Ötən il xarici ölkələrdə verilmiş 35 elmi dərəcə tanınıb
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 2025-ci ildə xarici ölkələrdə verilmiş elmi dərəcələrə dair sənədlərin tanınması ilə bağlı məlumatları açıqlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, cari ildə müxtəlif ölkələrdə verilmiş elmi dərəcələr üzrə ümumilikdə 35 sənəd tanınıb.
Ən çox tanınma Türkiyədə verilmiş diplomlar üzrə qeydə alınıb. Bu ölkə üzrə 16 elmi dərəcə sənədi müsbət qərarla nəticələnib. Ölkələr üzrə bölgüyə nəzər saldıqda görünür ki, Rusiya 4 tanınma ilə ikinci yerdə qərarlaşıb. Almaniya, Ukrayna və Macarıstan üzrə isə hər birində 3 sənəd tanınıb. Fransada verilmiş elmi dərəcələr üzrə 2 müsbət qərar qəbul edilib. Çex Respublikası, Yaponiya, Finlandiya və Belçika üzrə isə hər bir ölkədən 1 elmi dərəcə sənədi tanınıb.
Elm sahələri üzrə statistik göstəricilər göstərir ki, ən çox müraciət və tanınma iqtisad elmləri sahəsinə aiddir. Bu istiqamət üzrə Türkiyə, Rusiya, Almaniya, Ukrayna, Fransa və Belçikada verilmiş diplomlar daxil olmaqla ümumilikdə 13 elmi dərəcə sənədi tanınıb.
Tibb elmləri sahəsində ümumilikdə 6 tanınma qeydə alınıb. Bu sahədə əsas pay Türkiyə, Rusiya, Almaniya və Ukraynanın payına düşür. Kimya sahəsində yalnız Macarıstan üzrə 2 elmi dərəcə sənədi tanınıb.
Biologiya (2), texnika elmləri (2), sosiologiya (2), tarix (1) və fəlsəfə (1) üzrə isə ayrı-ayrı ölkələrdən müraciətlər müsbət qiymətləndirilib.



