Uşağın rəqəmsal davranışına nəzarət vaxtla məhdudlaşmamalıdır - Deputat

17 Sentyabr, 2026 - 09:34
Uşağın rəqəmsal davranışına nəzarət vaxtla məhdudlaşmamalıdır

Rəqəmsal texnologiyaların uşaqların həyatında tutduğu yer genişləndikcə onların bu mühitdə necə formalaşması məsələsi də ailə və məktəb üçün daha ciddi məsuliyyətə çevrilir. İnternet, sosial şəbəkələr, onlayn oyunlar və müxtəlif rəqəmsal platformalar uşaqlar üçün yeni öyrənmə və ünsiyyət imkanları yaratmaqla yanaşı, düzgün istiqamətləndirilmədikdə arzuolunmaz davranışların və zərərli vərdişlərin yaranmasına da zəmin yarada bilər.

Bu baxımdan rəqəmsal təhlükəsizlik yalnız texniki müdafiə tədbirləri ilə məhdudlaşmır. Uşağın hansı məzmunla qarşılaşdığı, internetdə keçirdiyi vaxtı necə idarə etdiyi, onlayn ünsiyyətdə hansı davranış normalarını mənimsədiyi və rəqəmsal mühitin onun gündəlik həyatına necə təsir göstərdiyi də diqqətdə saxlanılmalıdır. Xüsusilə valideynlərin üzərinə uşağın rəqəmsal davranışını düzgün istiqamətləndirmək, onunla etibara əsaslanan ünsiyyət qurmaq və texnologiyadan istifadədə sağlam sərhədlər formalaşdırmaq kimi mühüm vəzifələr düşür.

Təhsildə rəqəmsallaşmanın sürətləndiyi bir dövrdə bu məsuliyyət məktəblə ailənin ortaq fəaliyyətini daha da zəruri edir. Uşağın rəqəmsal imkanlardan faydalanması ilə yanaşı, mümkün risklərdən qorunması da müasir təhsil və tərbiyə prosesinin ayrılmaz istiqamətlərindən birinə çevrilir.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov bildirib ki, rəqəmsal texnologiyalar artıq uşaqların təhsilinin, ünsiyyətinin və gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib:

“Bu imkanlar təhsilin keyfiyyətinin yüksəldilməsi, informasiya resurslarına çıxışın genişləndirilməsi və uşaqların yeni bacarıqlar qazanması baxımından mühüm üstünlüklər yaradır. Lakin rəqəmsal imkanların genişlənməsi ilə yanaşı, uşaqların onlayn mühitdə təhlükəsizliyinin təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır. Burada əsas məqsəd texnologiyadan istifadənin məhdudlaşdırılması deyil, uşaqlara ondan təhlükəsiz, məsuliyyətli və məqsədyönlü istifadə etməyi öyrətməkdir.

“Rəqəmsal məktəb” platformasının genişlənməsi fonunda məktəblər ilk növbədə şagirdlərin rəqəmsal təhlükəsizliyi ilə bağlı sistemli yanaşma formalaşdırmalıdır. Şagirdlərə şəxsi məlumatların qorunması, güclü şifrələrdən istifadə, tanımadıqları şəxslərlə onlayn ünsiyyətdə ehtiyatlı davranmaq, şübhəli keçidlərdən və məzmunlardan uzaq durmaq, kiberbullinq və digər onlayn təhlükələri tanımaq kimi əsas təhlükəsizlik qaydaları praktik şəkildə izah edilməlidir. Bununla yanaşı, uşaqların qarşılaşa biləcəyi risklərin vaxtında müəyyənləşdirilməsi və zəruri hallarda məktəb psixoloqu, müəllim və valideyn arasında koordinasiyalı fəaliyyətin təmin olunması vacibdir”.

Deputat qeyd edib ki, məktəblər rəqəmsal savadlılığın formalaşdırılmasını yalnız ayrıca bir mövzu kimi deyil, bütün təhsil prosesinin tərkib hissəsi kimi nəzərdən keçirə bilərlər:

“Şagirdlərə internetdə məlumat axtarmaqla yanaşı, həmin məlumatın etibarlılığını qiymətləndirmək, saxta və manipulyativ informasiyanı fərqləndirmək, rəqəmsal resurslardan akademik məqsədlərlə istifadə etmək və rəqəmsal etikaya riayət etmək bacarıqları aşılanmalıdır. “Rəqəmsal məktəb” kimi platformalar bu baxımdan yalnız texniki tədris vasitəsi deyil, həm də uşaqların rəqəmsal kompetensiyalarının inkişaf etdirilməsi üçün mühüm imkan yaradır.

Digər mühüm məsələ uşaqların sosial şəbəkələrdən və onlayn oyunlardan istifadəsində balansın qorunmasıdır. Burada qadağalardan daha çox düzgün istiqamətləndirmə və məsuliyyətli davranışın formalaşdırılması nəticə verir. Məktəb uşaqlara ekran qarşısında keçirilən vaxtla real həyat, fiziki aktivlik, mütaliə, sosial ünsiyyət və istirahət arasında balans yaratmağın əhəmiyyətini izah etməlidir. Ailə isə bu prosesdə məktəbin tərəfdaşı kimi çıxış etməlidir. Uşağın rəqəmsal davranışına nəzarət yalnız “nə qədər vaxt keçirir?” sualı ilə məhdudlaşmamalı, “internetdə nə edir, hansı məzmunla qarşılaşır və bu ona necə təsir göstərir?” sualları da nəzərə alınmalıdır”.

Vasif Qafarov valideynlərin bu sahədə maarifləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Çünki uşaqların rəqəmsal dünyadakı davranışları yalnız məktəbdə formalaşmır. Məktəblərdə valideynlər üçün rəqəmsal təhlükəsizlik, uşaqların sosial şəbəkələrdən istifadəsi, kiberbullinq, onlayn oyunların riskləri, şəxsi məlumatların qorunması və ekran vaxtının düzgün tənzimlənməsi ilə bağlı maarifləndirici görüşlər və praktik təlimlər təşkil edilə bilər. Valideynə sadəcə “uşağın internetdən istifadəsinə nəzarət edin” demək kifayət deyil, ona bu nəzarətin necə həyata keçirilməli olduğu, uşaqla bu barədə necə danışmağın daha düzgün olduğu da izah edilməlidir.

Hesab edirəm ki, bu istiqamətdə ən effektiv model məktəb-ailə əməkdaşlığının davamlı və sistemli qurulmasıdır. Məktəb uşağa rəqəmsal təhlükəsizlik biliklərini verməli, valideyn isə həmin biliklərin gündəlik həyatda tətbiqinə dəstək göstərməlidir. Eyni zamanda, uşaqların fikirlərinin dinlənilməsi də vacibdir. Onlar yalnız qorunmalı tərəf kimi deyil, rəqəmsal mühitdə məsuliyyətli davranışın formalaşdırılmasının fəal iştirakçısı kimi qəbul edilməlidir.

Ümumilikdə, rəqəmsallaşma təhsildən geri qalmaq deyil, əksinə, uşaqları gələcəyin tələblərinə hazırlamaq üçün böyük imkandır. Lakin bu imkan təhlükəsizlik, məsuliyyət və balans prinsipləri ilə müşayiət olunmalıdır. Məktəb, ailə və dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti nəticəsində elə bir rəqəmsal mühit formalaşdırmaq mümkündür ki, uşaq texnologiyanın istifadəçisi olmaqla kifayətlənməsin, eyni zamanda onun imkanlarından təhlükəsiz, şüurlu və faydalı şəkildə istifadə etməyi də bacarsın”.