Ölkəmizdə məktəblilərin ilk dəfə hazırladıqları “Azərbaycanın Zəfəri” peyki orbitə buraxılıb

3 Dekabr, 2025 - 09:59
Ölkəmizdə məktəblilərin ilk dəfə hazırladıqları “Azərbaycanın Zəfəri” peyki orbitə buraxılıb

Azərbaycan məktəbliləri tərəfindən hazırlanan “Azərbaycanın Zəfəri” adlı “PocketQube” piko-peyki Kaliforniyada yerləşən kosmik bazadan “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə uğurla orbitə buraxılıb.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov dekabrın 3-də KOSMİK Akademiyada keçirilən mətbuat konfransında bildirilib.

Bu missiya “Azərkosmos”un nəzdində KOSMİK Akademiyanın təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə Təhsil İnstitutu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” MMC, Braziliya Kosmik Agentliyi və Braziliyanın “IDEIA Space” şirkətinin dəstəyi ilə həyata keçirilmiş “Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi” çərçivəsində 7-9-cu sinif şagirdləri arasında baş tutub.

Onun sözlərinə görə, layihənin “Azərbaycanın Zəfəri” adlandırılması təsadüfi deyil. Peyk Vətən müharibəsində qazanılan şanlı Zəfərdən ilhamlanaraq hazırlanıb və məktəblilərin vətənpərvərlik ruhunu, yaradıcılıq potensialını və texnologiyaya marağını artıran mühüm təşəbbüsdür.

Azərbaycan məktəblərinin iştirakı ilə reallaşdırılan bu təşəbbüs regionda ən geniş texniki-innovasiya proqramlarından biri hesab olunur. Ölkənin 41 məktəbindən 672 şagird layihədə iştirak edib. Bu, gənclərin gələcəkdə kosmik texnologiyalar, mühəndislik və proqramlaşdırma sahələrində bilik və bacarıqlarının inkişafına mühüm töhfə verəcək.

“Bu cür layihələr gənclərimizin Azərbaycan kosmik texnologiyalarının inkişafında iştirakını genişləndirir və onların gələcək innovasiya layihələrində mühüm rol oynayacağına əminlik yaradır. Azərbaycan gəncləri artıq bu böyük dəyişikliklərin bir parçasıdır və biz texnologiya liderlərinin yetişdirilməsi istiqamətində işi davam etdirəcəyik”, – deyə Rəşad Bayramov bildirib.