Peşə hazırlığına cəlb edilənlərin 61%-i qadın olub – Nazir

30 Aprel, 2026 - 15:46
Peşə hazırlığına cəlb edilənlərin 61%-i  qadın olub

Ölkədə məşğul əhalinin 48, muzdla işləyənlərin isə 41%-ni qadınlar təşkil edir.

"Azərbaycan müəllimi" "Report"a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda qadınların əmək bazarına inteqrasiyasının gücləndirilməsi məqsədilə onların aktiv məşğulluq tədbirlərində iştirak payı illər üzrə artmaqdadır:

"2016-cı ildən nazirlik tərəfindən icra edilən Özünüməşğulluq proqramına cəlb olunmuş 113 min nəfərdən 31%-ni (35 min) qadınlar təşkil edir və son illərdə özünüməşğulluq proqramına cəlb olunanların tərkibində qadınların payı daha da artmaqdadır. Təkcə 2026-cı ilin üç ayı ərzində proqrama cəlb olunan 228 nəfərin yarıdan çoxunu qadınlar təşkil edir".

Nazir onu da əlavə edib ki, 2018-ci ildən etibarən, peşə hazırlığına cəlb edilmiş 59 mindən çox şəxsin 61%-ni (36 min nəfər) qadınlar təşkil edib.