Övladlarının davranışına görə valideynlər təşəkkürnamə aldılar
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Valideyn iclası” keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə ümumi orta təhsil bazasında 3 illik texniki peşə təhsili alan tələbələrin 20-yə yaxın valideyni iştirak edib.
Qeyd edək ki, tədbir məktəb–müəllim–valideyn əməkdaşlığının möhkəmləndirilməsi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədi ilə keçirilib.
Mərkəzin direktoru Qalib Nəbiyev valideynlər qarşısında təqdimatla çıxış edib. O, təqdimatında mərkəzin fəaliyyətindən danışıb, uğurları, hədəfləri barədə məlumat verib.
Tədris-istehsalat işləri üzrə direktor müavini Camal Rəsulov və Valideyn Komitəsinin sədri Nazim Aslanov tədris ilinin gedişi və dərsə davamiyyət, tələbələrin təlim-tərbiyə göstəriciləri barədə məlumat verib, nizam-intizam qaydalarına riayətin vacibliyini vurğulayıblar. Mərkəz–valideyn əməkdaşlığının gücləndirilməsi yolları müzakirə olunub, gələcək layihə və tədbirlər barədə məlumatlar və birgə əməkdaşlığın əhəmiyyəti qeyd edilib.
İlk dəfə olaraq, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən seçilmiş 19 valideynə “Tələbənin nümunəvi davranışına, dərslərdə göstərdiyi fəallığa və yüksək tədris nəticələrinə görə təşəkkürnamə”lər təqdim edilib.
Valideynlər sinif rəhbərləri, istehsalat təlim ustaları ilə birlikdə dərs prosesi də izləyiblər.



