Peşə təhsili məzunlarının iş tapma faizi universitet məzunlarından az deyil - Mütəxəssis

2 Sentyabr, 2026 - 14:35
Peşə təhsili məzunlarının iş tapma faizi universitet məzunlarından az deyil - Mütəxəssis

Əmək bazarında peşəkar və ixtisaslı kadrlara tələbatın artdığı, praktiki bacarıqların diplom qədər önəm qazandığı bir dövrdə peşə təhsilinin əhəmiyyəti getdikcə daha çox ön plana çıxır. Buna baxmayaraq, cəmiyyətdə peşə təhsilinə münasibət hələ də birmənalı deyil. Bəzi ailələr övladlarının peşə məktəbində deyil, ali təhsil müəssisəsində oxumasını daha prestijli seçim hesab edir, peşə təhsilini isə alternativ və ya “ikinci seçim” kimi qiymətləndirirlər. Halbuki müasir əmək bazarının reallıqları göstərir ki, uğurlu karyera üçün yalnız ali təhsil deyil, konkret peşə və praktiki bacarıqlar da mühüm rol oynayır.

Bəs peşə təhsilinə qarşı formalaşmış stereotiplərin səbəbi nədir və bu münasibəti dəyişmək üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan təhsil mütəxəssisi Elvin Qəhrəmanov bildirib ki, peşə təhsili sovet dövründə ölkəmizdə ən geniş yayılmış təhsil forması idi:

“Sovet vaxtı ölkə ərazisində təxminən 185 peşə təhsili müəssisəsi var idi. Orada nəinki böyük şəhərlərdən, eyni zamanda regionlardan gənclər gələrək həm peşə təhsili alır, həm də öz həyatlarını qururdular. Təsadüfi deyil ki, Sumqayıt, Mingəçevir, Şirvan (o vaxtkı adı ilə Əli Bayramlı) kimi şəhərlərin əksər əhalisi məhz peşə təhsili üçün gələn gənclər idi.

Sovet İttifaqının dağılması, iqtisadi əlaqələrin zəifləməsi, I Qarabağ müharibəsi ən çox peşə təhsilinə ziyan vurdu. Belə ki, müəssisələr bağlandı, peşə təhsili müəssisələrinin yataqxanalarında məcburi köçkünlər məskunlaşdı, ixtisaslı kadrlar müxtəlif istiqamətlərə yönəldilər. Bu və digər səbəblərdən peşə təhsili zəif, perspektivsiz, az gəlirli sahə kimi görünməyə başladı.

Nəzərə alsaq ki, indiki valideynlərin çoxunun yeniyetməlik və gənclik illəri 1990-cı və 2000-ci illərə təsadüf edib, onların hələ də peşə təhsilinə olan münasibətləri dəyişməyib. Digər tərəfdən, gənclərimizin çoxu “ağ yaxalıqlı” olmaq istəyir ki, peşə təhsili bunu təmin edə bilmir. Bəzi peşə təhsili müəssisələrimizin maddi-texniki bazasının arzuolunan səviyyədə olmaması da gənclərimizin seçiminə müəyyən qədər təsir göstərir”.

Ekspertin sözlərinə görə, 20 aprel 2016-cı ildə Prezidentin 869 nömrəli sərəncamı ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu sahədə əsaslı dönüş yaratdı:

“24 aprel 2018-ci ildə qəbul edilən “Peşə təhsili haqqında” qanundan sonra bir sıra aparıcı müəssisələr öz peşə təhsili müəssisələrini yaratdılar ki, bu da gənclərə stimul oldu. Kifayət qədər gənc, o cümlədən bəzi universitet məzunları da peşə təhsili müəssisələrinə müraciət etdilər. Qeyd etmək istərdim ki, bəzi vətəndaşlarımızın peşə təhsilinə münasibəti birmənalı olmasa da, müasir dövrdə peşə təhsili məzunlarının iş tapma faizi heç də universitet məzunlarından az deyil”.
.