“Özünüz haqqında danışın”: Asan sualın çətin cavabı 

1 Sentyabr, 2026 - 15:04
“Özünüz haqqında danışın”: Asan sualın çətin cavabı 

Universiteti bitirmək gənclər üçün karyera yolunun başlanğıcıdır. Lakin diplomun əldə olunması iş həyatına uğurlu keçid üçün hər zaman kifayət etmir. Məzunların əmək bazarında özlərini necə təqdim etməsi, CV-ni düzgün və effektiv hazırlaması, eləcə də iş müsahibəsində bacarıq və üstünlüklərini nümayiş etdirə bilməsi onların işə qəbul şansına birbaşa təsir göstərir.

Bəs bu gün məzunlar iş müsahibəsinə nə dərəcədə hazırlıqlıdırlar?

Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun doktorantı, insan resursları üzrə mütəxəssis Vəfa Mehdiyeva “Azərbaycan müəllimi”nə bildirib ki, məzunların iş müsahibəsinə hazırlaşmaq bacarıqlarını ümumilikdə orta səviyyədə qiymətləndirir:

“Bununla belə, bütün məzunları eyni kateqoriyada qiymətləndirmək doğru olmaz. Tələbəlik illərində təcrübə proqramlarında, könüllülük fəaliyyətlərində, layihələrdə və karyera inkişafı proqramlarında fəal iştirak edən gənclərin əmək bazarına daha hazırlıqlı olduqlarını müşahidə edirik.

Azərbaycanda aparılmış tədqiqatlar da göstərir ki, universitetdə əldə olunan bilik və bacarıqlarla əmək bazarının gözləntiləri arasında müəyyən uyğunsuzluq mövcuddur. 2 500-dən çox tələbənin iştirak etdiyi araşdırmanın nəticələri də bu bacarıq boşluğunun məzunların əmək bazarına keçidinə təsir edən amillərdən biri olduğunu göstərir.

CV hazırlığında isə ən çox rast gəlinən problemlərdən biri onun konkret vakansiyanın tələblərinə uyğunlaşdırılmamasıdır. Bir çox məzun CV-ni sadəcə təhsil və iş təcrübəsinin xronoloji siyahısı kimi təqdim edir. Halbuki müasir CV yalnız “Mən kiməm?” sualına deyil, daha vacib olan “Mən bu vəzifə üçün hansı dəyəri yarada bilərəm?” sualına cavab verməlidir.

Məzun CV hazırlamazdan əvvəl müraciət etdiyi vəzifəni, işəgötürənin gözləntilərini və əmək bazarındakı tələbləri araşdırmalıdır.

Bu gün işə qəbul proseslərinin rəqəmsallaşması da CV hazırlığına yeni tələblər gətirir. Bir sıra təşkilatlarda namizədlərin ilkin seçimi elektron sistemlər vasitəsilə həyata keçirildiyindən CV-nin həm məzmun, həm də struktur baxımından düzgün hazırlanması əhəmiyyət qazanır. Lakin 
əsas məsələ CV hazırlamaq deyil. Əsas məsələ namizədin öz kompetensiyalarını düzgün müəyyənləşdirməsi, onları konkret nümunələrlə əsaslandırması və müraciət etdiyi vəzifə ilə əlaqələndirməsidir”.

Mütəxəssis qeyd edib ki, müsahibəyə hazırlıqda da oxşar vəziyyət müşahidə olunur:

“Gəncin akademik göstəriciləri yüksək ola bilər, lakin o, özünü təqdim etməkdə, suallara strukturlaşdırılmış cavab verməkdə və malik olduğu bacarıqları real nümunələrlə əsaslandırmaqda çətinlik çəkə bilər. Buna görə müsahibəyə hazırlıq sadəcə mümkün suallara əvvəlcədən cavab hazırlamaqdan ibarət deyil.

Namizəd ilk növbədə özünü, müraciət etdiyi vəzifəni və həmin təşkilatı yaxşı tanımalıdır. Məsələn, “Özünüz haqqında məlumat verin” sualı sadə görünsə də, əslində namizədin özünü nə dərəcədə tanıdığını və peşəkar şəkildə təqdim edə bildiyini yoxlayan əsas suallardan biridir. Burada bütün bioqrafiyanı danışmaq əvəzinə, təhsil, əsas bacarıqlar, təcrübə və motivasiya arasında məntiqli əlaqə qurmaq lazımdır.

Digər mühüm məqam isə bacarıqların sübut edilməsidir. “Liderlik bacarığım var”, “məsuliyyətliyəm”, “komandada yaxşı işləyirəm” demək kifayət deyil. İşəgötürən üçün daha vacib sual “Bunu hansı real vəziyyətdə nümayiş etdirmisiniz?” sualıdır. Namizəd konkret nümunə gətirdikdə onun cavabı daha inandırıcı və ölçülə bilən olur.

