“Öz üzərində çalışan müəllim istədiyi nəticəni göstərə bilər” – MİQ-də yüksək nəticə qazananlar
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə yüksək nəticə göstərən namizədlər uğurun əsas şərtlərinin sistemli hazırlıq, ixtisas biliklərinin daim yenilənməsi, diqqət və məqsədyönlülük olduğunu bildirirlər.
“Azərbaycan müəllimi” MİQ imtahanında yüksək bal toplayanlarla həmsöhbət olub.
“Hazırlıqlı müəllim üçün suallar çətin deyildi”
Tarix müəllimi Kəmalə Hüseynova builki MİQ imtahanında 94 bal toplayıb. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarix müəllimliyi” ixtisasını bitirib və hazırda Mingəçevir Tibb Kollecində müəllim kimi fəaliyyət göstərir.
Kəmalə Hüseynova MİQ imtahanında ilk dəfə 2016-cı ildə iştirak etdiyini və həmin vaxt 52 bal topladığını bildirir. Lakin o zaman vakansiya seçimində iştirak etməyib. Uzun fasilədən sonra yenidən müsabiqəyə qatılan müəllim bu dəfə nəticəsini əhəmiyyətli dərəcədə yüksəldərək 94 bal əldə edib: “İmtahan ümumilikdə çox yaxşı təşkil olunmuşdu. Suallar düşündürücü olsa da, hesab edirəm ki, hazırlıqlı müəllim üçün çətin deyildi. İllər ərzində qazandığım pedaqoji təcrübə, ixtisasım üzrə biliklərimi yeniləməyim və imtahana məsuliyyətlə yanaşmağım nəticəmə müsbət təsir göstərdi”.
O, Mingəçevir Tibb Kollecində pedaqoji fəaliyyətini davam etdirmək istədiyini, eyni zamanda şəhərin ümumtəhsil məktəblərində uyğun vakansiya yaranarsa, əlavə müəllim kimi çalışmağı planlaşdırdığını söyləyir.
“Diqqətli olan və öz üzərində çalışan yüksək nəticə göstərə bilər”
Mingəçevir şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Pərvanə Mabudova MİQ imtahanında 96,5 bal toplayaraq yüksək nəticə göstərib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin məzunu olan Pərvanə müəllim hazırda çalışdığı məktəbə də MİQ müsabiqəsi vasitəsilə qəbul olunub. O, əvvəlki müsabiqədə 60 mümkün baldan 55 bal toplayaraq müəllimlik fəaliyyətinə başlayıb.
Pərvanə Mabudova 2026-cı ildə həm sertifikatlaşdırma prosesində, həm də MİQ imtahanında iştirak edib. O, iyunun 24-də keçirilən sertifikatlaşdırma imtahanında 54, iyulun 16-da keçirilən MİQ imtahanında isə 96,5 bal toplayıb: “MİQ imtahanında orta çətinlikli suallarla yanaşı, düşündürücü və xüsusi diqqət tələb edən tapşırıqlar da var idi. Düşünürəm ki, diqqətli olan, biliklərini mütəmadi yeniləyən və öz üzərində çalışan hər bir müəllim imtahanda istədiyi nəticəni göstərə bilər”.
Onun sözlərinə görə, müəllimin yüksək nəticə əldə etməsi yalnız imtahana hazırlıq dövrü ilə məhdudlaşmamalıdır. Müəllim daim öyrənməli, tədris etdiyi fənn üzrə yenilikləri izləməli və biliklərini şagirdlərinə daha düzgün çatdırmağın yollarını axtarmalıdır.
“Hər il nəticələrimi daha da yaxşılaşdırmağa çalışmışam”
Rus dili fənni üzrə MİQ imtahanında iştirak edən Bəhiyyə Nəzirli 81 bal toplayıb. O, Bakı Slavyan Universitetində “Rus dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə təhsil alıb. Bəhiyyə Nəzirli MİQ imtahanında dördüncü dəfə iştirak etdiyini və əvvəlki illərdə də yaxşı nəticələr qazandığını bildirir: “Bu il əldə etdiyim nəticəni özümdən gözləyirdim. Çünki əvvəlki illərdə də imtahanlarda iştirak ediyimdən artıq müəyyən təcrübəm var və nəticələrimi tədricən yaxşılaşdırmışam. İmtahan şəffaf şəraitdə keçirildi”.
Hazırda pedaqoji fəaliyyətlə məşğul olmayan Bəhiyyə Nəzirli vakansiya seçimində Mingəçevir şəhərində yerləşən məktəblərə üstünlük verməyi və müəllim kimi fəaliyyətə başlamağı planlaşdırır.
O, müəllimliyə namizədlərə imtahan prosesinə yalnız bilik sınağı kimi deyil, həm də öz peşəkar hazırlıqlarını qiymətləndirmək imkanı kimi yanaşmağı tövsiyə edir.
İmtahanda düzgün vaxt bölgüsü əsas şərtlərdəndir
İngilis dili müəllimliyi üzrə müsabiqədə iştirak edən Afaq Mustafayeva MİQ imtahanında 90 bal toplayıb. O, ixtisas bölməsi üzrə 74, kurikulum bölməsi üzrə isə 16 bal əldə edib.
Afaq Mustafayevanın sözlərinə görə, imtahanda qaydalarla bağlı suallar nisbətən rahat olsa da, bəzi tapşırıqlar geniş söz ehtiyatı, diqqət və vaxtın düzgün idarə olunmasını tələb edib: “İmtahanın səviyyəsini ümumilikdə normal qiymətləndirirəm. Qaydalarla bağlı suallar kifayət qədər rahat idi. Bununla yanaşı, geniş söz ehtiyatı tələb edən tapşırıqlar da vardı. Hər il olduğu kimi, builki imtahanda da həm kurikulum, həm də ixtisas bölməsində düşündürücü suallarla qarşılaşdıq”.
Hazırda heç bir təhsil müəssisəsində çalışmayan Afaq Mustafayeva əldə etdiyi nəticə ilə vakansiya seçimində iştirak edərək müəllimlik fəaliyyətinə başlamağı qarşısına məqsəd qoyub.
MİQ imtahanında yüksək nəticə qazanan müəllimlər hesab edirlər ki, uğur yalnız imtahan günü göstərilən biliklə müəyyənləşmir. Davamlı öyrənmək, peşəkar yenilikləri izləmək, səhvləri təhlil etmək və məqsədə inamla irəliləmək müəllimlərin nəticələrinə təsir göstərən əsas amillərdir.




