Plastik tullantılarla asfaltın möhkəmliyini 25 faiz artırdı – Məktəblinin ixtirası

7 Aprel, 2026 - 17:34
Plastik tullantılarla asfaltın möhkəmliyini 25 faiz artırdı

Türkiyənin Adana şəhərində orta məktəb şagirdinin plastik tullantılardan istifadə etməklə asfaltın dayanıqlığını artırdığı layihə bir sıra yerli və beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülüb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, layihə ümumilikdə 4 mükafat qazanıb.

Məlumata görə, Bəxtiyar Vahabzadə adına Sosial elmlər liseyinin XI sinif şagirdi Arzu Taştekin plastik tullantıların təkrar emalı yolu ilə alternativ asfalt qarışığı hazırlayıb. Kimya müəllimi Ayşe Ongun Yücenin rəhbərliyi ilə həyata keçirilən layihə çərçivəsində şagird Çukurova Universitetinin laboratoriyalarında təxminən bir il araşdırma aparıb.

Araşdırmalar nəticəsində plastik materialların asfaltın dayanıqlığını 25 faizə qədər artırdığı müəyyən edilib. Layihə çərçivəsində bitum tərkibinə 5 faiz nisbətində plastik tullantılar – plastik taralar (butulkalar), paketlər və məişət vasitələrinin qabları əlavə olunaraq daha möhkəm asfalt əldə edilib.

Arzu Taştekin bildirib ki, layihənin əsas məqsədi plastik tullantıların iqtisadi dövriyyəyə cəlb olunmasıdır. Onun sözlərinə görə, plastik əlavə edilən asfalt daha dayanıqlı olur və yol örtüyünün keyfiyyəti artır. Layihənin gələcəkdə daha da inkişaf etdirilməsi və geniş tətbiqi nəzərdə tutulur.

Plastik tullantılarla asfaltın möhkəmliyini 25 faiz artırdı
Plastik tullantılarla asfaltın möhkəmliyini 25 faiz artırdı