Nicat Məmmədli: Universitet reytinqlərində ən ciddi problemlərdən biri beynəlmiləlləşmədir

21 Oktyabr, 2024 - 14:53

“Universitet reytinqlərində ən ciddi problemlərdən biri beynəlmiləlləşmə məsələsidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda keçirilən tədbirdə deyib. 

O bildirib ki, bu, həm akademik heyətin qarşılıqlı mübadiləsində, həm də xarici tələbələrin sayında özünü göstərir. 

“Bizim kifayət qədər nüfuzlu universitetlərimiz var ki, onlarda xaricdən gələn tələbələrin sayı kifayət qədər aşağıdır. Qonşu ölkələrin universitetləri ilə paralellər apardıqca görürük ki, onlar daha çox xarici tələbə cəlb edə bilirlər. Bunu üçün nə etməliyik? Digər təhsil proqramlarımı hazırlamalıyıq, yaxud universitetlərimiz daha çox xaricdəki təhsil yarmarkalarındamı iştirak etməlidirlər? Bütün bunlar qarşımızda duran suallardır”. 

Nazirin müşaviri həmçinin ali təhsil müəssisələrinin daxili keyfiyyət təminatı ilə bağlı məqamlara da toxunub. O əlavə edib ki, daxili keyfiyyət təminatı ilə bağlı problemlər hələ də qalmaqdadır:

“Bununla bağlı nazirliyə müraciətlər də daxil olur. Bu problemlər yekunda akkreditasiya prosesinə maneə olur. Bütün bunlar müzakirə edilmədikcə, biz inkişafdan geri qalacağıq. Ali təhsil sistemi dünyanın hər yerində kifayət qədər konservativ sistemdir, bizim ölkəmizdə isə tarixdən gələn ətalət daha çox özünü büruzə verir. Buna görə də biz daha çox bu məsələlərdə aktiv olmalıyıq”.