Bu baxımdan universitetlərin və karyera xidmətlərinin rolu da xüsusi əhəmiyyət daşıyır. Universitet tələbəyə yalnız nəzəri bilik verməklə kifayətlənməməli, həmin biliyin əmək bazarında necə təqdim olunacağını və praktikada necə tətbiq ediləcəyini də öyrətməlidir. Karyera mərkəzləri, real işəgötürənlərlə görüşlər, CV üzrə praktiki sessiyalar, sınaq müsahibələri, mentorluq və təcrübə proqramları bu keçidi əhəmiyyətli dərəcədə asanlaşdıra bilər”.

V. Mehdiyevanın sözlərinə görə, son illərdə Azərbaycanda da tələbə və məzunların əmək bazarına hazırlığı istiqamətində müxtəlif təşəbbüslərin artdığı müşahidə edilir:

“CV hazırlanması, “LinkedIn” profilinin formalaşdırılması, müsahibə texnikaları, karyera planlaması və işə qəbul simulyasiyalarını əhatə edən təlim və proqramlar gənclərin praktiki hazırlığının gücləndirilməsinə xidmət edir. Lakin növbəti mərhələdə əsas diqqət bu fəaliyyətlərin sayına deyil, real nəticəsinə və məzunların məşğulluğuna təsirinə yönəldilməlidir.

Mən hesab edirəm ki, karyera hazırlığı məzun olduqdan sonra başlayan proses kimi qəbul edilməməlidir. Tələbə universitetə daxil olduğu ilk illərdən öz peşəkar istiqamətini müəyyənləşdirməli, əmək bazarını izləməli, praktiki təcrübə toplamalı və özünü təqdimetmə bacarıqlarını inkişaf etdirməlidir.

Bu baxımdan tələbələrə beş əsas istiqamətə diqqət yetirməyi tövsiyə edərdim: peşəkar və vakansiyaya uyğun CV hazırlamaq, müsahibə və özünü təqdimetmə bacarıqlarını inkişaf etdirmək, əmək bazarını və vakansiyaları təhlil etmək, təcrübə və layihələr vasitəsilə real nəticələr toplamaq, həmçinin peşəkar rəqəmsal profil formalaşdırmaq.

Çünki bu gün əmək bazarında diplom artıq təkbaşına kifayət etmir. Diplom namizədin akademik hazırlığını göstərir, lakin onun əmək bazarındakı rəqabətqabiliyyətliliyini biliklərini praktik bacarıqlara çevirmək, həmin bacarıqları real nəticələrlə nümayiş etdirmək və özünü düzgün təqdim etmək qabiliyyəti müəyyən edir.

Mən gənclərə “ilk işimi necə tapım?” sualı ilə yanaşı, “gələcəkdə hansı peşəkar olmaq istəyirəm və bunun üçün bu gündən hansı kompetensiyaları inkişaf etdirməliyəm?” sualını da verməyi tövsiyə edərdim.

Karyera işə qəbul olunduğun gün deyil, öz potensialını inkişaf etdirməyə başladığın gün başlayır. Məzunun əmək bazarındakı üstünlüyü yalnız nə bildiyi ilə deyil, bildiklərini necə tətbiq etdiyi və yaratdığı dəyəri necə nümayiş etdirdiyi ilə müəyyən olunur. Karyera hazırlığının təməli isə universitet illərində qoyulur və peşə həyatı boyunca davam edir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin keyfiyyətin təminatı üzrə aparıcı mütəxəssisi Çingiz Baxşıyev isə bildirib ki, məzunların CV hazırlamaq və iş müsahibəsinə hazırlaşmaq bacarıqlarını ümumilikdə qiymətləndirsək, burada hələ də inkişaf etdirilməli məqamların olduğunu deyə bilərik:

“Bu gün kifayət qədər hazırlıqlı, tələbəlik illərindən öz üzərində işləyən, təcrübə və könüllülük proqramlarında iştirak edən gənclərimiz var. Amma bir çox məzun CV-ni hələ də sadəcə təhsil və iş təcrübəsinin qeyd olunduğu sənəd kimi qəbul edir. Halbuki işəgötürən üçün əsas məsələ namizədin nə bildiyi ilə yanaşı, hansı bacarıqlara sahib olduğu və həmin bacarıqlarla təşkilata nə verə biləcəyidir. Eyni vəziyyəti müsahibələrdə də görürük. Bəzən yaxşı akademik göstəriciləri olan məzun belə özünü təqdim etməkdə, fikirlərini aydın ifadə etməkdə və sadə müsahibə suallarına konkret cavab verməkdə çətinlik çəkir.

Düşünürəm ki, burada universitetlərin karyera mərkəzlərinin rolu daha da gücləndirilməlidir. CV hazırlamaq və müsahibədən keçmək bir dəfə keçirilən təlimlə formalaşan bacarıqlar deyil. Tələbələr hələ universitetdə oxuyarkən real vakansiyalar üzərində CV hazırlamalı, sınaq müsahibələrində iştirak etməli və HR mütəxəssislərindən geribildirim almalıdırlar. Belə olduqda məzun ilk iş müsahibəsinə artıq müəyyən təcrübə ilə gedir”.