“Pandemiyaya görə karyeramı yenidən qurdum” – Təhsil krediti ilə yenidən tələbə olan Vəfadar
Bu hekayəmizin qəhrəmanı bir ixtisas seçib, həmin ixtisas üzrə magistratura təhsili alıb, təcrübə toplayıb. Sonra sahibkara çevrilib. Günün birində zamanın keşməkeşinə məruz qalıb işləri durğunlaşanda zamanla ayaqlaşan, hər dövr üçün ayaqda qala bilən işlərin axtarışına başlayıb. Yenidən təhsil almaq barədə düşünüb. Daha keyfiyyətli təhsil almaq istəyib və buna təhsil tələbə krediti ilə nail olub.
“Azərbaycan müəllimi”nin qəhrəmanı Vəfadar Rizvanlıdır. Onun təhsil və karyera yolu tədbirlərin təşkili, turizm sahəsində idarəetmə və ali təhsildə pedaqoji fəaliyyət, keyfiyyət təminatı və təhsil idarəçiliyi kimi müxtəlif istiqamətlər ətrafında formalaşıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiridir.
Müəllim ailəsində doğulub böyüdü
Özü də müəllim ailəsində boya-başa çatıb. Həm atası, həm anası müəllim olduğundan Vəfadar təhsilin içərisində böyüyüb: “Uşaqlıqdan tarix və riyaziyyat fənlərinə xüsusi marağım olub. Tarixə olan marağımın formalaşmasında valideynlərimin tarix müəllimi olması mühüm rol oynayıb. Evdə tez-tez tarix mövzularında müzakirələr aparılıb. Bu sahəyə olan maraq dünyagörüşümün formalaşmasına ciddi təsir göstərib”.
Orta təhsilini Bakı şəhəri Xətai rayonu 48 nömrəli tam orta məktəbdə alan Vəfadar Rizvanlı ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərib. 2008-ci ildə 626 bal toplayaraq Azərbaycan Turizm İnstitutunun “Linqvistika” ixtisasına qəbul olub. Turizm İnstitutunda təhsil almağın avantajlarından yararlanıb. Təhsil müddətində beynəlxalq təhsil imkanlarını dəyərləndirib, Azərbaycan–Avstriya Turizm Proqramı çərçivəsində FH Krems Tətbiqi Elmlər Universitetinin “Turizm və asudə vaxtın idarəolunması” üzrə diplomunu da əldə edib: “Bu proqram mənə beynəlxalq təhsil mühitini tanımaq və fərqli akademik yanaşmaları görmək imkanı verdi”.
İlk magistr təhsilini turizm sahəsində alıb, bu istiqamətdə karyera qurub: “Karyeramın ilk illərində müxtəlif sahələrdə fəaliyyət göstərmişəm. Bu fəaliyyətlərə humanitar yardım layihələrinin idarə olunması, beynəlxalq hərbi təlimlərdə tərcüməçilik, tədbir təşkilatçılığı, turizm idarəolunması və pedaqoji fəaliyyət daxildir. Müxtəlif təcrübələr mənə fərqli sahələrdə işləmək, insanlarla ünsiyyət qurmaq və idarəetmə bacarıqlarımı inkişaf etdirmək imkanı qazandırdı”.
Həm də müəllim oldu
2017-ci ildən müxtəlif ali təhsil müəssisələrində dərs deməyə başlayıb: “Lakin həmin dövrdə təhsil sahəsində fəaliyyətimi daha çox əlavə fəaliyyət kimi qiymətləndirirdim”.
Sahibkara çevrildi
2018-ci ildə sahibkarlıq fəaliyyətinə başlayıb. Turizm sahəsində fəaliyyət göstərən şirkət qurub: “Eyni zamanda Azərbaycan Turizm və Menecment Universitetində pedaqoji fəaliyyət göstərir, həmçinin müxtəlif beynəlxalq və idman tədbirlərində xidmət müqaviləsi əsasında çalışırdım”.
Pandemiya karyera istiqamətini dəyişdi
COVID-19 pandemiyası turizm sektorunda ciddi böhrana səbəb olanda Vəfadar Rizvanlı özünə yeni yol xəritəsi cızıb: “Bu vəziyyət karyera istiqamətim üzərində yenidən düşünməyimə səbəb oldu. Məhz bu dövrdə təhsil sahəsinə daha ciddi və uzunmüddətli perspektivlə baxmağa başladım”.
Yanaşmasını dəyişməklə iş yerini də dəyişib. 2020-ci ildən ADA Universitetində administrativ vəzifə tutub və təxminən 5 il ərzində ali təhsil idarəçiliyi, akademik proseslərin təşkili və universitet mühitində idarəetmə ilə bağlı dəyərli təcrübə qazanıb: “Eyni zamanda başa düşdüm ki, təhsil sahəsində daha sistemli və dərin biliklərə sahib olmaq üçün bu istiqamətdə əlavə akademik təhsil almaq vacibdir”.
Təhsildə keyfiyyətə nail olmaq istədi
Bu məqsədlə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti arasında həyata keçirilən ikili diplom proqramına qəbul olub və ““Təhsilin və insan kapitalının idarəolunması” ixtisası üzrə magistr təhsili alıb: “Bu proqram mənə təhsil siyasəti, idarəçiliyi və ali təhsildə keyfiyyət təminatı kimi sahələrdə beynəlxalq yanaşmaları öyrənmək imkanı verdi. Proqramı 4.0 GPA ilə bitirməyim mənim üçün xüsusi əhəmiyyət kəsb edən akademik nailiyyət oldu”.
Təhsildə Keyfiyyət Təminatı Agentliyində fəaliyyət göstərib: “Agentlikdə Təlim və metodologiya şöbəsində baş məsləhətçi kimi fəaliyyət göstərmişəm. Bu fəaliyyətim məhz ikili diplom proqramında təhsil sahəsində əldə etdiyim akademik biliklərin praktiki tətbiqi baxımından olduqca əhəmiyyətli olub”.
2026-cı ilin yanvar ayından etibarən isə UNEC-də Keyfiyyət təminatı şöbəsinin müdiri vəzifəsində fəaliyyətə başlayıb: “Hesab edirəm ki, indiyə qədər qazandığım akademik və peşəkar təcrübə ali təhsildə keyfiyyət təminatı, universitet idarəçiliyi və beynəlxalq təcrübələrin tətbiqi sahəsində daha səmərəli fəaliyyət göstərməyimə imkan verir”.
Təhsil tələbə krediti ilə təhsil onun da seçimi oldu
Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti arasında həyata keçirilən ikili diplom proqramına qəbul təhsil tələbə krediti ilə tanışlıq imkanı yaradıb.
“Təhsilin və insan kapitalının idarəolunması” ixtisası üzrə təhsil onun ikinci magistratura təhsili olduğu üçün proqrama ödənişli əsaslarla qəbul olunub. Təhsil tələbə krediti mexanizmi barədə məlumatı da elə bu prosesdə əldə edib: “Bu imkan mənə təhsilimi rahat şəkildə davam etdirməyə şərait yaratdı”.
Təhsil tələbə kreditindən ailəliklə yararlandılar
Vəfadar Rizvanlı ailəliklə təhsil kreditindən yararlanan çoxsaylı insanlardan biri olub: “Təhsil tələbə krediti mexanizmi barədə məlumat əldə edəndə bu imkanın tələbələr üçün yaradılmış çox əlverişli bir dəstək olduğunu düşündüm. Buna görə də düşünmədən kredit üçün müraciət etdim. Nəinki mən, həyat yoldaşım da bu imkandan yararlandı. Biz eyni vaxtda MBA təhsili aldığımızdan təhsil haqqı ödənişində çətinliyimiz yaranacaqdı. Odur ki, dövlətin yaratdığı təhsil tələbə krediti imkanından ikimiz də faydalandıq. Düşünürəm ki, olduqca düzgün qərar vermişik”.
Nəticədə hər ikisi təhsilini uğurla başa vurub. Vəfadar Rizvanlının fikrincə, bu uğurun da əsas qaynağı məhz təhsil tələbə kreditidir: “Təhsil tələbə krediti mənə təhsilimi rahat şəkildə davam etdirməyə və bütün diqqətimi akademik fəaliyyətə yönəltməyə imkan verdi. Proqramı yüksək nəticə ilə bitirməyim də məhz bu imkanların verdiyi rahatlıq və motivasiya ilə əlaqəlidir. Kredit şərtlərindən həvəslənərək yüksək akademik nəticələr qazandım və kreditin 25 faizi üzrə güzəşt əldə etdim. Nəticədə kredit ödənişi üzrə faiz tətbiq olunmadı. Bu baxımdan hesab edirəm ki, təhsil tələbə krediti mexanizmi tələbələr üçün çox mühüm bir dəstək vasitəsidir və gənclərin öz potensiallarını reallaşdırmasına real imkan yaradır”.
“Bu imkan mənim akademik və peşəkar inkişafımda mühüm rol oynayıb”
Qəhrəmanımızın fikrincə, bu sistem sayəsində minlərlə tələbə öz potensialını reallaşdırmaq imkanı əldə edir: “Təhsil tələbə krediti mexanizmi haqqında məlumat əldə etdikdən sonra gördüm ki, bu model bir çox inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur və tələbələrə təhsillərini davam etdirmək üçün mühüm imkan yaradır. Azərbaycanda da bu sistemin tətbiqi gənclərin ali təhsilə çıxış imkanlarını genişləndirən çox müsbət bir addımdır. Birmənalı olaraq deyə bilərəm ki, təhsil tələbə krediti sistemi Azərbaycanda ali təhsilin əlçatanlığını artıran çox mühüm sosial mexanizmdir. Bu imkan mənim akademik və peşəkar inkişafımda mühüm rol oynayıb. Bu baxımdan Elm və Təhsil Nazirliyinə və bu mexanizmi həyata keçirən qurumlara tələbələrə belə bir imkan yaratdıqları üçün təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, gələcəkdə də bu kimi təşəbbüslər gənclərin təhsil imkanlarını daha da genişləndirəcək və ölkəmizin insan kapitalının inkişafına böyük töhfə verəcək”.



