Onların hədəfi yalnız xaricdə oxumaq deyil – DP qalibləri 

2 Sentyabr, 2026 - 11:12
Onların hədəfi yalnız xaricdə oxumaq deyil

Dünyanın nüfuzlu universitetlərində təhsil almaq, yeni biliklər qazanmaq və əldə etdiyi təcrübəni gələcəkdə ölkəsinin inkişafına yönəltmək  Azərbaycan gənclərinin qarşısında açılan mühüm imkanlardan biridir. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” da bu istiqamətdə gənclərə geniş perspektivlər yaradır.

“Azərbaycan müəllimi”nin müsahibləri  Dövlət Proqramı çərçivəsində magistratura pilləsində təhsil alacaq Günay Əliyeva və doktoranturada oxuyacaq Jalə Məmmədova da bu imkanlardan yararlanan gənclərdəndir. 

Elmi yenilikləri Azərbaycana gətirmək istəyirəm

Günay bakalavr təhsilini Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində “Tarla bitkiləri” (aqronomluq) ixtisası üzrə tamamlayıb. Hazırda isə magistratura təhsilini Dövlət Proqramı çərçivəsində Ege Universitetində “Bitki islahı və genetikası” ixtisası üzrə alacaq.

Günay deyir ki, kənd təsərrüfatında məhsuldarlığın artırılması və genetik ehtiyatların qorunmasına olan marağı onu bu sahədə daha dərin tədqiqatlar aparmağa sövq edir: “Müasir elm və kənd təsərrüfatı texnologiyaları sürətlə inkişaf edir. Ona görə də mən magistratura təhsilindən sonra yenidən xaricdə doktorantura üzrə oxumağı və dünyanın aparıcı elmi mərkəzlərində qabaqcıl biotexnoloji və seleksiya üsullarını öyrənməyi hədəfləyirəm. Lakin əsas məqsədim xaricdə qalmaq deyil, orada qazandığım bilikləri, müasir laboratoriya təcrübəsini və elmi yenilikləri Azərbaycana gətirməkdir. Bütün gələcək fəaliyyətimi ölkəmizin kənd təsərrüfatı potensialının artırılmasına həsr etmək istəyirəm. Mən özümü gələcəyin həm elmi-tədqiqat, həm də dövlət və aqrar siyasətin hazırlanması istiqamətində faydalı mütəxəssisi kimi görürəm.

““Bitki islahı və genetikası” sahəsindəki tədqiqatlarım ölkəmizə üç əsas yenilik qazandıracaq: iqlim dəyişikliklərinə və quraqlığa dözümlü yeni bitki sortlarının yaradılması, ənənəvi üsullardan molekulyar biotexnologiyaya keçid vasitəsilə məhsuldarlığın artırılması və fermerlərimiz üçün daha az resursla (su, gübrə) yüksək keyfiyyətli məhsul əldə etməyin elmi əsaslarının tətbiqi”.

İlk cəhddə uğur qazanmadı, ikinci dəfə qalib oldu 

Günayın DP -yə qəbul üçün birinci cəhdi uğursuz olub.Ancaq hədəfinə çatmaq üçün daha məsuliyyətlə çalışıb:“Hər böyük hədəfin yolu müəyyən çətinliklərdən keçir. Mənim də Dövlət Proqramına gedən yolum heç də hamar olmayıb. İlk il müraciət etdim, amma qəbul ola bilmədim. İnamımı itirmədim, əksinə, daha çox çalışdım, çatışmazlıqlarımı gördüm və növbəti il yenidən müraciət etdim. Nəticədə ikinci cəhdimdə hədəfimə çatdım və Dövlət Proqramına qəbul oldum.

Bu yol mənə çox vacib bir həqiqəti öyrətdi ki, insan öz həyatının hekayəsinin müəllifidir və hekayənin qəhrəmanı da özü olmalıdır. Hər kəsin sizin üçün müəyyən etdiyi bir yol ola bilər, hər kəs sizə nəyi bacara bilməyəcəyinizi deyə bilər. Amma sizin potensialınızı sizdən yaxşı heç kim bilə bilməz. Ona görə də gənclərə ən böyük tövsiyəm özlərinə inanmaları və yollarından dönməmələridir. Uğursuzluq həmişə son demək deyil. Bəzən uğursuzluq bizi daha güclü, daha hazırlıqlı və məqsədimizə daha yaxın etmək üçün qarşımıza çıxan mərhələdir. Əsas məsələ yıxılmamaq deyil, yıxıldıqdan sonra yenidən ayağa qalxmağı bacarmaqdır”.

İkinci dəfə Dövlət Proqramının qalibi oldu 

Növbəti müsahibimiz doktoranturada təhsil alacaq Jalə Məmmədovadır. Jalə bakalvr təhsilini Azərbaycan Dillər Universitetində, magistratura təhsilini isə DP çərçivəsində İngiltərədə alıb. Hazırda isə növbəti dəfə DP çərçivəsində İngiltərənin ən nüfuzlu universitetlərindən sayılan Bristol Universitetinin “Təhsil üzrə fəlsəfə doktoru” (PhD in Education)  proqramına qəbul olunub. 
Jalə təhsil sahəsində tədqiqatçı mütəxəsis kimi işləməyi düşünür: “Tədqiqatım Azərbaycanda ali təhsilin nə dərəcədə əlçatan və inklüziv olduğunu, xüsusilə də əlilliyi olan tələbələrin ali təhsil mühitində hansı imkan və çətinliklərlə qarşılaşdığını araşdırır. Təhsil hər kəs üçün bərabər imkan yaratmalı olsa da, müxtəlif sosial, iqtisadi və fiziki amillər bəzi insanların ali təhsilə çıxışını və təhsil prosesində tam iştirakını çətinləşdirə bilər.Təqdimatım əsasən həmin məsələlərin əlillik kontekstində necə ortaya çıxdığını göstərməyə yönəlib.Bu mövzu mənim üçün ona görə xüsusilə əhəmiyyətlidir ki, təhsil yalnız akademik inkişaf deyil, həm də gələcək məşğulluq və cəmiyyətə tam inteqrasiya üçün əsas vasitələrdən biridir.Layihənin əsas məqsədi Azərbaycanda inklüziv ali təhsilin mövcud vəziyyətini daha dərindən anlamaq, bu sahədəki boşluqları müəyyənləşdirmək və əldə olunan nəticələrlə həm akademik ədəbiyyata, həm də gələcəkdə daha effektiv siyasət və praktikaların formalaşdırılmasına töhfə verməkdir".