Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Peşə təhsilində müxtəlif müddətli proqramlar təhsilalanların həm konkret peşə bacarıqlarına yiyələnməsinə, həm də nəzəri və praktiki hazırlıq səviyyəsini mərhələli şəkildə artırmasına imkan verir.
Təhsil məsələləri üzrə mütəxəssis Dadaş Şeydayev “Azərbaycan müəllimi”nə bildirib ki, Azərbaycanda peşə təhsili son illərdə təhsil sisteminin mühüm istiqamətlərindən birinə çevrilib və müxtəlif müddətli proqramlar təhsilalanların fərqli ehtiyaclarına uyğun imkanlar yaradır.
"Birillik proqramların əksəriyyəti texniki peşə təhsili səviyyəsi üzrə təşkil olunur. Bu proqramlara həm ümumi orta, həm də tam orta təhsil bazasından qəbul aparılır. Qəbul zamanı əsas meyarlardan biri attestat qiymətlərinin orta göstəricisidir. Təhsil ödənişli və ya dövlət hesabına təşkil oluna bilər”.
D.Şeydayev qeyd edib ki, birillik və ikiillik proqramların əsas üstünlüklərindən biri təhsilalanın konkret peşə üzrə bacarıqlara daha qısa müddətdə yiyələnərək əmək bazarına daha tez çıxmasına şərait yaratmasıdır. Bu xüsusilə dərzi, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, rabitə avadanlıqlarının quraşdırıcısı və digər praktik hazırlıq tələb edən ixtisaslarda özünü göstərir.
Mütəxəssisin fikrincə, dual peşə təhsili praktik hazırlığın gücləndirilməsi baxımından mühüm imkan yaradır:
"Bu modeldə təhsilalan həftənin müəyyən günlərini təhsil müəssisəsində nəzəri hazırlığa, digər günlərini isə işəgötürənin müəssisəsində praktik fəaliyyətə ayırır. Beləliklə, təhsil müddətində nəzəri biliklə yanaşı, real iş mühitində təcrübə də qazanılır.
Bundan əlavə, dual proqramlara qəbul zamanı işəgötürənlərin iştirakı ilə müsahibə mərhələsi də nəzərdə tutula bilər. Bu mərhələdə namizədin seçdiyi ixtisasa marağı, ilkin bilik və bacarıqları, həmçinin həmin sahədə işləmək potensialı qiymətləndirilir. Təhsilalanın hələ təhsil dövründə müəssisədə praktik fəaliyyətə cəlb edilməsi isə sonradan onun məşğulluq imkanlarının genişlənməsinə xidmət edir".
Üçillik və dördillik proqramlardan danışan mütəxəssis əlavə edib ki, bu proqramlarda məqsəd yalnız konkret peşə bacarığının qazandırılması ilə məhdudlaşmır, eyni zamanda daha geniş nəzəri və praktik hazırlığın formalaşdırılmasına diqqət yetirilir. Ümumi orta təhsil bazasından üçillik texniki peşə proqramına qəbul olunan təhsilalanlar peşə hazırlığı ilə yanaşı, tam orta təhsil də alır və proqramı başa vurduqdan sonra müvafiq təhsil sənədləri əldə edirlər.
Onun sözlərinə görə, yüksək peşə təhsili üzrə üçillik və dördillik proqramlar təhsilalanlara daha dərin ixtisas hazırlığı verir. Bu proqramları seçənlər peşə üzrə əmək fəaliyyətinə başlamaqla yanaşı, gələcəkdə təhsillərini növbəti pillədə davam etdirməyi də qarşılarına məqsəd qoya bilərlər.
“Əgər əsas məqsəd konkret bacarığa yiyələnib əmək bazarına daha tez daxil olmaqdırsa, qısamüddətli proqramlar uyğun seçim ola bilər. Daha geniş nəzəri və praktik hazırlıq əldə etmək, gələcək təhsil imkanlarını da nəzərə almaq istəyənlər isə daha uzunmüddətli proqramlara üstünlük verə bilərlər”.
D.Şeydayev hesab edir ki, proqramın müddətindən asılı olmayaraq, peşə təhsilində praktik hazırlıq əsas istiqamətlərdən biri olmalıdır. Təhsilalanların yalnız nəzəri biliklə kifayətlənməməsi, qazandıqları bilik və bacarıqları real iş şəraitində tətbiq etmələri üçün geniş imkan yaradılması vacibdir:
“Praktika və təcrübə hər zaman öz sözünü deyir. Bunun üçün peşəkar müəllimlər, müasir tədris emalatxanaları və siniflər, eləcə də daha effektiv tədris metodları vacibdir. Məqsəd əmək bazarına yalnız nəzəri bilikləri olan deyil, həmin bilikləri praktikada tətbiq edə bilən mütəxəssis hazırlamaqdır”.
Mütəxəssis əlavə edib ki, təhsilalanların müxtəlif müsabiqə, festival və peşəyönümlü layihələrə cəlb edilməsi də onların praktik bacarıqlarının inkişafına müsbət təsir göstərir:
"Geyim dizaynı, texniki ixtisaslar, alternativ enerji və digər istiqamətlər üzrə keçirilən layihə və yarışlar gənclərə öz ideyalarını təqdim etmək, yeni həllər hazırlamaq və qazandıqları bacarıqları nümayiş etdirmək imkanı verir.
Beləliklə, təhsilalan üçün ən uyğun proqram onun şəxsi marağı, seçdiyi peşənin xüsusiyyətləri və gələcək karyera planları nəzərə alınmaqla müəyyənləşdirilməlidir".




