalışqanlıq ruhu formalaşdırdı. Məhz bunun nəticəsidir ki, həftəsonları Kürdəmir rayon Gənclər evinə gedir və “Nə? Harada? Nə zaman?” oyununda iştirak edirdim. Həmçinin “Mən Azərbaycanlıyam” intellektual TV oyununun ikiqat qalibi və ilin 4 qalibindən biriyəm. Uğurlarım tələbəlikdə də davam edib. Universitet illərində həmçinin “I am New Generation 2.0” müsabiqəsinin, eləcə də “İdeyanı Reallaşdır-2022” qrant müsabiqəsinin qalibiyəm”.
Müəllimi ilə doğru seçim etdi
Uğurlu seçimlər etməsində məktəbinin də rolu böyükdür. Hətta atasından sonra digər böyük təsirin müəllimi olduğunu deyir: “Coğrafiya müəllimim istiqamətimi tamamilə dəyişdi. Həkim olmaq arzumun üstündən bir xətt çəkdi. IV ixtisas qrupu üzrə imtahanlara qatılmağı planlaşdırırdım, kəndimizə həkim kimi xidmət göstərəcəkdim. Müəllimim Hicran Həmzəyeva sayəsində anladım ki, cəmiyyətimizə həkim olaraq yox, sosial layihələr və təhsil təşəbbüsləri vasitəsilə daha geniş təsir göstərə bilərəm.

Müəllimim mənə həmişə inanıb, özümə inanmağı öyrədib. O, məni gələcəkdə diplomat, böyük layihələrin təşkilatçısı və cəmiyyətdə söz sahibi olan biri kimi görüb və məni də buna inandırıb. Mənim ədalətli və insanlara düzgün istiqamətdə təsir etmək qabiliyyətimi hər zaman qeyd edib və məni ruhlandırıb. Onun bu dəstəyi mənim üçün çox dəyərli olub və hələ də təhsil yolunda məsləhətləri ağlımdadır”.
Kəmalə həyatda uğurlu olmaq üçün çalışacaq, çünki uğurun özü də onu stimullaşdırır: “Uğurlarım mənə öz fikirlərimi, ideyalarımı həyata keçirmək imkanı yaradıb. Üstəlik, məhz uğurlarımla kəndimizdə gənclərə nümunəyəm”.
Nümunə olması isə onu ruhlandıran ən böyük amildir, ona bənzəmək istəyən qızların olduğunu bilməkdən qürur duyur: “Tez-tez kəndə gedib əldə etdiyim uğurları bölüşürəm. Artıq ali məktəbə daxil olduğum ildən bəri neçə-neçə gəncə könüllülük təcrübəmdən danışıb onları həvəsləndirmişəm, düzgün CV hazırlayıb karyeralarını qurmalarına kömək etmişəm”.
.jpeg)
“Maarifçi” ilə hədəfinə doğru irəliləyir
Kəmalə Məmmədova inkişaf etdikcə, bir addım da irəli getdikcə iddiaları da böyüyür. Artıq o, öz yolu, o yolda da yüzlərlə qız olmasını özünə hədəf sayır: “Hədəfim yalnız şəxsi inkişafla kifayətlənmək deyil, eyni zamanda cəmiyyətə fayda verməkdir. Təhsil sahəsində bilik və təcrübə qazanaraq təhsildə daha geniş imkanların yaradılmasına töhfə vermək istəyirəm. Mənim üçün ən böyük məqsədlərdən biri kənddəki gənclər üçün təhsilin daha əlçatan olmasıdır. Bununla yanaşı, xüsusilə xanımların yalnız təhsil almaqla kifayətlənməyib, öz ixtisasları üzrə cəmiyyətdə yer tutmaları və söz sahibi olmaları mənim üçün çox önəmlidir. Gələcəkdə kəndimizdə gənclərin təhsilinə və təhsildən sonra karyera qurmalarına dəstək olacaq layihələr həyata keçirmək və onlar üçün daha yaxşı şərait yaratmaq əsas hədəflərimdəndir. Mən öz yolumu açmışam, indi istəyirəm başqaları da həmin yoldan inamla keçsin”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər