Prezident mükafatçısı: Məqsədim Azərbaycanın beynəlxalq səviyyədə tanınmasına töhfə verməkdir

30 Yanvar, 2026 - 18:47
Prezident mükafatçısı: Məqsədim Azərbaycanın beynəlxalq səviyyədə tanınmasına töhfə verməkdir

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gəncə 2026-cı il Gənclər üçün Prezident mükafatı verilib. Onlardan biri də gənc alim Mahmud İsmayılovdur. 

"Azərbaycan müəllimi" elmi-tədqiqatları ilə seçilməyi bacaran gənci oxucularına təqdim edir. 

Mahmud Azər oğlu İsmayılov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexanika kafedrasında müəllim işləyir. Eyni zamanda “Maşınlar, avadanlıqlar və proseslər” ixtisası üzrə doktorantdır. O, universitetin SABAH qruplarında "Mexanika mühəndisliyi" ixtisası üzrə bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirib.

Qeyd edir ki, hazırda dənizdə üzən külək turbin platformalarının layihələndirilməsi sahəsində elmi-tədqiqat aparır: "2020–2021-ci illərdə sənayedə mühəndis kimi çalışmışam. Sonradan 2023–2025-ci illərdə Vorvik Universiteti (University of Warwick) ilə birgə ikili diplom proqramında və bir sıra beynəlxalq tədris layihələrində müəllim kimi fəaliyyət göstərmişəm. Hazırda bərpa olunan enerji, üzən külək turbinləri, mexaniki sistemlərin möhkəmliyi və sonlu elementlər analizi sahələrində tədqiqatlar aparıram".

Mahmud İsmayılov həmçinin "TEKNOFEST Azərbaycan robototexnika" yarışının qalibi, IDDA & KOICA proqramının ən yaxşı təlimçisi, 13 elmi məqalə müəllifidir. NATO SPS beynəlxalq qrant layihəsində iştirak edib, hazırda isə biomimetik, damla formalı üzən külək platforması üzrə beynəlxalq tədqiqat qrantına rəhbərlik edir:

"Gələcək əsas hədəfim elmə töhfə vermək, bərpa olunan enerji sahəsində innovativ və praktik həllər yaratmaqdır. Xüsusilə dənizdə üzən külək turbinləri üçün daha dayanıqlı və səmərəli platformaların layihəsi üzərində çalışaraq bu ideyaları patent və real sənaye tətbiqlərinə çevirmək istəyirəm. Məqsədim Azərbaycanın bu sahədə beynəlxalq səviyyədə tanınmasına töhfə vermək, güclü elmi məktəb formalaşdırmaq və gənc mühəndislərin yetişməsinə dəstək olmaqdır", - deyə gənc tədqiqatçı bildirib.