Peşə Təhsil Mərkəzində Zənzibar nümayəndə heyəti ilə əməkdaşlıq imkanları müzakirə olunub
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Baku ID" tədbiri çərçivəsində ölkəmizdə səfərdə olan Zənzibarın Təhsil və Peşə Təhsili Nazirliyinin (MoEVT) nümayəndələri və beynəlxalq mütəxəssislər ilə görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə MoEVT-nin Baş katibi cənab Khamis Said, Siyasət, Planlaşdırma və Tədqiqat Departamentinin direktoru cənab Masoud Omar, Zənzibar Təhsil İnstitutunun icraçı direktoru cənab Abdallah Mussa, eləcə də beynəlxalq təhsil məsləhətçisi cənab Henry Kulaya, mühasib xanım Maria, "Aspire Tanzania" şirkətinin baş meneceri cənab George və əməliyyat analitiki xanım Bertha iştirak ediblər. Həmçinin tədbirdə "Aspire Educational Technologies" şirkətinin baş direktoru cənab Rahul D Mello və Azərbaycan üzrə rəhbəri xanım Fidan Abdullayeva da təmsil olunublar.
Müzakirələr zamanı təhsil sahəsində əməkdaşlıq imkanları, peşə təhsili və innovasiyalar istiqamətində təcrübə mübadiləsi, eləcə də gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlara ölkəmizdə bu sahədə görülən işlər barədə ətraflı məlumat verilib.
Görüşün əsas məqsədi beynəlxalq əlaqələrin gücləndirilməsi, təhsil və innovasiya sahəsində qarşılıqlı təcrübə paylaşımının təmin olunmasına töhfə vermək olub.




