Oxuyub-anlama yalnız Azərbaycan dili dərslərində formalaşdırılmamalıdır 

30 Oktyabr, 2026 - 09:25
Oxuyub-anlama yalnız Azərbaycan dili dərslərində formalaşdırılmamalıdır 

İbtidai siniflərdə oxu bacarığının formalaşdırılması ilə yanaşı, şagirdlərin oxuduqları mətnin məzmununu nə dərəcədə anladıqlarının müəyyənləşdirilməsi də tədris prosesinin tərkib hissəsidir. Bu zaman şagirdin yalnız mətni düzgün oxuması deyil, əsas fikri başa düşməsi, hadisələr arasında əlaqə qurması və oxuduqlarını gündəlik həyatda tətbiq edə bilməsi nəzərə alınır. 

Oxuyub-anlama bacarığının qiymətləndirilməsi və müxtəlif fənlərdə inkişaf etdirilməsi ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov bildirib ki, şagirdin mətni oxuması onun məzmunu mənimsədiyini göstərmək üçün kifayət deyil:

“Şagirdin hər hansı mətni mexaniki olaraq səsləndirməsi, əzbər söyləməsi və ya kitabdan oxuması həmin məzmunun mənimsənilməsi demək deyil. Oxuyub-anlama bacarığını müəyyənləşdirmək üçün şagirdin mətndəki əsas hadisələri, onların ardıcıllığını və qəhrəmanları düzgün ifadə etməsinə diqqət yetirilməlidir. Eyni zamanda, şagird mətndə açıq şəkildə verilməyən nəticələri çıxarmağı, səbəb-nəticə əlaqələrini müəyyənləşdirməyi, yeni sözlərin mənasını izah etməyi və əsas fikri ümumiləşdirməyi bacarmalıdır”.

Professorun sözlərinə görə, müəllimlər oxuyub-anlama bacarığını qiymətləndirərkən yalnız şagirdin suallara verdiyi cavablarla kifayətlənməməlidirlər:

“Qiymətləndirmə prosesi birtərəfli yoxlama xarakteri daşımamalı, açıq və qapalı suallar, sxemlərin doldurulması, rollu oyunlar, qısa esselər kimi rəngarəng tapşırıq formaları üzərində qurulmalıdır. Tapşırıq və suallar tərtib olunarkən sadəcə mexaniki yaddaşı yoxlamaqla kifayətlənməməli, şagirdin tənqidi, analitik və yaradıcı təfəkkürünü işə salan məzmuna üstünlük verilməlidir”.

F.Rüstəmov qeyd edib ki, qiymətləndirmə zamanı hər bir uşağın fərdi qavrama tempi nəzərə alınmalı, müəllim şagirdin səhvlərini müəyyənləşdirməklə yanaşı, ona inkişafı üçün istiqamət göstərməlidir.

Professor oxuyub-anlama bacarığının yalnız Azərbaycan dili dərslərində deyil, digər fənlərin tədrisində də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb:

“Oxuyub-anlama bacarığının formalaşdırılması yalnız Azərbaycan dili fənninin tədrisi ilə məhdudlaşmamalıdır. Məsələn, şagird riyaziyyat dərsində məsələnin mətnini və ya şərtini doğru oxuyub anlamadıqda onun riyazi modelini və ya tənliyini qurmaqda çətinlik çəkir. Eynilə "Həyat bilgisi" və digər fənlərdə də qaydaların, təlimatların və məlumatların mənimsənilməsi birbaşa şagirdin oxuyub-anlama səviyyəsindən asılıdır”.

F.Rüstəmovun sözlərinə görə, müəllimlər gündəlik həyatdan nümunələr gətirməklə uşaqların oxuduqlarını daha yaxşı anlamalarına kömək edə bilərlər:

“Dərsdə tədris olunan mətnlər məişət cihazlarının istifadə qaydaları, dərman təlimatları, yol nişanları, elanlar və ya sadə reseptlərlə əlaqələndirilməlidir. Şagird dərk etməlidir ki, oxuyub-anlama bacarığı sadəcə təlim tapşırığı deyil, məişətdə, küçədə və cəmiyyətdə müstəqil qərarlar verməyə imkan yaradan funksional yaşam bacarığıdır”.

Professor əlavə edib ki, müəllimlər şagirdlərə oxuduqları hekayələrdəki hadisələri gündəlik həyatda qarşılaşdıqları vəziyyətlərlə müqayisə etməyi də tapşıra bilərlər:

“Məsələn, "Siz qəhrəmanın yerində olsaydınız, necə davranardınız?" sualı uşağın mətndəki hadisələr haqqında düşünməsinə, oxuduqlarına münasibət bildirməsinə və onları şəxsi təcrübəsi ilə əlaqələndirməsinə şərait yaradır. İbtidai siniflərdən etibarən oxuyub-anlama bacarığının şüurlu düşünmə və öyrənmə fəaliyyəti kimi formalaşdırılması təhsilin mühüm vəzifələrindən biridir", - deyə F.Rüstəmov qeyd edib.