Nurlan İsmayılbəyli: 11 mindən çox namizəd eyni anda imtahan verə bilir

14 İyul, 2026 - 10:43
Nurlan İsmayılbəyli: 11 mindən çox namizəd eyni anda imtahan verə bilir

"2026–2027-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə bu gündən start verilib. Növbəti 4 gün ərzində proses təşkil olunacaq və iyulun 18-də müsabiqənin test imtahanı mərhələsinin yekunlaşması nəzərdə tutulur".

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında söyləyib.

N.İsmayılbəyli bildirib ki, müsabiqədə 34 mindən artıq namizədin iştirakı nəzərdə tutulur: "Bu ildən Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, prosesin test imtahanı mərhələsi ödənişli formada həyata keçirilir. Lakin şəhid ailələrinin üzvləri, müharibə veteranı adını almış şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, əlilliyi olan şəxslər və müsabiqədə ilk dəfə iştirak edən şəxslər ödənişdən azaddırlar".

Onun sözlərinə görə, 10 minə yaxın namizəd ödənişdən azad olunub: "Namizədlərə ötən həftə müsabiqənin keçiriləcəyi məkan, tarix və saatla bağlı məlumatlar təqdim olunub. İştirakçılardan 10 minə yaxın namizəd ödənişdən azad olunub, digər 24 min nəfər isə iyulun 6–9-da miq.edu.az portalında onlar üçün yaradılmış imkanlardan istifadə edərək ödənişlərini tamamlayıblar və onlara uğurlu qeydiyyat barədə bildirişlər təqdim olunub.
İyulun 18-də bu proses tamamlanmış olacaq".

Şöbə müdiri qeyd edib ki, bu il  ölkənin 23 müxtəlif şəhərində 11 mindən çox namizədin eyni anda imtahan verməsi üçün müvafiq imtahan infrastrukturu formalaşdırılıb: "Növbəti günlər ərzində, bu gün də daxil olmaqla, hər gün 2 seans təşkil olunacaq və gün ərzində 6–8 min namizədin müxtəlif fənlər üzrə imtahanlarda iştirakı nəzərdə tutulur. Bu gün ilk olaraq informatika və ibtidai sinif müəllimliyi üzrə imtahanlar təşkil olunacaq.

Növbəti günlərdə isə digər fənlər üzrə imtahanlar keçiriləcək və proses yekunlaşdırılacaq".

O həmçinin qeyd edib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə daxil olmuş müraciətlər əsasında 100-dən çox namizədin imtahan mərkəzinin dəyişdirilməsi ilə bağlı müraciətinə baxılıb və müsbət qərar verilib.