Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ!

12 Fevral, 2025 - 12:09
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ!
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ!

Yaxın günlərdə Sumqayıt şəhəri və Abşeron rayonunda birinci sinfə qəbul üzrə üstünlük hüququ olan məktəblərin siyahısı elan olunacaq.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sıxlıq olan ərazilərdəki məktəblərə ora yaxın ərazilərdə yaşayan uşaqların qəbulundan sonra yer qalarsa, digər uşaqlar üçün də qəbul elan ediləcək. Valideynlər indidən məktəb seçiminə başlasınlar", – deyə o qeyd edib.

Qeyd olunub ki, uşaqların I sinfə qəbulu prosesində Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən və sıxlıq müşahidə edilən bir sıra ümumi təhsil müəssisələrinə qəbul zamanı üstünlük hüququ (prioritet) tətbiq olunur:
uşağın ümumi təhsil müəssisəsinin  yerləşdiyi ərazidə yaşaması;
uşağın bacı və ya qardaşlarından birinin həmin ümumi təhsil müəssisəsində təhsil alması;
uşağın valideynlərindən birinin həmin ümumi təhsil müəssisəsində işləməsi.

Ötən il üstünlük hüququ tətbiq edilən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edilib. Bu il isə Sumqayıt şəhəri üzrə də prioritet tətbiq edilən ümumi təhsil müəssisələrinin mikroəraziləri ictimaiyyətə elan ediləcək.

Vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 3-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər.