“Parla”ya müraciət edənlərin sayı rekord həddə çatıb
Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding” tərəfindən tələbə qızların təhsil və şəxsi inkişafına dəstək məqsədilə həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramına müraciət mərhələsi başa çatıb.
TİF-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, bu il proqrama 2020 tələbə qız müraciət edib. Bu göstərici proqramın tarixində qeydə alınan ən yüksək müraciət sayıdır.
Növbəti mərhələdə namizədlərin təqdim etdiyi məlumatlar və akademik göstəriciləri müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək. Qiymətləndirmənin nəticələrinə əsasən növbəti mərhələyə keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Müsahibə mərhələsində namizədlərin məqsədləri, sosial vəziyyəti, tələbəlik fəaliyyəti və proqramın müəyyən etdiyi digər meyarlar nəzərə alınacaq. Yekun seçim zamanı müsahibədə göstərilən nəticə əsas götürüləcək.
Proqram çərçivəsində 50 tələbə qız seçiləcək və onların hər birinə aylıq 200 manat təqaüd təqdim olunacaq. Bununla yanaşı, iştirakçılar mentorluq, təlim, təcrübə və müxtəlif inkişaf imkanlarından yararlanacaqlar.
Seçim prosesinin növbəti mərhələləri və nəticələri ilə bağlı məlumatlar Təhsilin İnkişafı Fondunun rəsmi kommunikasiya kanalları vasitəsilə paylaşılacaq.




