Nicat Məmmədli: Azərbaycan dövləti həmişə öz müəlliminin yanındadır
“Bizim həyatımızın iki ən böyük dayağı var. Sözsüz ki, birincisi ailəmiz, ikincisi isə müəllimlərimizdir. Bu həyatda nəyimiz varsa, nəyə nail olmuşuqsa, məhz ailəmizə və müəllimlərimizə borcluyuq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə səsləndirib.
N.Məmmədli qeyd edib ki, “TəhsilPlus” layihəsinin əsas məqsədi hər bir addımımızda, ən çətin məsələlərdə belə bizə kömək edən müəllimlərə dəstək göstərməkdir: “Müəllimlər bizim həyatımızı formalaşdıran insanlardır və müəllimlərimizə hər an təşəkkür etmək istəyirik. Bizim bu layihəmiz – “TəhsilPlus” müəllimlərimizə müəyyən benefislər verir. Bu benefislər sizə çox böyük görünməyə bilər, lakin biz burada bildirmək istəyirik ki, müəllim hər dəfə alış-veriş etdikdə ona edilən endirim və gələn keşbek mesajı bizim təşəkkürümüz kimi qəbul olunsun. Sizin hər addımınıza bir təşəkkür olaraq bunu təqdim edirik”.
O bildirib ki, biz artıq qalib dövlət və xalqıq və bu qalibiyyətin əsas mənbələrindən biri müəllimlərdir: “Çünki məhz həmin müharibədə vətənimizin suverenliyinin, ərazi bütövlüyünün qorunmasında iştirak edən övladlarımızın yetişməsində ən böyük rol, sözsüz ki, müəllimlərimizin olub. Məhz buna görə də Azərbaycan dövləti, cəmiyyəti həmişə öz müəlliminin yanındadır. Biz sizə təşəkkür edirik”.



