Xalqın yaddaşında silinməz iz buraxan tarixi faciələrin məktəblərdə tədrisi gənc nəslin milli kimliyinin qorunub saxlanılmasında əvəzsiz rol oynayır. Lakin nəzərə almaq lazımdır ki, bu cür mövzuların şagirdlərə düzgün çatdırılmaması onların psixologiyasına mənfi təsir göstərə bilər.
Buna görə də tədris zamanı elə metodlardan istifadə edilməlidir ki, həmin mövzular şagirdlərdə travma yaratmamaqla tarixi yaddaşımızın möhkəmlətməsini təmin etsin.
“Azərbaycan müəllimi”nin bu mövzu ilə bağlı suallarını Təhsil İnstitutunun Tarix fənni kurikulumlarının təkmilləşdirilməsi üzrə işçi qrupunun üzvü, tarix dərsliklərinin müəlliflərindən olan 163 nömrəli tam orta məktəbin müəllimi Ramil Tanrıverdi cavablandırıb.
O qeyd edib ki, tarixi faciələrin tədrisi zamanı şagirdlərin yaşına və psixoloji səviyyəsinə uyğun yanaşmanın tətbiqi olduqca vacibdir. Bu cür mövzular düzgün tədris olunmadığı təqdirdə şagirdlərdə emosional gərginlik yarana bilər:
“Məsələn, ibtidai siniflərdə mövzular sadə və emosional yüklənmə olmayan formada təqdim edilməlidir. Yuxarı siniflərdə isə daha dərin təhlillərə keçid etmək mümkündür. Tədris zamanı mövzuları şagirdlərə elə izah etmək lazımdır ki, onlar narahatlıq hissi keçirməsinlər. Bunun əvəzinə empatiya, humanizm və tənqidi düşüncə kimi xüsusiyyətlərin inkişaf etdirilməsinə istiqamətlənmək lazımdır”.
Mütəxəssisin sözlərinə görə, kiçik yaş qruplarında mövzular sadə dillə izah edilməli və hadisələr onların anlaya biləcəyi səviyyədə başa salınmalıdır. Bu zaman təqdimatı edən müəllimin emosiyalara qapılmaması və hisslərini şagirdlərə büruzə verməməsi vacibdir.
Kiçik yaş qruplarında məlumatlandırıcı yanaşma daha uyğun hesab edilir. İnsanlara yardım etmək və qarşılıqlı dəstək kimi müsbət nümunələri vurğulamaq önəmlidir. Bunun üçün insanların bir-birinə kömək etməsi barədə hekayələr danışmaq çox təsirli ola bilər:
“Yuxarı yaş qrupundakı şagirdlərə isə hadisələrin səbəb və nəticələrini daha detallı şəkildə izah etmək olar. Təhsilalanların tənqidi düşüncə bacarıqlarını inkişaf etdirmək üçün suallar verməklə onları müvafiq nəticələrə yönəltmək mümkündür. Müasir texnologiyalar və informasiya bolluğunu nəzərə alaraq məktəblilərin bu mövzularda artıq kifayət qədər məlumatlı olduğunu qəbul edə bilərik. Lakin bu məlumatları konkret və faydalı biliklərə çevirmək üçün xüsusi metodlardan istifadə edilməlidir”.
Müsahibimiz əlavə edib ki, müəllimlər mövzuların emosional ağırlığını nəzərə alaraq faciələrdən sonra baş verən bərpa proseslərini, insanların birlik və iradə nümayiş etdirdiklərini də vurğulaya bilərlər:
“Belə bir ifadə var: baş verən hadisələrdən dərs çıxarmaq və gələcəyə daha hazırlıqlı olmaq lazımdır. Bu məqsədlə vətəndaşların və xalqın birliyini, həmçinin birlik və bərabərlik şəraitində hər bir çətinliyə qalib gəlməyin mümkünlüyünü vurğulamaq faydalıdır”.
R. Tanrıverdinin fikrincə, faciəli tarixi hadisələri izah edərkən məktəblilərin psixoloji vəziyyətini qoruya bilmək üçün mövzuları diqqətlə seçmək, müsbət dəyərlərə fokuslanmaq və şagirdlərin öz hisslərini ifadə edə bilmələrinə şərait yaratmaq lazımdır. Təfərrüatlara mümkün qədər az yer ayıraraq mövzuları ümumi şəkildə çatdırmaq məqsədəuyğundur. Əgər ehtiyac yaranarsa, belə mövzuların tədrisi zamanı məktəb psixoloqlarının köməyindən də istifadə etmək mümkündür.
Mütəxəssis tövsiyə edib ki, bu cür mövzuların dərin fəsadlar yaratmaması üçün dərsin sonunda pozitiv hekayə danışmaq, motivasiyaedici müzakirələr aparmaq və ya mövzu ilə bağlı şəkillər göstərmək olar. Bu cür üsullar şagirdlərin sinifdə yüklənmiş emosiyalardan uzaqlaşmasına kömək edə bilər:
“Əsas məqsədimiz şagirdlərin emosional yüklənməməsi olsa da, bəzən onları bu təsirlərdən tam uzaqlaşdırmaq mümkün olmur. Buna görə bu emosiyaları müsbət birliyə və həmrəyliyə çevirmək üçün çalışmaq lazımdır. Dərsin sonunda şagirdlərə ümumi bir mesaj vermək, yaş səviyyələrinə uyğun hadisəyə dəyər vermələrini təşviq etmək olar. Beləliklə, "biz bu hadisələrə yalnız anma və qeydetmə çərçivəsində yanaşırıq" kimi yanlış təəssüratın yaranmasının qarşısı alınar”.
Empatiya və vətənpərvərlik hisslərinin tarazlaşdırılmasını vacib hesab edən mütəxəssis cəmiyyətin ümumi yanaşma tərzini müəyyən etdikdən sonra bu iki anlayışı şagirdlərə balanslı şəkildə izah etməyi daha doğru sayıb:
“Şagirdlərə müxtəlif mədəniyyətlər, dinlər və sosial qruplar haqqında məlumat verməklə onların fərqli fikirlərə sahib və insanlara qarşı anlayışlı olmasını təmin etmək mümkündür. Tarixi hadisələrdən və milli qəhrəmanlardan bəhs edərkən onların adlarını çəkmək, vizual olaraq şəkillərini nümayiş etdirmək və vətən uğrunda apardıqları mübarizə haqqında məlumat vermək şagirdlərdə vətənə sevgi hissini inkişaf etdirə bilər. Şagirdlərin bir-birilə qarşılıqlı dialoq qurması və rollu oyunlar təşkil etmək də bu prosesdə əhəmiyyətlidir. Məsələn, tarixi hadisələrin bir qəhrəmanını canlandırmaq və onların baxış bucağı ilə danışmaq şagirdlərin hadisələri daha yaxşı anlamasına kömək edə bilər”.
Müəllimin sözlərinə görə, şagirdlərə müəyyən, məsələn, "Əgər həmin qəhrəmanın yerində olsaydınız, hansı tədbirləri görərdiniz?" kimi suallar verməklə onların qərarvermə bacarığını inkişaf etdirmək olar:”Bu kontekstdə Aliya İzzet Beqoviçin məşhur fikrini xatırlatmaq faydalıdır:
"Əgər biz tarixdə baş vermiş faciələri unutsaq, onlar daim təkrarlanacaq". Belə nümunələr göstərməklə tarixi hadisələrin yaddaşlarda qalmasının və qan yaddaşına çevrilməsinin vacibliyini şagirdlərə aşılamaq mümkündür”.
Fikirlərini yekunlaşdıran həmsöhbətimiz tarixi faciələrin tədrisi zamanı nəzərə alınmalı məqamları 5 tezis formasında konkretləşdirib. Bunlar travma yaradan detallardan qaçmaq, şagirdləri bu hadisələrə hazırlamaq, faciələrdə qəhrəmanlıq və güc nümayişlərini vurğulamaq, uyğun vizual obyektlərdən istifadə etmək, diskussiyalarla şagirdlərin fikirlərini paylaşmağa təşviq etməkdir.
Qısaca deyilərsə, tarix dərslərində əsas məqsəd şagirdlərdə travma yaratmamaq, əksinə, onları mövzuları anlamağa və tarixi hadisələrdən dərs almağa təşviq etməkdir. Müəllimlər bu mövzuların tədrisinin təşkilini diqqətlə planlaşdırmalı və şagirdlərin emosional ehtiyaclarına uyğun yanaşma tətbiq etməlidirlər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)