O qədər həvəsim vardı ki, atam mənə yay düzəltdi - Tennisçi Səidə Qulizadə

22 İyun, 2026 - 15:43
O qədər həvəsim vardı ki, atam mənə yay düzəltdi - Tennisçi Səidə Qulizadə

Məktəblilərin Respublika İdman Olimpiadası davam edir. Aşağı yaş qrupunda yarışan tennisçilər arasında böyük gözləntilər olan idmançılardan biri Bakı məktəblisi Səidə Qulizadədir. 84 nömrəli tam orta məktəbin şagirdi 4 idən çoxdur ki, stolüstü tennislə məşğul olur. Ölkə səviyyəsində və beynəlxalq yarışlara qatılaraq uğur qazanıb:

“Bakı çempionatında 3 növ üzrə birincilik əldə edərək mütləq birinci oldum. Özbəkistanda yarışa qatılaraq III olmuşam. Çox yarışda uğur qazanmışam, hamısı yadımda deyil”.

Məktəbdə də yaxşı oxumağa çalışan idmançı şagird tennis oynamağı daha çox sevir: “Məktəbdə idman dərsini sevirəm, bir də “Rəqəmsal bacarıqlar” dərsini. Kompüterdə işləyirik”.

Tennis oynamağa “Şüa” İdman Klubuna gəlir: “Tennis oynamağı sevirəm. Bir də oxatma idman növü ilə maraqlanıram. O qədər həvəs göstərirdim ki, atam mənə yay düzəltdi, amma oxu taxtadan idi”.

Tennis müəllimi olacağını deyən Səidə bunun üçün ona nə lazım olduğunu da bilir: “İdman institutunu qurtarmalıyam”.

Səidə özünə güvənir, qalib olacağını düşünür. Ancaq gözünü qorxudan, bir az da pərəstiş etdiyi bir rəqibi var: “Onur Quluzadə həmişə yarışlarda I yer olur, ya da II yerə çıxır”.