
"Qarabağ Universiteti Klinikasının təsis olunması Qarabağ bölgəsində səhiyyə xidmətlərinin inkişafında əlamətdar rol oynayacaq və regionda mövcud səhiyyə boşluqlarının aradan qaldırılmasına əhəmiyyətli töhfələr verəcək".
“Azərbaycan müəllimi” Oxu.Az-a istinadən xəbər verir ki, bunu Qarabağ Universitetində "Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev deyib.
"Biz gələcəkdə yaradılacaq Tibb və Sağlamlıq Elmləri Fakültəsi vasitəsilə yalnız peşəkar deyil, eyni zamanda, innovativ düşüncəli, şəfqətli və etik dəyərlərə malik olan səhiyyə mütəxəssisləri yetişdirməyi qarşıya məqsəd qoymuşuq. Qarabağ Universiteti Klinikası və gələcək fakültəmizi beynəlxalq standartlara cavab verən, bölgədə və dünyada tanınan bir səhiyyə təhsil və innovasiya mərkəzinə çevirməyi hədəfləyirik", - deyə direktor qeyd edib.
S.Babayev tibb fakültəsində planlaşdırılan əsas proqramlar barədə məlumat verib:
"6 illik Tibb (MD) və 4 illik Tibb bacısı (BSN) təhsili bu il başlanır. Xəstəyə qulluqda mütəxəssisləşmiş, eyni zamanda, araşdırma və liderlik bacarıqlarına malik tibb bacıları yetişdirməyi hədəfləyirik. Diş həkimliyi və başqa proqramlara da yaxın illərdə tələbələri qəbul etməyə başlamaq istəyirik".
Direktor qeyd edib ki, rezidentura və magistr səviyyəsində də müxtəlif ixtisaslaşma imkanları, o cümlədən İctimai Səhiyyə üzrə Magistr (MPH) təklif olunacaq.
"Seçmə fənn olaraq incəsənət proqramını nəzərə almaq özünüifadə, qrup halında əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. İncəsənət tələbələrə əsas fənlərdə əldə edə bilməyəcəkləri bacarıqları inkişaf etdirmək imkanı yaradır. Fakültəmizdə ənənəvi öyrənmə metodları ilə kifayətlənmirik. Bunun əvəzinə, kompetensiyaya əsaslanan tibb təhsili tətbiq edirik ki, tələbələr biliklərini praktik vərdişlərə çevirə bilsinlər. İnteqrə olunmuş və fənlərarası təhsil modelindən istifadə edirik", - deyə S.Babayev qeyd edib.
Direktor onu da deyib ki, "Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli" mövzusunda keçirilən beynəlxalq konfransın əsas məqsədi gələcək Tibb və Tibb bacısı proqramlarının tədris modelini, kompetensiya çərçivələrini və idarəetmə strukturunu formalaşdırmaqdır:
"Konfransda tibbi təhsil sahəsində məşhur olan Kernin altı mərhələli yanaşmasından istifadə edəcəyik. Bu yanaşmanın əsasını problem müəyyənləşdirməsi, tələbələrin ehtiyaclarının dəyərləndirilməsi, tədris məqsədlərinin formalaşdırılması, təhsil strategiyalarının hazırlanması, tətbiq edilməsi və nəticələrin qiymətləndirilməsi təşkil edir. İnanırıq ki, bu metodologiya beynəlxalq standartlara uyğun, eyni zamanda, yerli ehtiyaclara cavab verən tədris proqramının yaranmasını təmin edəcək. Konfransın nəticəsində tibbi və tibb bacısı təhsili üçün vahid tədris strategiyası və kompetensiya çərçivəsi hazırlanacaq. Bundan əlavə, tədris proqramlarının effektiv idarə edilməsi və davamlı təkmilləşdirilməsi üçün Məsləhət Şurasının təsis edilməsini planlaşdırırıq. Konfransda əldə ediləcək razılaşmalar gələcəkdə proqramların effektiv tətbiq olunmasına zəmin yaradacaq".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər